Azərbaycan İnformasiya Agentliyi (AİA)


Əsədin təcavüzünə uğrayan qadınlardan – Tükürpərdən etiraflar


Suriyada qadınlar 7 ildir davam edən daxili müharibədən böyük əziyyətlər görürlər. Suriya İnsan Haqları Təşkilatı hazırda ölkədəki həbsxanalarda azı 8633 qadının olduğunu açıqlayıb.

Azerbaycaninfoaz xarici mediaya istinadla xəbər verir ki, onlardan 7 mini Bəşər Əsəd rejiminin nəzarətindəki həbsxanalarda saxlanılır.

Əsədin nəzarətindəki həbsxanalarda saxlanılan 864 qadın və yaşı 18-dən az olan 432 qıza təcavüz olunduğu iddia edilib.

Ancaq həqiqi rəqəmlərin bundan qat-qat çox olduğu bildirilir. Çünki saxlanılan qadınların bir çoxları heç bir əsas göstərilmədən həbsxanalara aparılıb.

9-cu sinifdə oxuyan qıza 6 kişi təcavüz etdi


Şərqi Quta bölgəsində yaşayan Um Məhəmməd çadrasını taxaraq, 2012-ci ildə səhər saatlarında işə getdiyi vaxtda rejim qüvvələri tərəfindən saxlanılıb və polis bölməsinə aparılaraq döyülüb.

3 dəfə dindirildikdən sonra 7 qadınla birlikdə bir otağa salınıb. Çadraları zorla çıxarılıb.

Um Məhəmməd olanları belə danışıb:

“Hamımızın üzündən qorxu yağırdı. Aramızda 9-cu sinifdə oxuyan qız da vardı. Ona bizim gözlərimiz önündə 6 kişi təcavüz etdi. Həmin qız dindar ailədən idi. Sonra onu başqa yerə apardılar və geri dönmədi. Əgər sağ olsaydı, geri dönərdi”.

55 yaşlı qadına da…

Çadrasının çıxarılmasına etiraz edən Um Məhəmməd bu səbəbdən işgəncəyə məruz qaldığını bildirib:

“Hamının gözləri önündə mənə təcavüz etdilər. Hətta yanımdakı 55 yaşlı qadını da məni qorumaq istədiyi üçün zorladılar. Saxlanıldıqdan 5-6 gün sonra təkadamlıq kameralara aparıldıq. 2,5 ay orada qaldıq. Hər 10 gündən bir çörək və bir az pendir verirdilər. Aradabir kimsə gəlir və huşum gedənə qədər məni döyürdü. Qadınlarla demək olar ki, hər gün təcavüz edirdilər. İşgəncə və nalə səsləri hələ də qulağımdan getmir”.

Um Məhəmməd həbsxanadan çıxdıqdan sonra ailəsi tərəfindən rədd edildiyini, əmisi oğlu ilə evləndiyini və zorlandığını bildikdən sonra həyat yoldaşının onu atdığını deyib.

Hər dəfə vuranda yerə yıxılırdım

Rejim həbsxanasında işgəncə görən hamalı iki uşaq anası Sayha Barudayi də həyat yoldaşı ilə birlikdə Livanın paytaxtı Beyruta gedəndə nəzarət məntəqəsində saxlanıldığını bildirib.

Barudayi “terrora yardım” ittihamı ilə 4 saat dindirildiyini və işgəncəyə məruz qaldığını deyib:
“Hər dəfə məni vuranda yerə yıxılırdım, ancaq qaldırıb yenə vururdular. 48 saat sonra bir dilim çörək verdilər. Burada bir qanun var. Ya ittihamları qəbul edəcəksən, ya da dirənəcəksən. Mən dirənməyi seçdim. Mənimlə bir otaqda saxlanılan 3 qadın da bu yolu seçmişdilər. 8 saat gözüm, əllərim və ayaqlarımı bağlı saxlamışdılar. Mənə müxtəlif cür işgəncələr verirdilər. Əllərimdən asılı saxlayırdılar. Özümdən gedəndə isə cərəyan buraxılmış suya salırdılar. Bizi 66 nəfərlə birlikdə Homs həbsxanasına apardılar. Oradan isə Banon cəza evinə aparıldıq. Siyahıda adım olmadığı üçün mənə yemək vermirdilər. Oradakı qadınlar mənimlə yeməyini bölüşdülər. Onlar məndən Suriyada nələrin baş verdiyini soruşdular. Elə bil ki, Əsədin nə vaxtsa devriləcəyinə və azadlığa çıxacaqlarına inanırdılar. 2 həftə burada qaldıqdan sonra mənə bəraət verildi”.

Bütün məhəllənin qarşısında…

Əsəd rejiminin həbsxanasında təcavüzə uğrayan 24 yaşlı hamalı Məryəmin isə 4 uşağı var. O, müharibə başladıqdan sonra könüllü sürətdə Hamada yaralıların müalicəsi ilə məşğul olub. Məryəm rejim qüvvələrinin Hamaya girməsindən sonra saxlanılıb:

“Ərim kənd təsərrüfatı ilə məşğul idi. Onu tutmuşdular və dindirilmə zamanı məni soruşublar. Bu vaxt dostlarım mənə qaç dedilər, amma mən uşaqlarımı ata bilməzdim. Uşaqlarımla birlikdə sübh tezdən valideynlərimin yanına gəldim. Bu zaman bir neçə əsgər evin qapısını qıraraq, məni tutdular. Məni məhəllə boyu sürüdülər. Mənimlə birlikdə 4 qızı da zirehli avtomobilə mindirib polis bölməsinə gətirdilər. Bizə “terrorçu” deyirdilər. Süleyman adında komandirin otağına gətirildik. Onun burada iki otağı vardı. Arxa otaq təcavüz üçün idi. Gözəl qızları seçib ora aparırdılar. Təcavüzə uğrayan qızlardan biri hamilə qaldı. 6 aylığında uşağı oldu. Anasının gözləri önündə silahla körpənin başından vurdular. Oradakı qızlara səhər işgəncə verir, axşam təcavüz edirdilər”.

Rəcəb Tayyib Ərdoğana səslənirəm

Məryəm bildirib ki, həbsdən çıxandan sonra gözləmədiyi reaksiyalarla qarşılaşıb:

“Hamı mənə təcavüzə uğramış, pozğun qadın kimi baxırdı. Hər yerdə təhqirə məruz qalırdım. Həyat yoldaşım buna görə məndən boşandı. Bütün ailəm məndən üz döndərdi. Qardaşlarım məni ölümlə təhdid etdi.

Səsimi eşitdirmək üçün sadəcə atam Rəcəb Tayyib Ərdoğana səslənirəm. Hamı səsimi eşitsin! Ərdoğan azadlığa buraxılan qadınlara yardım etsin!..”


0 0



Şərhlər (Facebook)