Azərbaycan İnformasiya Agentliyi (AİA)


Kürd koalisiyasının keçmiş sözçüsü Ankaraya ABŞ-a qarşı kompromat verdi


Talal Sülo Amerika silahlarının PKK-ya getdiyini deyir; onun açıqlamaları Vaşinqtona qarşı Ankaranın əlinə ciddi arqument verə bilər

“Demokratik Suriya Qüvvələri” qruplaşmasının sabiq sözçüsü Talal Sülo ABŞ-ın kürdlərə silah yardımları barədə şok sayıla biləcək açıqlamalar verib. Noyabrın 15-də SDQ-dən qaçan Sülo Cerablusdakı “Azad Suriya Ordusu” mövqelərinə sığınıb. Ancaq məlum olub ki, Sülonun qaçışı əvvəlcədən planlaşdırılıb, o özü ASO ilə danışıb və zəmanət alıb.

Suriyanın şimalında hazırda əsas silahlı güc olan və Suriyada hökumətdən sonra ən böyük əraziyə nəzarət edən əsasən kürdlərdən (PYD/YPG) təşkil olunmuş SDQ-nin sözçüsü olmuş Sülo çox şeylər bilir. Xüsusən də Amerikanın kürdləri silahlandırması, mövcud planlar, həyata keçirilmiş əməliyyatlar barədə ən məlumatlı şəxslərdən biri də Sülodur. Bu səbəbdən də onun qaçışının planlı olduğu ehtimal edilir.

Türkiyənin "Anadolu" agentliyinin müxbirinə geniş müsahibə verən Talal Sülo SDQ-yə qoşulmasından tutmuş, Amerika silahlarına qədər hər şeydən danışıb. Daha əvvəl Afrin bölgəsində fəaliyyət göstərdiyini deyən Sülo sonradan YPG-nin dəvəti ilə “İnqilabçılar Ordusu” qruplaşmasına qoşulub. Afrindəki PKK regional komandanı Hacı Əhməd Hudronun bölgədə yeni qruplaşmanın qurucusu olduğunu deyən Sülo 2015-ci ildən bu qrupun tərkibində olduğunu bildirib.

Onu da qeyd edib ki, ABŞ SDQ adı ilə YPG-yə ilk silah yardımını 2015-ci il 10 oktyabrda edib. Talal Sülo deyib ki, əslində SDQ qoruyucu addır, hər şey YPG-nin, yəni kürdlərin əlindədir: “Bu, sadəcə, bir addan başqa bir şey deyil. Biz maaş da daxil olmaqla, hər şeyi YPG-dən alırdıq. SDQ-nin qurulmasının səbəbkarı ABŞ-dır. Amerika kürdlərə silah vermək istəyirdi, bunun üçün də SDQ quruldu. ABŞ əsas liderliyi kürdlərə və PKK-ya verdi. Terrorla mübarizədən danışırlar, ancaq ABŞ rəsmiləri ilə Şahin Cilo (YPG komandanı) anlaşma əsasında İŞİD qaçaqçılığı edir. SDQ üzərindən yerli xalq üzərində təsir yaratmaq istədilər. SDQ-ni terrorla mübarizə aparan, azadlıq gətirən güc olaraq təqdim etdilər, ancaq bunlara görə evlər dağıldı, xalq köçürüldü”.
T.Sülonun sözlərinə görə, kağız üzərində Amerika silahları digər etnik qruplardan olanlara təhvil verilsə də, əslində bütün silahlar kürd terrorçular tərəfindən alınır və gizli yerlərə daşınırmış. Əsas silahlar kürdlərdə olub, ərəb, türkmən və süryanilərə isə yalnız yüngül silahlar verilib. Sülo onu da deyib ki, amerikalılar verilən silahların kimlərə və hara getməsi ilə maraqlanmır. Sülo bildirib ki, Obama zamanında onlara daha çox işlənmiş və məhdud sayda silah göndərildiyi halda, Tramp gəldikdən sonra yeni silahlar göndərilib və silah yardımının həcmi sürətlə artıb. Hətta Tramp zamanında zirehli texnika verilməyə başlayıb.

O, YPGN-nin PKK ilə bağlarından da danışıb. Sitat: “Cilo lider olsa da, ondan üstdə də lider var. Bu şəxs Bahoz Ərdal (əsl adı Fehman Hüseyndir, Suriya kürdüdür) idi. Bahoz isə təlimatları Qəndildəki əsas komandirdən, yəni Sabri Okdan alırdı. Daha sonra Bahoz Qəndilə göndərildi və onu Nurəddin Sofi əvəz eləməyə başladı”.

Talal Sülo PYD-nin daha öncəki lideri Saleh Müslimin təşkilat içərisində ciddi nüfuzu olmadığını, PKK-nın onun adından istifadə etdiyini deyib. Hətta kürd muxtariyyəti elan olunan zaman Salehin 7-ci sırada əyləşdirildiyini qeyd edib.

Talal Sülo dəqiq rəqəmlər açıqlamasa da, hazırda SDQ-nin 50 minə yaxın döyüşçüsü olduğunu söyləyib. Bunların içərisində qadınlar da var. Bu qüvvələrin 70 faizə qədərini YPG və YPJ (qadın batalyonları) təşkil edir. Əsgərlərin 170-200 dollar arası maaş aldığını, liderlərin isə əsasən qaçaqmalçılıqdan pul qazandığını bildirib.
Qeyd edək ki, Talal Sülo türkmən əsillidir. Daha əvvəl Suriyanın şimalında silahlı üsyançı qrupa rəhbərlik edib. İki ilə yaxın SDQ-nin üzvü və rəsmi sözçüsü olub. Ehtimal ki, Sülonun SDQ-dən ayrılması planlaşdırılmış əməliyyat olub və açıqlamalarından da göründüyü kimi, bu planın hədəfi PKK ilə Amerika arasında əlaqələri ifşa etmək məqsədi daşıyır. Bu açıqlamalardan da göründüyü kimi, amerikalılar Suriyanın şimalında heç də “təmiz oynamırlar”, İŞİD-ə qarşı silahlandırılan SDQ-nin arxasında PKK-nın dayanmasından narahat deyillər.

Bu isə Ankara üçün ciddi həyəcan təbili çalmağa əsas verir. Çünki təkcə may ayından bu yana ABŞ hökuməti İŞİD-ə qarşı mübarizə məqsədilə SDQ-yə, yəni həm də kürd separatçılarına 300 milyon dollarlıq silah və sursat hədiyyə edib. Bu yardıma snayper tüfənglərdən tutmuş ağır zirehli maşınlara qədər müxtəlif silah və texnika daxildir.

Görünür, məhz bundan sonra Vaşinqton geri çəkilib, prezident Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı kürdlərə silah yardımını dayandıracağına söz verib. Ancaq əgər Sülonun əlində yetərli dəlil-sübutlar olarsa, Ankara bu məsələni Vaşinqtona qarşı istifadə etməyə çalışacaq. Türkiyə ictimai rəyində Vaşinqtonun onsuz da mənfi olan imici daha da zədələnəcək.

Kənan RÖVŞƏNOĞLU


0 0



Şərhlər (Facebook)