Azərbaycan İnformasiya Agentliyi (AİA)


Oktyabrın 3-dən Həcc ziyarəti başlayır


 Oktyabrın 3-dən Həcc ziyarəti başlayır

Azərbaycandan bu il Həcc ziyarətinə gedən zəvvarların səfəri oktyabrın 3-dən başlayacaq. Bu da Qurban bayramı ərəfəsinə təsadüf edir. Zəvvarların yola salınması oktyabrın 8-dək davam edəcək. Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, artıq ziyarət üçün zəvvarlara təklif olunan variantlardan biri - xərci 3250 manatlıq xidmət üçün limit dolub. Xərci 4100 manatlıq olan digər xidmət variantı üçün isə limitin gələn həftə dolması gözlənilir. Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların qalacaqları hotellərdən asılı olaraq qiymətlərə görə iki variantda xidmət təqdim olunur. Həcc ziyarəti zamanı ümumi ziyarət xərci 3250 manata başa gələn zəvvarlar 8 nəfərlik otaqda, ümumi xərci 4100 manata başa gələnlər isə 4 nəfərlik otaqda yerləşəcəklər. Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar üçün kvota 1400 nəfərdir. Qeyd edək ki, Azərbaycanda Həcc ziyarəti Suriyada baş verən hadisələrlə əlaqədar ancaq təyyarə ilə həyata keçirilir. Zəvvarların Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edir. Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfər olacaq. Oktyabrın 3-də bir reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq. Ümumilikdə, bu il Azərbaycandan 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunur. Xatırladaq ki, Qurban bayramı oktyabrın 15-16-da keçiriləcək. Nazirlər Kabinetinin qərarına görə həmin günlər iş günü hesab edilmir.


0 0



Şərhlər (Facebook)