Azərbaycan İnformasiya Agentliyi (AİA)


Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçirilib


 Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçirilib
Dekabrın 9-da Brüsseldə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçirilib. Məlumata görə, Avropa İttifaqını xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Ketrin Eşton adından Litvanın xarici işlər naziri Linas Antanas Linkeviçius və Genişlənmə məsələləri və Şərq Tərəfdaşlığı üzrə avrokomissar Ştefan Füle, Azərbaycan tərəfini isə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil ediblər. Görüş zamanı Azərbaycanda siyasi və iqtisadi islahatlar, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Strateji Modernizasiya Tərəfdaşlığı və Assosiasiya Sazişi ilə bağlı danışıqlar, eləcə də enerji sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Hər iki tərəf Strateji Modernizasiya Tərəfdaşlığı və Assosiasiya Sazişi ilə bağlı danışıqların inkişafından razılıqlarını bildiriblər. Avrokomissar Ştefan Füle Azərbaycanın ÜTT-na üzvlüklə bağlı işləri gücləndirəcəyinə ümid etdiyini deyib.Bununla yanaşı, Avropa İttifaqı nümayəndələri öz üzərilərinə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal iştirakı üçün zəruri dəstəyin verilməsi və sülh quruculuğu layihələrinə xüsusi diqqətin ayrılması öhdəliyini götürüblər. Bundan başqa, Avropa İttifaqı və Azərbaycan nümayəndələri enerji sahəsində qarşılıqlı öhdəliklərinə sadiqlik ifadə edərək, 2013-cü ilin dekabrın 17-də Şahdəniz II konsorsiumunun yekun sərmayə qərarının imzalanmasını gözlədiklərini bildiriblər. Hər iki tərəf Cənub Dəhlizinin əhəmiyyətini və onun Avropanın enerji təhlükəsizliyinə, həmçinin Xəzər dənizindən Avropaya qazın təhlükəsiz nəql olunmasına verəcəyi töhvəni vurğulayıb. Görüşdən sonra keçirilən mətbuat konfransında avrokomissar Ştefan Füle bildirib: “Viza rejiminin sadələşdirilməsi sazişi və Mobillik Naminə Tərəfdaşlığa dair Birgə Bəyanat imzalanıb. Bu razılaşmalar gələn ilin əvvəlində imzalanacaq Readmissiya Sazişi ilə birlikdə əməkdaşlığımızın əsas göstəricisi olan insanlararası münasibətləri daha da möhkəmləndirəcək.” “Biz bu əməkdaşlığı bütün səviyyələrdə gücləndirmək istəyirik. Assosiasiya Sazişi və Strateji Modernizasiya Tərəfdaşlığı ilə bağlı danışıqlar davam edir. Biz danışıqlar prosesini tezləşdirmək niyyətindəyik.”


0 0



Şərhlər (Facebook)