Azərbaycan İnformasiya Agentliyi (AİA)


Şərəfli ömür yolu


Şərəfli ömür yolu
Laçın rayonunun çox dəyərli ağsaqqalı Hüseynalı Hüseynov da haqq dünyasına qovuşdu. Allah rəhmət eləsin!

Biz tərəflərin insanlarında ifrat dərəcədə təvazökarlıq var. Əlinə qələm götürüb kiminsə barəsində yazmaq istəsən o saat etirazla qar-şılaşırsan.

Amma özünün etirazına baxmayaraq biz polis polkovnik-leytenantı Hüseynalı Hüseynov haqqında yazmaqda qətiyyətli idik. Çünki gənc yaşlarından cinayətkarlıqla mübarizə aparan, Qarabağ döyüşlərində oğlu Zülfəli ilə birlikdə həmişə ön cəbhədə vuruşan polis zabitindən söhbət açmamaq qəbahət olardı.


Məlumat üçün bildirək ki, Hüseynalı Hüseynov 1941-ci ildə Laçın rayonunun Şəlvə kəndində o bölgənin sayılıb-seçilən kişilərindən olan Qələndər Həsənovun ailəsində doğulub. Aydınlıq gətirək ki, elə Hüseynalının da əsl soyadı Həsənovdur. Doğum şəhadətnaməsi yazılarkən texniki yanlışlığa yol verilib. Sonralar bu səhvi düzəltmək yada düşməsə də, daşıdığı soyadla əsl soy-kökünə xələl gətirməyib. 7 illik təhsilini kənddə alıb. Orta təhsilini Laçın şəhər 1 №-li məktəbində tamamlayıb. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) iqtisad fakültəsinə daxil olub. 1967-ci ildə ali təhsilini başa vuran Hüseynalı Hüseynov 1968-ci ildə Laçın Rayon Daxili İşlər Şöbəsində işə başlayıb. Onun polis orqanlarına gəlişinin səbəbi əmisi Atakişi Həsənovun yolunu davam etdirmək istəyi ilə bağlıydı. 1930-cu ildə xidməti vəzifəsini yerinə yetirərkən qətlə yetirilmiş əmisinin şəklini Daxili İşlər Nazirliyinin şərəf lövhəsində görməsi qəlbini qürur hissi ilə doldurmuşdu və bu çətin, eyni zamanda şərəfli peşənin cazibəsindən ayrıla bilməmişdi.

1969-cu ildə Şəlvə zonasına sahə inspektoru təyin olunur. İşinin öhdəsindən bacarıqla gəldiyinə görə 1973-cü ildə onu cinayət hadisələ-rinin daha çox baş verdiyi Şamkənd zonasına dəyişirlər. 1983-1985-ci illərdə Minkənd zonasında sahə inspektoru işləyən Hüseynalı Hüseynov 1986-cı ildən Cinayət Axtarış Şöbəsində baş inspektor, bir qədər sonra isə bölmə rəisi vəzifəsinə irəli çəkilir.

İnsanlarla səmimi ünsiyyət qurması, onlara etibar etməsi neçə-neçə cinayət hadisəsinin açılmasına səbəb olmuşdur. 22 iyul 1982-ci ildə rayonun ərazisində yerləşən Qaranlıq yaylağında, Dar dərə adlanan yerdə vəhşicəsinə qətlə yetirilmiş, sonra isə üstü daşla örtülmüş bir qadın meyiti tapılmışdır. Təxirəsalınmaz tədbirlər nəticəsində üç gün müddətində qadının şəxsiyyəti, onu qətlə yetirən cinayətkar müəyyənləşdirilmişdir. Bu qatı cinayətin açılmasında Hüseynalı Hüseynovun xüsusi xidməti danıl-mazdır. Onlarla belə faktı sadalamaq mümkündür.

Bəzən gözlənilməz hadisələr insanın fəaliyyət sahələrinə təsirsiz ötüşmür. Bir vaxtlar aramızdakı tüfeylilərlə, oğrularla mübarizə aparan Hüseynalı Hüseynov 1988-ci ildən yer üzünün ən vəhşi canilərinə, insan qanına susayan erməni qəsbkarlarına qarşı vuruşub. İgid polis həmkarları ilə çiyin-çiyinə döyüş meydanına atılaraq düşmənə ağır zərbələr endirib. Fərəcan, Səfian, Qazıdərəsi, Hoçaz, Güləbird, Haqnəzər, Pircahan döyüş-lərində göstərdiyi şücaətə görə camaatın məhəbbətini qazanıb. Daxili İşlər Nazirliyi tərəfindən dəfələrlə mükafatlandırılıb.

Atəşkəsdən sonra istefaya çıxan Hüseynalı Hüseynov Vətən qar-şısında övladlıq borcunu şərəflə yerinə yetirsə də, işğal altında qalan tor-paqlarımız yağı tapdağından azad edilənə qədər rahatlıq tapmayacağını deyir. Qarış-qarış gəzdiyi, hər daşı, qayası uğrunda vuruşduğu doğma dağlara qayıtmaq ümidini də itirməyib. Bizə isə hələlik “ümidiniz tükən-məsin, arzunuz çin olsun” demək qalır.

Arif MƏMMƏDLİ

P.S. Doğma dağlara qayıtmaq istəyimiz hələ də arzu olaraq qalır. İllərdir bu ümidlə yaşayan eloğlularımız yurd həsrəti ilə dünyadan köçürlər. Hər laçınlı Laçının bir parçasıdır. Bir laçınlını itirmək Laçının bir parçasını təzədən itirməkdir. Laçın həsrətilə dünyadan köçən eloğlularımız, nə yazıq ki, gücümüz "ruhunuz şad olsun" deməkdən başqa heç nəyə çatmır.

ATA HÜSEYNALI,
OĞUL ZÜLFƏLİ


Gəlir igidlərin səsi dağlardan:
“Qisas almalıyıq biz daşnaklardan!”
Zəfərlə çıxacaq sərt sınaqlardan
Ata Hüseynalı, oğul Zülfəli.

Həsrət zirvənin də qəddini əyir,
O çox da ucadır, buluda dəyir.
“Laçınsız yaşaya bilmərik” deyir
Ata Hüseynalı, oğul Zülfəli.

Biri aslanlaşıb, biri şirləşib,
Çünki ürəklərdə Vətən yerləşib.
Döyüşə-döyüşə cəngavərləşib
Ata Hüseynalı, oğul Zülfəli.

Ay dost, qüdrətimiz get-gedə artır,
Torpağı gör necə sevənlər vardır.
Bir kökdən güc alan qoşa çinardır
Ata Hüseynalı, oğul Zülfəli!

Oqtay RZA

"Laçın yurdu" jurnalı


0 0



Şərhlər (Facebook)