Azərbaycan İnformasiya Agentliyi (AİA)


Sevgi notları və yaxud Kamil Nəzərovun poetik dünyası


Həyatda elə insanlar var ki, hər hansı bir sənətin sahibi olmasına baxmayaraq şeirin-şeiriyyətin vurğunu olur. Və bu vurğunluq həmin kəsi aşiq edir -şeirin-sözün, sənətin aşiqi. Bəzən də ən gözəl şeir nümunələrini özü yaradır həmin kəs. Bu yaranışda dünya gözəllikləri, gözəlləri tərənnüm olunur. Vəsf etmək, tərənnüm etmək qabiliyyətini isə Tanrı hər adama nəsib etmir. Yaradan yalnız qəlbi təmiz olanlara ülviyyət bağışlayır. Bəli, yalnız o kəslər Allahın lütfündən pay alır ki, onlar Tanrı yanında sevilmış və seçilmiş kəslər olurlar. Məhz elə ona görə də həmin kəslər yazıb-yaratmaq qabiliyyətinə malik olurlar.
Yaradıcılıq isə təfəkkür prossesidir, düşüncənin məhsuludur. Yaradıcı insan düşüncələrini qələmə alaraq, özü düşündüyü kimi oxucularını da düşünməyə məcbur edir. Beləliklə, dünyanın söz səltənətinə pilə-pilə ucalır, nəhayətində, yazıçı, publisist və yaxud bir şair ömrü yaşayır.
Bu səhifədə sizlərə yaradıcı insanlardan biri haqqında söhbət açmaq istəyirəm. Zərif duyğular daşıyıcısı, şeirin, sözün, sənətin dilini anlayan həkim-şair Nəzərov Kamil Tarverdi oğlundan.
O, 1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində anadan olub. Vətəndən uzaqda, Sibirdə - Tumen vilayətində Nefteyuqansk şəhərində yaşayır. Üç övladından ikisi; qızı və oğlu onun sənətini davam etdirir. Sonbeşik oğlu isə skripkaçı olmaq qərarına gəlib. Ümumiyyətlə, Kamil həkimin ailəsini həkim ailəsi adlandırmaq mümkündür. Çünki, altı qardaşdan dördü insanların sağlamlığının keşiyini çəkirlər.
Bəli, o peşəsini sevən həkimdir. Odur ki, Rusiya Fedarasiyasının Ali Dumasının Təşəkkürnaməsinə layiq görülüb. Mən də onu bir həkim kimi tanıdım. Lakin çox keçmədi ki, şair olduğunu da öyrəndim. Kamil Nəzərovun taleyinə həkimlik peşəsi yazılsa da, könlünü ədəbiyyat sahəsinə bağlayıb. Odur ki, xaliqin ona xəlq etdiyi fərdilik xüsusiyyətinə sözün qüdrətinə də bələddir. Həkimlik sənəti onu xəstələrinə sevdirsə də, şairlik məziyyətləri, şeir nümunələri onu ədəbiyyata və əbədiyyətə qovuşdura bilər. O, öz həkimlik sahəsinin bilicisidir, lakin bununla kifayətlənməmiş, şeirin də incəliklərinə baş vurmuş və bu sahədə də məharətli olduğunu təsdiqləmişdir. Kamil həkimin köksündə ilahi hisslər yaşayır. O hisslər ki, özü demişkən ona həm güc, həm də həyat verir.
-Kamil həkim, ilk şeirinizi nə vaxt, neçə yaşında yazmısınız? - sualına;
-İlk şeirimi VII sinifdə sinif yoldaşıma yazmışam, - deyə cavab verdi. O zamandan illər ötüb, onun yazdığı şeirin ünvanı da, məzmunu da dəyişib. Lakin o, hələ də ədəbi sevdasından əl çəkməyib. Bu isə onun ədəbiyyyata olan istəyinin ötəri hiss olmadığını, həqiqi bir duyğunun olduğunu təsdiqləyir. Gəlin, onun heca vəznində olan şeir nümunəsinə nəzər yetirək:

Gülüm salamat get, salamat qayıt,
Mənim ürəyimi apar özünlə.
Məndən uzaqda qalsan bir müddət,
Axtar, ara məni yaşlı gözünlə.

Telefon zəngini gözlə hər zaman,
Məftillə danişan səsimi dinlə.
Bir an da cəkilmə onun yanından,
Göndərrəm qəlbimi sənə məftillə.

Cixarma səsimi yadından, gülüm,
Yoxsa səsim səndən inciyər, küsər.
Sənə vurğun olan zərif ürəyim
Qırılmış budaq tək titrəyər əsər.

Əgər çox darıxıb görmək istəsən,
Eşitmək istəsən mənim səsimi,
Aynanın önünə onda keçərsən
Gözündə görərsən mənim şəklimi.

Sevgi notları üzərində yazılan poetik nümunələrindən də görünür ki, o, öz dəsti-xəttini yaradır, bədii görüntülərin göstəricisidır. Müəllif həkim olsa da, şairlik duyğusu qabarıqdır. Onun təxəyyülünün gücü sevgi mövzusudur. Əminliklə qeyd edə bilərəm ki, sevgi şairi kimi özünü daha çox büruzə verir.
Kamil Nəzərovun qələmə aldığı daha bir şeir nümunəsi “Göz yaşı” adlanır. Bəli, şeirlərində məhəbbət mövzusuna geniş yer ayırır. Lakin sevgi-sevda hisslərinə laqeyidlik münsibəti göstərir.
Mən də daha səni sevməyəcəyəm,
Cıxarıb atacam öz yaddaşımdan.
Yatıb yuxumda da görməyəcəyəm,
Didərgin salacam xəyallarımdan.

Telefon zənginə ümid eləsən,
Bil ki, zənglərim də calınmayacaq.
Əgər dost-tanışdan məktub gondərsən,
Onlarin heç biri açılmayacaq.

Göründüyü kimi şeir şairin duyğusu, arzusu, həyatdır. Bu arzunu reallaşdırmaq, bu duyğunu yaşatmaq və yazdıqları ilə daima həmdəm olmaqdır. Qeyd etdiyim kimi o,həkim, həm də ki, şair ömrü yaşayır. Yalnız birini götürsək, onu deyə bilərik ki, şair ömrünü yaşamaq asan deyil. Yazılan hər bir şeirin misralarında öz ömrünü, həyatını əks etdirir. Deməli, şair həm yaşayır, həm də yaşadır. Lakin həkim prizmasından yanaşsaq o da insanları yaşatmalıdır. Məhz həkim-şair Kamil Nəzərov kimi;
-Şeirləriniz nə vaxt yaranır? - sualıma
-Şeirlərimi çox vaxt gecə növbəsində yazıram, - deyən həkim daha bir maraqlı fikir də söylədi: - Vətəndən uzaqda olan adam üçün vətənə aid şeir yazmaq elə də asan deyil! - cavabını verdi. Amma qeyd etdiyim kimi məhəbbət mövzusuna daha çox müraciət edir:

Sən mənə ən ağır yaranı vurdun,
Oynadın sevgimlə, sən əvvəl-axır.
Əvvəllər sevirəm, deyib dururdun.
İndi ağlar gözlər dalımca baxır.

Öldu məhəbbətim, basdırdım onu
Sən özgə birinə ürək verən gün.
Həmin gun sayıldi eşqimin sonu,
Yaddan cıxarmışam səni büsbütün.

Gələrsən qəbrimin üstünə bir gün,
Şəklim ğözlərində görünər itər.
Sinə daşım səndən bir cüt qərənfil,
Baş daşım bircə cüt göz yaşı istər.

- Dünyanın mənasını əməllərimin bəhrəsində görürüəm, - deyir. Xəstələrim şəfa tapanda və yaxud da şeirlərimi kim isə bəyənib; - mənə sağ ol - deyəndə. Lakin mənim üçün həkimlik sənətim ön plana keçir. Məhz ona görə ki, insanların qayğısına qalıram, sağlamlığına xidmət edirəm, onlara şəfa verirəm.
- Ən çox sevdiyim şeir isə anama yazdığım misralardır - dedi. Bu da sözsüz ki, bir oğulun anaya olan sonsuz məhəbbətidir ki, misralarda öz əksini tapır.

Bütün dünya məcbur etsə,
Baş əymərəm səndən başqa bir kəsə də,
Ayaqların altına mən döşənərəm,
Yollar kimi təkcə sənin…
- deyən şair anasına tapınmağı qanuna uyğunluqdur. Bəşər yaranandan ta indiyə kimi ana-bala sevgisi heç bir sevgiyə bənzəməyib. Şair də misralarında anasına olan sonsuz sevgini onun qarşısında səcdəyə gəlməklə bildirib:

…Ana, səni Tanrı bəxş edib sevilməkçün,
Saçlarını ağardıb ki, ölənəcən öpülməkçün.
Belini də büküb ana, övladınla görüşəndə
Onlar sənin qabağında əyilməkçün…

Həkim yaradıcılığında bəşəri hisslərə bürünərək ədəbi-poetik bir dillə insan aləmindən söz açır. Onun daxili dünyasına bələd olmaq üçün qəzəllərinə də müraciət etmək olar. Şeirləri müasirliyi, bədii məziyyətləri, özünə məxsus üslub və ifadə tərzi ilə diqqətimi cəlb etdiyindən təhlil obyektimə çevrilir. Onun duyğularının axarında poetik çalarlar əks olunur, həkim dili ilə desək, yaşamağa və yaşatmağa ümid var, şeirlərində. Qeyd etdiyim kimi, şeirlərində bədii fon məhəbbət mövzusudur və lirik boyalar ilə daim ön plana cəkilir. Şeirlərinin çoxunda inciklik duyur, fikirlərini ehtiva edir.
Realist şairdi Kamil Nəzərov. Şeirlərinin çoxu isə emosionallıq nümayiş etdirir. Arzularına tabe olmaq istəməyən həkim-şair hisslərinə də tabe olmur, hisslərini cilovlamaq və xoşbəxtliyə can atmaq istəyindədir. Və onu da söyləyir ki, şeir nümunələrini yaradarkən həm də,eyni hissləri yaşayır. Sözsüz ki, aşağıda qeyd edilən qəzəldə yaşadığı kimi:

Gülü dərmək istəsən gir o bağa, dər o gülü,
Ləcəklərindən öpub bircə-bircə sər, o gülü.

Qoyma ki, özgə baxa güllərinə gül bağının,
Özun bəslə, özun dər, öz yarına, ver o gülü.

Bilirsən ki, gül solur, dəriləndən sonra canım,
Qoyma ki, o tez sola, saxlaginən tər, o gülü.

Kamiləm, dərdim coxdu, gül verə bilmirəm yara,
Calışaram ki, verim yara birtəhər o gülü.

Məlumdur ki, bir səhifə ilə K. Nəzərovun poetik yaradıcılığını qələmə almaq, onun əmək fəaliyyyətini əhatələmək mümkün deyil. Lakin mənim məqsədim budur ki, həkimliyin və şairliyin xidmətində dayanan həkim-şairi oxucular da tanısınlar.
Onu da əlavə edim ki, Kamil Nəzərov yəqin ki, bundan sonra da əməlləri ilə insanların həyatına işıq tutacaq, eyni zamanda ədəbi nümunələr yaradacaqdır.

Mətanət Ulu Şırvanlı,
şairə, yazıçı-publisist

Sevgi notları və yaxud Kamil Nəzərovun poetik dünyası
Sevgi notları və yaxud Kamil Nəzərovun poetik dünyası
Sevgi notları və yaxud Kamil Nəzərovun poetik dünyası


0 0



Şərhlər (Facebook)