Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ziya Məmmədovun müşaviri külli-miqdrada qızılı necə əldə etdiyini- AÇIQLADI


Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin dələduzluqda təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. R. Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı dələduzluqda ittiham edilir. İttihama görə o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.
Gununsesi.info xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə vəkil və hakim zərərçəkmiş Çingiz Baxşıyevdən külli miqdarda qızıl əşyalarını hansı yolla əldə etdiyini soruşub. Ç. Baxşıyev qızılların çoxunun ona atasından qaldığını, bir hissəsini isə özü aldığını deyib: “1971-ci ildən Qırğızıstanda avtobazada baş mühəndis, sonradan müdir vəzifəsində çalışmışam. Daha sonra mən orda dəri zavodunun rəhbəri oldum. SSRİ dağılandan sonra 11 il Almaniyada işlədim. Bu qızılların əksəriyyəti atamdan qalıb. Özümün də, atamın da mülkiyyəti vardı. Qızıl əşyaların əksəriyyəti Qırğızıstandan gəlib. Atam da rəhbər vəzifələrdə işləyib”.
O qeyd edib ki, 2003-cü ildən Nəqliyyat Departamentinin rəisi işləyib, 2014-cü ildən nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olub, lakin sonradan təqaüdə çıxıb.
Sonra Ç. Baxşıyev prokuror və vəkilin suallarını cavablandırıb.
Hakim qeyd edib ki, Salyan rayonunda Rövşən Əhmədovun adına Stomatoloji Klinika var. Vəkil Adəm Məmmədov bu klininkanın Çingiz Baxşıyev tərəfindən R. Əhmədovun adına keçirildiyi deyib. Ç. Baxşıyev isə deyilənləri təkzib edib və ona qızıl-zinət əşyalarından başqa heç nəyi etibar etmədiyini deyib. Təqsirləndirilən R. Əhmədov isə deyilənlərlə razılaşmayıb: “Bəs, mənim evimə 30-40 milyon avronu kim qoymuşdu? Bu pulu mənə kim etibar etmişdi? Sən deyildin?”
R. Əhmədov ifadəsində bildirib ki, Ç. Baxşıyev ona nəinki qızılları, bütün pulunu və mülkünü etibar edib: “Mənə iki qab qızıl vermişdi. Birdən məni çağırdı ki, qızılları gətir. Mən də apardım. Çingiz dedi ki, 3-cü qab hardadı? Mən də iki qab olduğunu dedim, sonradan 3-cü qabın öz evlərində olduğu bilindi. And olsun Allaha ki, iki bankada olan qızılı mən gələnə kimi Çingiz özü açmışdı. Məni şərləyirlər. Çingiz Baxşıyev mənə dedi ki, qızılları qızımın evinə apar”.
Onun sözlərinə görə, qızılları Ç. Baxşıyevin oğlu Nəriman Baxşıyev oğurlayıb, çünki borcu olub.
Proses dekabrın 13-də davam etdiriləcək.


0 0



Şərhlər (Facebook)