Azərbaycan İnformasiya Agentliyi (AİA)


Daha bir şirkətin adı MTN işində... - İDDİA


“MTN işi” ilə bağlı indiyədək adı hallanan iri şirkət sahiblərinin, iş adamlarının böyük əksəriyyəti bu xüsusda məhz zərərçəkən tərəf kimi təqdim olunsalar da, sən demə bütün bu işlərdən faydalanan, MTN-in keçmiş rəhbərlərinin başqalarından talan etdikləri pulları dövriyyəyə buraxmaqla böyük məbləğlərdə gəlir əldə edən şirkətlər də az olmayıb. Bu xüsusda adı hallanan şirkətlərdən biri də “Zəfəroğlu İnşaat”dır. Əslində bu şirkətin ölkənin inşaat sektorunda fəaliyyətə başlamasından artıq az bir müddət sonra, onun barəsində müxtəlif söz-söhbətlər yayılmağa başlamışdı. Belə ki, “Zəfəroğlu İnşaat”ın birdən-birə lider mövqeylərə sahib ola bilməsi, müxtəlif tenderlərdə ardıcıl qalib gəlmələri, icrası xarici ölkələrdə nəzərdə tutulan sifarişlərin məhz bu şirkətə yönəldilməsi və ən əsası da şirkətin dövriyyəyə buraxdığı xüsusilə iri həcmdə məbləğlər diqqəti çəkməyə bilməzdi. Eyni zamanda da, bütün bu “nailiyyətlərin” şirkətə rəhbərlik edən gənc və nisbətən təcrübəsiz Zəfər Məmmədovun işgüzarlığı sayəsində əldə olunduğu da inandırıcı deyildi. Lakin bu yaxınlara qədər “Zəfəroğlu İnşaat”ın fəaliyyəti kifayət qədər yaxşı pərdələnirdi. “MTN işi” ilə bağlı cərəyan edən son hadisələrin fonunda isə, bu pərdələr də götürülməyə başladı. Bu xüsusda bizimdovr.az-a təqdim olunan açıqlamada bildirilir ki, “Zəfəroğlu İnşaat” özünün fövqəl yüksəlişinə, məhz MTN-nin keçmiş rəhbərliyinin bilavasitə dəstəyi sayəsində nail ola bilib. İlk növbədə məlumatda qeyd olunur ki, Zəfər Məmmədovun Bakı şəhərində bir çox dövlət binalarının təmir edilməsi üzrə keçirilən tenderləri udmasında, ona məhz havadarı olan MTN generalı köməklik göstərib. Bu dəstək sayəsində şirkət il ərzində paytaxt Bakıda və bölgələrdə milyonlara manatlıq layihələr həyata keçirərək, külli-miqdarda qazanc əldə edib. Həm də açıqlamaya görə, “Zəfəroğlu İnşaat”ı birbaşa himayə edən general Akif Çovdarov olub. Eyni zamanda da şirkətin Gürcüstanda, Türkiyədə, BƏƏ-də, Rusiyada və digər xarici ölkələrdə həyata keçirdiyi iri inşaat layihələrinin maliyyə təminatının da məhz bu general tərəfindən həyata keçirildiyi vurğulanır. Digər tərəfdən də, MTN-in himayəsi sayəsində “Zəfəroğlu İnşaat” həmçinin büdcəyə vergi ödənişlərindən də demək olar ki, tamamilə “azad” olunmuşdu.

Məlumatlı mənbə iddia edir ki, şirkətin rəhbəri Zəfər Məmmədov MTN generalının havadarlığından istifadə edərək, bir neçə il ərzində külli miqdarda vergi ödəmələrindən yayınıb. Bununla bağlı hər hansı bir problem yarandıqda isə, şirkət rəhbəri birbaşa Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi, hazırda “MTN işi”ndə əsas fiqurantlardan biri olaraq həbs edilən general Vidadi Məmmədova zəng edib. Bir neçə dəfə bu hal təkrar olunduqdan sonra isə, vergi məmurları “Zəfəroğlu İnşaat” şirkətinin fəaliyyəti ilə demək olar ki, maraqlanmayıblar. Daha sonra mənbə bildirir ki, Zəfər Məmmədovun həm bu biznesə, həm də MTN-lə əməkdaşlığa cəlb olunmasında keçmiş MTN naziri Eldar Mahmudovun yaxınlarından olan, “Akula” ləqəbli Akif Mustafayevin müstəsna rolu olub. Xatırladaq ki, bir müddət bundan əvvəl yayılan məlumatlarda “Akula Akif”in Azərbaycanı tərk etdiyi deyilmişdi. Qeyd olunmuşdu ki, o, oktyabrın 18-də, Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə uçub. Daha sonra A.Mustafayevin oradan da İspaniyaya getdiyi vurğulanmışdı. Həmçinin bu xüsusda yayılan məlumatlarda bildirilir ki, Akif Mustafayev ayrı-ayrı iş adamları haqda MTN rəhbərliyinə lazımi bilgilər verib, onları “ilişdirirmiş”. Sonradan isə, həmin iş adamlarına öz “köməyini” təklif edirmiş. MTN zabitləri ilə iş adamlarının arasında vasitəçilik görüntüsü yaradıb, külli miqdarda pul alırmış. Açıqlamalarda bu məqam da vurğulanır ki, “Akula Akif” bu “xidmətlərindən” sonra MTN-in “əlindən qurtardığı” iş adamlarının bizneslərinə 20-30 faiz şərik olmaqla, onlara “krışalıq” edirmiş. Bu gün əldə etdiyimiz məlumatlarda Akif Mustafayevin “Zəfəroğlu İnşaat”a şərik olduğuna dair heç bir dəlil təqdim edilmir. Bununla belə, mənbə Zəfər Məmmədovun özünün də digər şirkət rəhbərləri və iş adamlarına qarşı “Akula Akif”in üsullarını məharətlə tətbiq etdiyini vurğulayır. Həmçinin bildirilir ki, “Zəfəroğlu İnşaat” şirkətinin rəhbəri MTN rəhbərliyinə çirkli pulların yuyulması xüsusunda da “müstəsna əhəmiyyətli xidmətlər” göstərirmiş...mənbə:My Webpage
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. \\azerinews.org\\


0 0



Şərhlər (Facebook)