Azərbaycan İnformasiya Agentliyi (AİA)


"Yeni Yasamal” MTK-dan şikayət var


MTK-nin sahibi Cahangir Alışovun adı bir çox qalmaqalda hallanır

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun tikinti şirkətlərinin qanunsuz əməllərindən PA-ya daxil olan şikayətlərin artması barədə açıqlaması dələduzluqla məşğul olan iş adamlarının fəaliyyətini yenidən gündəmə gətirdi.

Ölkə vətəndaşının illər ərzində min bir əziyyətlə topladığı pullarla aldığı mənzilin sonradan dələduz iş adamlarının başqa şəxslərə satması adi hala çevrilib. Son illər ərzində minlərlə vətəndaşın başına oyun gətirən bu şəxslər qanun qarşısında əksər hallarda məsuliyyətə cəlb olunmur.

Son illər vətəndaşların haqlı narazılığına səbəb olan, yüzlərlə insanı dövlətdən, hökumətdən narazı salan şirkətlərdən biri "Yeni yasamal” MTK-nın sahibi, adı bir çox qalmaqallarda hallanan Cahangir Alışovdur. Bu şəxsin vətəndaşların başına açdığı oyunlar barəsində Gununsesi.info hələ bir neçə gün əvvəl vətəndaşların narazılıqlarını ifadə edib.

Bu barədə xəbər saytımızda yayımlanandan sonra elektron poçtumuza Cahangir Alışovun qanunsuz əməlləri barədə çoxsaylı məlumatlar gəldi.

Həmin məlumatların birində qeyd olunur ki, Cahangir Alışov keçmiş polis əməkdaşı işləyən Hüseynov Zamiq Əsədxan oğlundan fırıldaq yolu ilə külli miqdarda pul alıb. Zərəçəkən Yasamal Rayon Məhkəməsinə müraciət edərək "Yeni Yasamal” MTK-ya və bu təşkilatın direktoru Alışov Cahangir Həsənağa oğluna qarşı pul tələbi ilə iddia ərizəsi irəli sürüb. Şikayətçi iddia edir ki, "Yeni Yasamal” MTK-nın Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən binasından aldığı 3 otaqlı mənzilə görə haqsız olaraq iki dəfə ödəniş etmək məcburiyyətində qaldığını deyir: "13 mart 2007-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə ilə 76.400 manatı birdəfəlik ödəməklə tikilməkdə olan binanın 3 otaqlı, ümumi sahəsi 152.8 kv.metr olan 173 nömrəli mənzilini aldım. Elə həmin gün də müqavilədə göstərilən məbləği ödəməyim barədə "Yeni Yasamal” MTK-dan maliyyə arayışı verildi”.

Z.Hüseynov deyir ki, bir müddətdən sonra "Yeni Yasamal” MTK-dan aldığı mənzili satmaq məqsədilə elan verib: "Şəxsi telefonuma zəng vurub evi almaq istədiyini bildirən xanım mənzilə baxmaq istədiyini dedi. 2009-cu ilin noyabr ayında Yaqut Əfəndiyeva adında həmin xanımla görüşüb onu mənzilə apardım. O, mənzili baxıb bəyənərək MTK-nın direktoru ilə görüşmək istədiyini bildirdi. C.Alışovun ofisində bizimlə görüşdü. Yaqut xanım evlə bağlı bəzi suallar verdi və mənim MTK-ya borcumun olub-olmadığını soruşduqda direktor mənim borcumun olmadığını və həmin mənzilin mənə məxsus olduğunu bildirdi. Razılıq olduqdan sonra C.Alışov sənədləşdirmə üçün 1500 manat pul alacağını bildirdi. Yaqut xanımla mənzilin alqı-satqısına dair razılığa gəldik və evi onun adına rəsmiləşdirdik”.

Redaksiyamıza göndərilən daha bi şikayətdə isə yazılır:
"Yeni Yasamal” MTK-nın Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabanı küçəsi 5 ünvanında ucaltdığı 16 mərtəbəli yaşayış binasının sakinlərinin problemləri illərdir ki, bitmir. Daha doğrusu, bu MTK illərdir ki, sakinlərə mənzillərini təhvil verə bilmir. Mənzilini alan 15 ailə isə kommunal problemlər, şəraitsizlik içərisindədir.
Binanın sakini Afiq Əliyev isə bildirib ki, 5 ildir ki, "Yeni Yasamal” MTK-dan ev alsa da, hələ də problemlər içərisindədir: "Bununla bağlı hətta Prezident Aparatına da gedib şikayət etmişik. Orada qəbul şöbəsində şəxsən mənim özümə bildirdilər ki, siz bilirsiniz ki, binada problem var, niyə mənzil alırsınız? Mən də sual verirəm ki, əgər bu MTK dələduzluqla məşğuldursa, nə üçün tədbir görmürlər. Binanın sahibi Cahangir Alışov adlı şəxsdir. Dəfələrlə müvafiq qurumlara, xarici mətbuata şikayət etmişik. Ancaq heç bir xeyri yoxdur. 5 il öncə buradan mənzil almağımla bağlı əlimdə sənədli sübutum var. Hətta bunların 4 il öncə qoymalı olduqları qapını da, bu il öz cibimdən alıb qoymuşam. İndi deyirlər ki, sən bizə pul ödəməmisən. Deyirəm, bəs nə üçün maliyyə arayışını vermisiz? Yəni bu cür iftiralar atıb, dələduzluq etməklə məşğuldurlar. Biz sakinlər bu binada 17 təkrar satış ortaya çıxarmışıq. Bunu prokurorluğa təqdim etmişik. Yenə də tədbir görülmür. Bir Cahangir Alışova görə bu qədər adamın hüququ tapdalanır, əziyyət çəkirlər. MTK-nın rəsmi şəxslərindən də heç kimi tapa bilmirik. Bu işlə bağlı məhkəməyə müraciət etmişəm. Ancaq qarşı tərəf olaraq, MTK-nın rəsmi nümayəndələri məhkəməyə gəlmirlər. Bu adamın həbs edilməsini, hüquqlarımızın bərpa olunmasını istəyirik”.
Binanın digər sakini Dilavər Məmmədov bildirdi ki, mart ayından mənzilinə köçsə də, buraya heç bir kommunal xətt çəkilməyib: "Öz cibimizin pulu ilə işıq çəkdirmişik. Burada suyun kubunu bizə 2 manata satırlar. İki həftədən çoxdur ki, ümumiyyətlə binanın işıqları yanmır. Heç bir rəsmi şəxsi də tapa bilmirik ki, sözümüzü deyək. Yiyəsiz bir binadır. Son ümidimiz ancaq mətbuatadır. Hazırda burada 15 ailə yaşayır. Yaşayış olan mənzillərdə də bütün təmir işlərini sakinlərin özləri aparıblar”.
Sakin Zaur İmanovun da şikayətləri qonşuları ilə demək olar ki, eynidir: "Bir ay olar ki, buraya köçmüşəm. Demək olar ki, binada şərait yox səviyyəsindədir. MTK rəhbərliyi isə bura gəlmir. Bir ildən artıqdır ki, bu bina ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq gedir. Ancaq orada istintaq getdiyi halda, binada cinayət əməlləri davam edir. Binada elə mənzil var ki, 3 adama satılıb”.
Bu təqdim etdiyimiz Cahangir Alışovla bağlı sadəcə bir neçə şikayətdən biridir. Maraqlıdır ki, yüzlərlə vətəndaşa qarşı dələduzluq əməlləri törədən iş adamını kimlər qoruyur? Onun kimlərə güvənib sadə insanları dövlətə qarşı qoyması sual doğurur.(gununsesi)


0 0



Şərhlər (Facebook)