Azərbaycan İnformasiya Agentliyi (AİA)


SƏHİYYƏ NAZİRLİYİ XƏSTƏLƏRƏ MƏHDUDİYYƏT QOYUR


SƏHİYYƏ NAZİRLİYİ XƏSTƏLƏRƏ MƏHDUDİYYƏT QOYUR

Regionlarda normal xəstəxana və həkimlər olsa, xəstələr xərc və əziyyət çəkib Bakıya gələrmi?


Səhiyyə Nazirliyinin göstərişilə aprel ayından Azərbaycanda vətəndaşların xəstəxanalara qəbulu yeni qaydada həyata keçirilir. Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev deyib ki, hələ sovet dövründən vətəndaşların böyük və klinik xəstəxanalara qəbulu məhz göndərişlər əsasında həyata keçirilirdi.

Bunun təcili və təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan xəstələrə aid olmadığını deyən Y.Əliyev qeyd edib ki, bu ənənə hələ də davam etdirilir: “Son illərdə bütün rayonlarda mərkəzi xəstəxanaların əsaslı təmiri, ən müasirÿ avadanlıqlar, kadrlarla təchiz edilməsi, bölgələrdə böyük diaqnostika mərkəzlərinin açılması, burada hətta kompüter tomoqrafiya, MRT müayinələrinin aparılması əsas verdi ki, bu qaydalarıÿbir qədər də ciddi şəkildə yerinə yetirək. Bunun nəticəsində bütün respublikada əhalinin şəhərə axın etməsinin qarşısı alınacaq. Əhali rayonlarda ən yüksək səviyyədə müalicə və müayinə oluna bilər. Təbii ki, elə müayinələr var ona görə mərkəzə gəlmək lazımdır. Məsələn ürəyin anjioqrafiyaÿmüayinəsi və digər müayinələr məhz mərkəzi xəstəxanalarda aparılır. Lakin bütün digər hallarda xəstələr rayonlarda müayinə edilərək ilkin diaqnoz qoyulduqdan sonra mərkəzi xəstəxanalara müalicə üçün göndəriş əsasında gələ bilərlər”.

Y.Əliyev vurğulayıb ki, Bakıda bütün xəstəxanalar təmir edilib, avadanlıqlarla təchiz olunub, burada yüksək səviyyəli mütəxəssislər çalışır.ÿOnun sözlərinə görə, Bakıda belə xəstələrin ilkin müayinəsi və müalicəsi ərazi prinsipi üzrə poliklinikalarda aparılmalıdır: “Əgər hər hansı xəstənin stasionar müalicəyə ehtiyacı varsa, göndəriş əsasında ərazi üzrə xəstəxanaya yerləşdirilir. Bu gün bu göstəriş tam yerinə yetirilir. Hər xəstəxana özünə aid xəstələri qəbul edir ki, xəstələr saatlarla mütəxəssislərin qapısının ağzında gözləməsin. Ötən ay bu məsələ ilə bağlı nazirlik tərəfindən göstəriş verilib. Hər bir xəstəxanaya tapşırılıb ki, xəstə qəbulu qaydalarında güzəştlər olunmasın və hər bir xəstənin müayinə və müalicəsi qeydiyyatı üzrə aparılsın. Ötən aydan bu iş bir qədər də ciddiləşib”.

Tibb sahəsi üzrə ekspert Rasif Bağırov isə deyir ki, insanların məcburi qaydada harasa yönləndirilməsi səhiyyə haqqında qanuna, xəstənin öz həkimi və müalicə müəssisəsini sərbəst şəkildə seçməsilə bağlı hüquqlara ziddir. Ekspert paytaxtda xəstələrin sayının kifayət qədər çox olduğunu, bu sahədə problemlər yaşandığını desə də, insanları məcburi qaydada harasa yönləndirməklə bunun həllini düzgün hesab etmir: “Rayonlardan bəzi analizlər Bakıya gətiriləndə çox vaxt təkrar analizlərdə fərqli nəticələr əldə olunur. Rayondan paytaxta gələn xəstə burdakı xərclərini də nəzərə alır. O, bura heç də kefindən gəlmir. Həmin xəstələrin Bakıya gəlməsinin qarşısını almaq qaydaları sərtləşdirməklə olsa, təbii ki, Irana və başqa ölkələrə gedənlərin sayı artacaq. Xəstə müalicə almaq üçün ən yaxşı müalicə müəssisələrini seçmək istəyir. Ona görə də belə bir qərarın verilməsi düzgün deyil. Bu, inzibati qaydada bəzi məsələlərin qarşısını alsa da, xəstələrə ümumilikdə xeyir verməyəcək”.



0 0



Şərhlər (Facebook)