Azərbaycan İnformasiya Agentliyi (AİA)


Zərdabişünas alim Esmira Cavadovanın yubiley tədbiri keçirilib


Zərdabişünas alim Esmira Cavadovanın yubiley tədbiri keçirilib
Zərdabişünas alim Esmira Cavadovanın yubiley tədbiri keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Esmira Cavadovanın 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan tədbirdə iştirak edən kütləvi informasiya vasitələrinin rəhbərləri, elm xadimləri, tanınmış ziyalılar yubilyarın həyat və yaradıcılığından, elmi fəaliyyətinin əsas məqamlarından söz açıblar.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Esmira Cavadovanın H.Zərdabi irsinin tədqiqi sahəsində gördüyü işləri xalqa xidmətin ən yüksək zirvəsi kimi dəyərləndirib. Şura sədri Azərbaycan jurnalistikasının tarixinin araşdırılmasındakı xidmətlərinə görə alimə Mətbuat Şurasının diplomunu təqdim edib.

Sonra çıxış edən filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva Esmira Cavadova ilə doğmalığının səbəbini hər ikisinin H.Zərdabiyə olan məhəbbəti ilə əlaqələndirib. E.Cavadovanın Zərdabişünaslıq sahəsindəki fəaliyyətini yüksək qiymətləndirən S.Vəliyeva çıxışında alimin əsərləri, xüsusilə Zərdabinin Bakı Dumasında fəaliyyəti ilə bağlı araşdırmalardan bəhs edib.

Tədbirdə S.Vəliyeva E.Cavadovaya “Kaspi” qəzetinin və “Kaspi” Təhsil Şirkətinin diplomunu təqdim edib.

Daha sonra çıxış edən AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli alimin bütün həyatını Həsən bəy Zərdabi irsinin öyrənilməsinə həsr etdiyini bildirib. O, E.Cavadovanın “Həsən bəy Zərdabinin əsərlərində Azərbaycan xalqının məişət və mədəniyyəti” (1842-1907) mövzusunda namizədlik dissertasiyası müdafiə etdiyini, sonrakı dövrlərdə isə böyük maarifçinin fəaliyyətinin müxtəlif istiqamətlərini araşdırdığını qeyd edib.

AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini fil.ü.e.d. Paşa Kərimov H.Zərdabi irsinin tədqiqinin müasir gəncliyimiz üçün mühüm əhəmiyyət daşıdığını, xüsusilə də, jurnalistlərimizin bu irsdən bəhrələnməsinin vacibliyini vurğulayıb. Alimi Əlyazmalar İnstitutunun bütün kollektivi adından təbrik edib.


AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi



0 0



Şərhlər (Facebook)