Azərbaycan İnformasiya Agentliyi (AİA)


Tanınmış şairə Mətanət Ulu Şirvanlının Şamaxıda tələbələrlə görüşü


Şamaxı Dövlət Regional Kollecində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist Mətanət Ulu Şirvanlı ilə görüş keçirilib.
Kollecin direktoru İlham Vəliyev şairi yaradıcılıq uğurları münasibətilə təbrik edib, qədim Şirvanın Azərbaycan ədəbiyyatına görkəmli şəxsiyyətlər, dünya şöhrətli sənətkarlar bəxş etdiyini bildirib. O, Mətanət Ulu Şirvanlını tanınmış yazıçı Əzizə Cəfərzadənin davamçısı hesab etdiyini söyləyib.
Mətanət Ulu Şirvanlının yaradıcılığını yüksək dəyərləndirən kollec direktorunun müavini Vaqif Eyyubov diqqətə çatdırıb ki, gənclərin mənəvi dünyasının dərinləşməsində belə görüşlərin böyük əhəmiyyəti var.
Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Kazımov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Kamil Bəşirov Mətanət Ulu Şirvanlının nəsr əsərlərindən söz açıblar. Qeyd edilib ki, şair ilə doğma yurdda görüşün təşkili tələbələrin şirvanlı şairlərin yaradıcılığı ilə tanışlığında, gənclərin mənəviyyatının zənginləşməsində, dünyagörüşlərinin genişlənməsində, vətənpərvərlik ruhunun yüksəlməsində böyük rol oynayır.
Şairənin kollecdə bundan əvvəl keçirilən görüşünü xatırladan müəllim Kalbalı Musayev diqqətə çatdırıb ki, bu dəfə Mətanət Ulu Şirvanlı tələbələrin qarşısına yeni ampluada - tanınmış yazıçı və publisist kimi çıxıb. Tələbələrə yazıçının roman və esselərini oxumağı tövsiyə edən K.Musayev diqqətə çatdırıb ki, bu əsərlər onların dünyagörüşlərinə müsbət təsir göstərəcək, eləcə də paklıq və sədaqət hissləri aşılayacaq.
Bədii kompozisiya ilə davam edən tədbirdə şairənin sözlərinə Xalq Artisti Oqtay Rəcəbovun bəstələdiyi “Salam, Şamaxı” mahnısı səsləndirilib, tələbələr şairənin Vətənə, şəhidlərimizə həsr olunan şeirlərini söyləyiblər. Gənc müğənni Taleh Orucov klassik Şirvan şairlərinin qəzəlləri üstündə muğamlardan parçalar ifa edib.
Mətanət Ulu Şirvanlı doğma yurdunda tələbələrlə görüşün ona sonsuz sevinc hissləri yaşatdığını deyib. Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən şairə tələbələrə kitablarını hədiyyə edib.
Sonda tələbələrin dünyagörüşünün zənginləşməsində böyük rol oynadığına görə Mətanət Ulu Şirvanlıya kollecin rəhbərliyi adından “Təşəkkürnamə” təqdim edilib.
Azerbaycaninfo.az
Tanınmış şairə Mətanət Ulu Şirvanlının Şamaxıda tələbələrlə görüşü
Tanınmış şairə Mətanət Ulu Şirvanlının Şamaxıda tələbələrlə görüşü
Tanınmış şairə Mətanət Ulu Şirvanlının Şamaxıda tələbələrlə görüşü


0 0



Şərhlər (Facebook)