Azərbaycan İnformasiya Agentliyi (AİA)


Cabir Novruz - 85


2018-ci il mart ayının 12-də görkəmli şair Cabir Novruzun 85 illik yubileyi qeyd edilmişdir. Cabir Novruz öz əsərləri ilə qəlbimizə toxunan, ürəyimizi isidən və yalnız şair olaraq təsvir etməklə kifayətlənə bilməyəcəyimiz şəxsdir. O, bizimlə hər an yaşayacaq, var olacaq. Unuda bilməyəcəyimiz, şeirləri ilə daha çox xatırladığımız, qələminə vurulduğumuz Cabir Novruz 85 il bundan əvvəl Xızı rayonunda anadan olmuşdur. O, öz poeziyası ilə Azərbaycan ədəbiyyatını daha da zənginləşdirmişdir. Ədəbiyyat aləminə gəldiyi gündən şeirləri ilə hər birimizin rəğbətini və məhəbbətini qazanmışdır. O, öz əsərləri ilə seçilməklə yanaşı, qələmiylə ürəklərimizə imza atmağı bacarmışdır. Əsərlərinin bədii gözəlliyi, geniş təsvirlərdən istifadə etməsi onun öz işinin peşəkarı olduğunu bir daha sübut edir. Yalnız şeir aləminin deyil, musiqi dünyasının da sevimlisi olmuşdur. Onun müəllifi olduğu şeirlərə mahnılar bəstələnmiş, dillər əzbəri olmuşdur. Əsərlərində vətənpərvərliyi, insanlara sevgini, haqqı, ədaləti aşılayan şairin başlıca mövzuları da azərbaycançılıq ideyası ilə bağlı olmuşdur. Onun təfəkkürünün məhsulu olan şeirlərinə Oqtay Kazımi, İqbal Ağayev, Eldar Mansurov və s. kimi şəxslər mahnılar yazıblar.

Cabir Novruz - 85
Cabir Novruz çoxumuzun yaddaşında “Sağlığında qiymət verin insanlara” misraları ilə həkk olunub. Onun bu şeiri ilə məktəbdə oxuyarkən tanış olmuşdum və bu şeirin hər misrasına qarşı yaranan sevgim şairin digər əsərlərini oxuduqca daha da artmışdır. İnsanlara sağlığında qiymət verməyin, yaxşıları, yamanları fərqləndirməyin önəmini hər birimiz anlayırıq, lakin şairin bu şeirindən sonra əminəm ki, məsələyə daha dərindən yanaşmağa başladıq. Şeirin hər bir misrasını, hər bir bəndini oxuduqca şairin dərin düşüncəsi ilə bir daha tanış oluruq. Cabir Novruz haqqında məlumatı olmayan birinə belə bu şeir çox şey öyrədir, çox şey izah edir. Tək şeiri ilə belə rəğbət qazanırsa, demək, Cabir Novruz sadəcə şair deyil. O, insan ruhundan, qəlbindən anlayan böyük şəxsiyyətdir.

Cabir Novruzun bütün əsərləri, şeirləri diqqətəlayiqdir. Bunlardan biri də hər kəsin sevərək oxuduğu “Tələsin insanlar!” şeiridir. Bu şeirlə şair insanları həyatı sevməyə, onu doya-doya yaşamağa səsləyir. Hər misrasında yaşamağı, həyatı sevməyi aşılayan şeir Cabir Novruz təfəkkürünün ən möhtəşəm məhsullarından sadəcə biridir. Şair bu şeirlə xeyirxahlığı, nikbinliyi, yaxşılığı təbliğ edir, insanları da bu fikirləri yaymağa və həyata keçirməyə çağırır.
Cabir Novruz əsərlərində sevgini də özünəməxsus şəkildə əks etdirir. Sevginin müqəddəsliyini, ülvi hiss olduğunu, bəzən imkansızlığını vurğulayan şairin belə şeirlərindən biri də “Sən elə bir vaxtda rast gəldin mənə” şeiridir. Yenə hər misrasında öz fikirlərini aydın izah etməyi bacaran şair, bu şeirləri ilə sevənlərin də halını əks etdirir.
Cabir Novruzun bütün şeirləri oxunduqca oxunur, əzbərlənir, dildən-dilə gəzir, qəlblərimizə həkk olunur.
Şairin bütün bu fəaliyyəti yüksək qiymətləndirilir. O, “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Şeirlərin dilimizdə, adın da qəlbimizdə hər zaman var olacaq, Cabir Novruz!..

Könül Məmmədova,
BDU-nun Kitabxanaçılıq-İnformasiya fakültəsinin IV kurs tələbəsi



0 0



Şərhlər (Facebook)