Azərbaycan İnformasiya Agentliyi (AİA)


Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində metro tikiləcək


Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində metro tikiləcək

Bakı Metropolitenin üçüncü xəttində (Bənövşəyi xətt) yaxın illərdə daha 3 stansiyanın açılması planlaşdırılır. Bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib. T.Əhmədovun sözlərinə görə, gələn il bu xətdə "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının istismara verilməsi planlaşdırılır və onların davamı olaraq Papanin küçəsində daha bir stansiyanın (şərti olaraq "B3" adlı) inşasına başlanılıb. "B3"ün davamı olaraq Heydər Əliyev adına İdman-Sərgi Kompleksinin yanında ("B4"), daha sonra Heydər Əliyev Sarayının arxasında, habelə "Həzi Aslanov-2" və onun davamı olaraq Köhnə Günəşli və Yeni Günəşli qəsəbələri istiqamətində işlər gedir", - deyə müəssisə rəhbəri qeyd edib. "Gələn il iki stansiyanı istismara verəcəyik. Hazırda tunel qazan maşınlardan istifadə olunur və onların məhsuldarlığı çox yüksəkdir. Ümumiyyətlə, 2030-cu ilədək Bakı Metropolitenində 73 stansiya və 119 km tunelin istifadəyə verilməsi nəzərdə tutulub", - deyə T.Əhmədov bildirib.
Hazırda Bakı Metropoliteninin inkişafı çərçivəsində əsas məqsəd və vəzifə Bakının yollarında gərginliyin azaldılmasıdır. Bu barədə cümə günü jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov Sumqayıt şəhərində metro tikintisi barədə sualı cavablandırarkən bildirib. Onun sözlərinə görə, metro şəhər nəqliyyatıdır və perspektivdə Sumqayıt, Gəncə və Naxçıvan kimi iri şəhərlərdə də tikilərək inkişaf etdiriləcək. Şəhərlər arasında metro xətlərinin birləşdirilməsi məsələsi isə nəzərdə tutulmayıb. T.Əhmədov deyib ki, əsas məqsəd paytaxtda trafikin azaldılmasıdır və ona görə də metro xətlərinin şəhər ətrafına çıxmadan, şəhərin hüdudları daxilində inkişafı üzrə işlər aparılır.
Bakı Metropoliteni Sumqayıt şəhərinə metro xətti çəkməyi planlaşdırmır. Bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bəyan edib: "Sumqayıt ayrıca şəhərdir və onun ayrıca metrosu olmalıdır".
T.Əhmədov deyib ki, hazırda əsas məqsəd Bakı şəhərində nəqliyyatdakı sıxlığı aradan qaldırmaqdır: "Amma gələcəkdə Gəncədə də, Naxçıvanda da, bir sözlə, böyük şəhərlərimizdə ayrıca metropoliten olacaq".

Aydın, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)