Azərbaycan İnformasiya Agentliyi (AİA)


ÖZÜMÜ AĞLAYIRDIM


Ötərxan Eltac
ÖZÜMÜ AĞLAYIRDIM
















ÖZÜMÜ AĞLAYIRDIM

Çantasını çiyninə aşırıb yola düşdü. Hətta tələsdiyindən bəzi lazımi yol əşyalarını götürə bilmədi. Yol boyu gah özünü qınadı, gah da sürücünü: “Niyə sürəti artırmır görəsən, elə bil kefə gedir, belə getsə vaxtında çata bilməyəcəyəm” düşünsə də tələskənliyinin mahiyyətinin anlamırdı. Amma tələsirdi. Onsuz da bir gündən sonra başlayacaqdı tədbir. Nə isə...
Nəhayət ki, sürücü tövrünü pozmadan mənzil başına – Naxçıvana çatdı. Heç elə bil vecinə deyildi ki, təyin olunan vaxtdan xeyli gecikib. Bu da hər kəsi yaxşıca qıcıqlandırmışdı yol boyu.
Hələ buradan o tərəfə xeyli yolu vardı Vüqarın. Şərur - Ümid körpüsü, daha sonra isə dağların zirvəsini dolanan uzun-uzadı rahat, narahat yollar... İğdır, Qars, Ərzurum.
Vüqar çantasını baqaja yerləşdirib taksiyə əyləşdi. Üç nəfərlik yer boş olduğu üçün gözləməyə məcbur idi. Dəqiqələr sürətlə ötür, Vüqarın səbri daralırdı. Elə bu an idamançı görkəmində hündürboy, enlikürək, başıqırxıq bir nəfər taksiyə yaxınlaşdı. Bayaqdan bəri İğdır, İğdır haraylayan, bir an belə dil qatlamayan ağsaqqal sürücü bir uşaq cəldliyi ilə müştərinin qabağına yüyürdü.
İdmançı:
– Əmi, biz tələsirik, yerin varsa gedək!
Müştəri bolluğuna düşən sürücü ağzı sulana-sulana dilləndi:
- Oğul, siz dörd nəfərsiniz, məndə isə üç yer boşdur.
Pezəvəng idmançı qarşıda əyləşən Vüqara yaxınlaşdı. Saymazyana halda:
- Ə, hara gedirsən?
Vüqar da elə idmançının dili ilə cavab verdi:
- Sənə nə dəxli var, hara gedəcəyimin hesabatınımı verməliyəm?!
- Sən düş, biz dörd nəfərik, həm də tələsirik!
- Mən də tələsirəm! – Vüqar israr etdi.
Pezəvəng bir əli ilə Vüqarın çiynindən yapışıb necə dartdısa, az qala oturacaq yerindən qopacaqdı. Vüqarın inad etməsi yersiz idi. Çünki dörd idmançının qarşısında meydan sulamaq, haqdan, ədalətdən danışmaq işə yaramırdı. Bir-birindən hündür digər boynudönməz idmançılar cəld taksiyə əyləşib “sür” dedilər. Vüqar taksinin dalınca baxa-baxa yalnız “alçaqlar, alçaqlar” deyə bildi. Əsəbindən özünü güclə cilovlayan Vüqar digər taksiyə əyləşməyə məcbur oldu. Halı özündə deyildi. Sanki hara gedəcəyini də unutmuşdu. Əsəbindən dişlərini gəmirir, dörd pezəvəngin qarşısında heç nə edə bilməyəcəyini düşünüb özünü o ki var danlayırdı.
Sürücü soruşdu:
- Oğul, elə bil dünyanın dərdi çöküb çiyninə, axı niyə susmusan?
Vüqar sürücünün cavabını ürəyindəcə verdi:
- Vallah mənim gördüklərimi sən görsəydin, ürəyin partlayardı.
Sürücü yenə dilləndi:
-Ay oğul, hara gedirsən, barı dillənsənə?
Vüqar ağır-ağır başını qaldırıb saçı yenicə çallaşmış sürücünü başdan ayağa süzdü.
- Eh, ay əmi, hara sürürsən sür, - dedi.
Öz səsində bir ağrı, bir hüzn hiss etdi Vüqar. Sanki yuxudan ayıldı, babasının “bəlkə bu işdə bir xeyir var” kəlməsini düşünüb özünə toxtaqlıq verməyə çalışdı.
Artıq taksi yola düşmüşdü. Vüqar özünü sakitləşdirmək istəsə də bacarmırdı. Bəzən gözünü yumurdu ki, bir az da olsa yata bilsin, unutsun baş verənləri. Elə gözünü yuman kimi pezəvəng şişman gəlib dururdu gözünün qabağında. Şişman da ki, nə şişman. Əynindəki köynək cırılıb parça-parça olmaqdan özünü güclə qoruyurdu. Musqullar bəlkə də altmış ölçülü köynəyin qoluna elə pərçimlənmişdi ki, sanki azad olmaq, rahat nəfəs almaq üçün sahibinə lənət oxuyurdu.
Taksi sürətlə irəliləyir, bəzən narahat yollarda elə silkələnirdi ki, elə bil tökülüb itəcəkdi. Bu narahatlıq da Vüqarı qüssədən ayırmağa yetərli deyildi.
Qarşıda böyük, ucu-bucağı görünməyən tıxac vardı. Sürücü əyləci basdı. Vüqar narahat halda sağa, sola boylandı. Qəlbindən qopan ah ona babasını xatırlatdı.
- Oğul, deyilənə görə, uzun illər bundan öncə düşməni məğlubiyyətə uğradan türk ordusunun bir taboru tutduğu əlverişsiz ərazidə mövqe seçibmiş. Əsgərləri geyim, ərzaq və silah-sursatla təmin etmək üçün hər gün yük maşını qərargahdan lazışmi əşyaları həmin əraziyə daşıyırmış. Bir gün əsgər sürücü vəzifəsini yerinə yetirərkən yolun ortasında “ayaq üstə dayanmış” əfi ilana rast gəlir. Cəld maşından yerə atılır. Sanki ilan dil açıb məni ötüb keçmə deyə yalvarırdı. Əsgər özünü itirmədən bir badya süd süzüb (əsgərlərin yeməyindən) yolun kənarında ilanın qabağına qoyur. İlan südü içdikdən sonra əsgər badyanı götürüb yola düşür. Ertəsi gün bu hal yenə də təkrar olur. Həhayət, günlər həftələrə, aylara çevrilir ki, ilanla əsgər dostluq edir.
Bir gün əsgər yenə də badyanı doldurub ilanın qabağına qoymaq istəyirdi ki, əfi dolandı onun ayağına. Əsgər nə qədər çalışsa da ilandan qurtula bilmədi. Çar-naçar əl tutdu ulu Yaradana. Yalvardı, yalvardı... “axı mən bu ilana yaxşılıqdan başqa bir şey etməmişəm ki, o da məni tora salsın.”
Təxminən bir saat çəkən mübarizə nəhayət ki, xətasız başa çatdı, ilan əsgərin ayağından açılıb südünü içdi və düzəldi yola. Əsgər bir qədər rahatlanandan sonra yola düşmək istəyirdi ki, rabitə əlaqəsi yaradıldı. Posta vaxtında çatmadığı üçün danlanacağını düşünsə də, cavab verməyə məcbur idi. Dəstəyin o başından gələn səs əsgəri daha da vahimələndirdi, komandir təcili geri dönməyi tələb edirdi.
Əmrə müntəzir olan əsgər geri döndü. Qərargaha çatanda hər kəsin üzündə bir niskil vardı. Xəbər tutdu ki, ərzaq apardığı post düşmən tərəfindən hücuma məruz qalıb, əsgərlər də şəhid olub.
Əsgər az öncə keçirtdiyi böyük həyəcanın – ilanla mübarizənin məntiqi mənasını anladı. Anladı ki, ilanla olan dostluğu sayəsində sağ qalması Allahın lütfü imiş.
Babasının söylədikləri sanki Vüqarın qəlbinə su səpdi. Rahatlandı bir az.
...Tıxac artsa da maşınlar addım-addım irəliləyirdi. Sürücünün də narahatlığı əbəs yerə deyildi, çünki bu yolda sıxlığa rast gəlinməzdi. Deməli, nəsə baş vermişdi. Amma nə... Hər kəs üçün təəccüblü idi.
Uzun sürən tıxacdan sonra Şərurun girəcəyinə çatanda məlum oldu ki, ağır yol qəzası baş verib, idarəni itirən taksi yanacaq daşıyan maşına çırpılıb. Vüqar taksini tanıdı. Az öncə məcburi şəkildə düşürüldüyü taksi idi, xurd-xəşil olduğu üçün əsər-əlamət qalmamışdı, yalnız nömrələri görsənirdi. Sürücü də daxil olmaqla, hər kəs (dörd idmançı) dünyasını dəyişmişdi. Vüqarın yaxasından tutub taksinin salonundan çıxaran qol bədəndən ayrı düşmüşdü. Vüqarı hönkürtü tutdu. Sanki doğmasını, əzizini itirmişdi. Sərnişinlər onu sakitləşdirməyə çalışsalar da Vüqar özü ilə bacarmırdı. Göz yaşları qurumurdu ki, qurumurdu.
Nəhayət, taksi yola düşdü. Vüqar elə hey səssiz-səmirsiz ağlayırdı. Sürücü dilləndi:
-Oğul, axı bayaq dedin ki, onları tanımırsan, elə isə bu qədər göz yaşlarının səbəbi nədir?
Vüqar köks ötürdü.
- Əmi, mən onları yox, özümü ağlayıram!
Sürücü təəccüblə:
- Necə yəni, özümü ağlayıram, sənə nə olub ki?
- Əmi, bayaq o taksidə mən idim. Deməli, o taksi məni ölümə aparacaqdı. Gördüyünüz o şir biləkli oğullar ki vardı (cəsədlər) onlar məni lap elə kobudcasına, təhqiramiz şəkildə çəkib aldılar Əzrayılın əlindən.
Başa düşmədim oğul!
-Əmi, o oğullar məni taksidən düşürdülər ki, özləri getsinlər ölümə. Sanki zorla mənə dedilər ki, get yaşa, ölüm sənlik deyil! Deməli, ölümüm çatmayıbmış hələ. Uca Yaradan yaşamağımı istəyirmiş.
Taksi artıq İğdıra çatmışdı.
Vüqar babasının “hər işdə bir xeyir var” kəlməsini düşünə-düşünə şəhərin dar küçələri ilə irəliləyirdi, gözlərində kədər qarışıq sevinc, yanağında hüznlü təbəssüm... Daha tələsmirdi...


0 0



Şərhlər (Facebook)