Главная > Cəmiyyət > Cahilliyin bağçası...

Cahilliyin bağçası...


14 14 2018. Разместил: vetenazerbaycan

Bir-iki gündür, müşahidə edirəm. Bu qədər absurd hadisə başqa ölkədə baş verə bilməzdi yəqin. Baş versəydi də Allah bilir, nələr olardı ardıyca. Ortada o boyda bağça var. Özəl müəssisədir. Şəxsi biznes strukturudur. Amma müdirindən başqa heç kimə aid deyil. Heç kimə bağlılığı yoxdur. Kimsə onun fəaliyyətinə rəsmi lisenziya verməyib. Adı bir nazirliyin dəftərxanasındakı qaralama bloknotun küncünə belə yazılmayıb, amma var. Ucqarda da deyil. Düz gözümüzün önündə, ağzımızın içində, paytaxtda, Bakıdadır. Hamı deyir biz bilmirik. Mətbuat, adamlar, bəlkə desən dövlət də girinc qalıb. Yaxşı biz gedib kimin boğazından tutaq və deyək: Sənsən müqəssir. O üzdən indi həmin bağçada müəllimin uşaqları döyməsi qədər, “Axı bu bağça hansı şərtlərdə açılıb? Kimindir? Arxasında kim var?”, sualları da aktualdır.

Təhsil Nazirliyinin balansında olmadığından nazirlik ümumiyyətlə, bağçaların işinə qarışmır. Halbuki, ölkənin təhsil siyasətini həyata keçirən dövlət qurumu kimi bağçaların işi ilə elə bu dövlət qurumu məşğul olmalıdır. Ən azından üstünə gediləcək adamı və qurumu olacaqdı onda dövlətin də, insanların da. İndi isə yoxdur. Hamı bilmirik deyir. Meriya deyir biz bağçanın ancaq yeməyini veririk. Mən də deyirəm ki, ömür boyu azərbaycanlının başının bəlası qarnının başından uca tutulmasında olub. Yaxşı qarnı doymuş uşağın başını kim doldurur? Məlum deyil? Müzakirə üçün də açıq mövzu deyil, amma ciddi və təhlükəli məsələdir.

Qaldi, bu bağça haqda nəsə bilinməməsinə, siz bilmirsinizsə mütləq sanepidemstansiya bilməlidir. Onlar da bilmirsə, ərazisindəki obyektləri bir-bir tanıyan sahə müvəkkili bilməlidir. O da bilmirsə, binaların təhlükəsizliyinə baxan FHN var, o bilsin. Lənət şeytana, heç olmasa Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi desin ki, biz eşitmişik. Bağrımız çatladı ki!..

Qardaş, bu məmləkətdəki o boyda obyektin kimin olmasını kimsə bilsin, başqa variant yoxdur. Bilməlisiniz! Bu bilinmirsə onda bizim ölkə və dövlət olaraq nəliyimiz, kimliyimiz və nəylə məşğul olmağımız müzakirə edilsin. Bu qədər ağ eləmək olmaz, vallah. “Biz bilmirik” deməklə, can qurtarmaz. Hə, bu ayrı məsələdir ki, əslində hamı bilir, kimsə birinci deyib-danışmaq istəmir. Onda birləşin danışın. Yoxsa biz, elə siz də o oğruya minnətdar olacağıq. Həmin bağçadan ərzaq oğurladığı üçün qovulan, heyif çıxmaq üçün uşaq döymə kadrlarını yayan oğru-müəllimi deyrəm. Hə, yeri gəlmişkən, indi də bir maraqlı hadisə baş verib. Bilməyənlər bilsin. Bağça müəllimlərini infeksion xəstəliklərlə bağlı ciddi müayinələrə yollayırlar. Araşdırıb öyrənə bildiyim bu oldu ki, Bakı şəhərindəki bağçalardan birində narkotik vasitə istifadə edən müəllim aşkarlandığı üçün bu addım atılıb. Alqışlanandır. Amma zamanında eləmək lazım idi. Bu çağacan sağlamlıq kartlarını doldurub, rəfə düzmək lazım deyildi. Yəni hər şeyi son həddə çatdırıb da addım atmağı tərgitməliyik. Bağçaları viran günə qoyandan sonra dövlətə, yaxşı mütəxəssis olan adamlara problemlər yaratmayaq. Viran qalmış məkan olsa belə, bəlkə də qəti qərarın vaxtıdır. Bağçaları Təhsil Nazirliyinin balansına geri qaytarmağın yəni. Amma bu sual da var ki, görəsən, nazirlik viran bir sistemi geri istəyəcəkmi?...

Bir də o bağçada döyülüb evə gələn uşaqların valideynlərinə sözüm var. Məsuliyyətsiz, psixoloji problemli müəllimlər var, kimsə danmır. Amma onlar həm də o üzdən var ki, eyni qüsurlarla siz varsınız. Uşağının durumunu anlamayan, anlamaq istəməyən, valideyn. Sözünü deyə bilməyən, haqqını tələb etməkdən qorxacaq qədər cahil vətəndaş. Ən dəhşətlisi də odur ki, bizim cahilliyimiz savadsızlığa bağlı deyil, dünya görüşümüzə bağlıdır. Biz savadlı cahillərik. O qədər savadlı və o qədər cahil ki, “məni danışdırma, döyülən uşaqlardan biri mənimdir, hamı bilər, ayıb olar bizə” deməyə belə, utanmırıq...

Jalə Mütəllimova
Вернуться назад