Azərbaycan İnformasiya Agentliyi (AİA)


"Nişan üzüyü" dil açıb danışır - 2 saylı Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva isə hələ də susur..


Tələbə qız nişan üzüyünü satmağa məcbur oldu-2 saylı Bakı Baza Tibb Kollecində imtahanlarda baş verən şok olaylar
KOLLECİN DİREKTORU DİLARƏ MƏMMƏDƏLİYEVANIN "PULLU TƏHSİL" SİSTEMİ
Adının çəkilməsini ehtiyat edən tələbə qız nişan üzüyünü sataraq ağlaya-ağlaya smestr imtahanlarını yola verməsindən danışdı
Həmkarlar İttifaqının sədri Simuzər Zeynalovanın fəaliyyəti nəinki tələbələri, hətta həmkarlarını da narazı salıb
Rüşvətxorluq və korrupsiya bütün dövrlərdə dövlətin inkişafına mane olan, cəmiyyətin maddi və mənəvi əsaslarını sarsıdan bəla hesab olunur. Təsadüfi deyil ki, ölkəmizdə hər zaman bu sağalmaz "xəstəliyə” qarşı mübarizə aparılır. Dövlət başçısı dəfələrlə çıxışlarında vurğulayıb ki, hər bir məmurun bir nömrəli vəzifəsi xalqa təmənnasız xidmət etmək, vəzifəsinin ona verdiyi səlahiyyətlərdən ancaq dövlətin inkişafı və vətəndaşların problemlərinin həlli istiqamətində istifadə etməlidir. Özünü "xalqın birinci xidmətçisi” adlandıran cənab prezident bunu bir tələb kimi hamını qarşısına qoymuşdur.
Lakin, özünü prezidentin yürütdüyü siyasi kursun "dönməz müdafiəçisi”, dövlətin "sadiq kadrı” hesab edən bir çoxlarının fəaliyyətinə nəzər saldıqda biz tamam başqa mənzərənin şahidi oluruq. Belə ki, rəhbərlik etdikləri sahələri şəxsi müəssisəsi hesab edərək istədikləri qanunları tətbiq edən, daha çox qazanmaq üçün bütün normaları tapdalayan məmurların fəaliyyəti ancaq dövləimizə zərbə vurmaq kimi qiymətləndirilə bilər. Əgər qeyd etdiklərimiz təhsil sistemində baş verərsə bu ümumiyyətlə ümummilli faciə hesab edilə bilər.
Son illərdə ölkədə təhsil sahəsində aparılan islahatlar özünün müsbət nəticələrini göstərməkdədir. Təhsil sahəsində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri və universitetlərlə yanaşı kolleclər sistemində də mütərəqqi reformaları nəzərdə tutur. Ümumiyyətlə isə kollec sistemi təhsil sahəsinin ayrılmaz və çox önəmli bir hissəsidir və bu sahədə əldə olunan uğur və nailiyyətlər təhsilmizin inkişafına böyük təkan verir. Lakin bu uğur və nailiyyətlər, rəhbərliyində səriştəsiz və məsuliyyətsiz kadrların durduğu tədris müəssisələri üçün əlçatmaz olaraq qalır.
2 saylı Bakı Baza Tibb Kollecində baş verənlərlə bağlı ilginc faktlar daxil olub. Məlumatlarda gələcəyin "sağlamlıq keşikçilərini” yetişdirən bu kollecin əslində özünün çox ağır "xəstəliyə” tutulduğu bildirilir. Bu xəstəlik isə yuxarıda qeyd etdiyimiz rüşvətxorluq və korrupsiya "xəstəliyidir” .
Verilən məlumatlarda bildirilir ki, kollecdə hökm sürən ab-hava burada tədrisin müasir tələblərə cavab verməməsinə, tələbələrə gəlir mənbəyi kimi baxılmasına səbəb olur. Dərəbəylik o həddə çatıb ki, tələbə qız smestr imtahanlarını yola vermək üçün nişan üzüyünü belə satır. Təbii ki, belə şəraitin yaranmasında kollecin direktoru Dilarə Məmmədəliyevanın "xüsusi əməyi” qeyd olunmalıdır. Məhz onun rəhbərliyi dövründə kollecdə rüşvət özünün çiçəklənmə dövrünə qədəm qoymuşdur. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, imtahan sessiyaları zamanı tələbələrə əsl divan tutulur. Burada əsas meyar heç də bilik yox, tələbənin maddi durumu hesab edilir. Bir imtahan sessiyasının başa çatması hər bir tələbəyə minimum 800-1000 manata başa gəlir. Kollecdə pulyığma işlərində direktorun ən güvənilən adamı Həmkarlar İttifaqının sədri Simuzər Zeynalova kollecdə aparılan bütün əməliyyatlar bilavasitə onun rəhbərliyi altında baş tutur. Direktorun "sağ əli” hesab olunan kollecdə öz həmkarlarının da sessiyada və tədris prosesində pul toplaması əməliyyatlarına rəhbərlik edir.
Məlumatlarda bildirilir ki, tələbələrdən pul toplanılması təkcə imtahan sessiyası ilə bitmir. Dərsdən yayınma hallarına görə də xüsusi "cəza məbləği” vardır. Ümumiyyətlə haqqını ödəyib dərsə gəlməyən tələbələr də çoxdur. Belələri direktorun "xüsusi qazanc” mənbəyi hesab olunur.
Redaksiyamıza verilən məlumatlara görə, artıq bütün əndazələri aşan rüşvətxorluq kollecdə müəllim və tələbələr arasında ciddi narazılıq yaradıb. Direktor Dilarə Məmmədəliyeva və Həmkarlar İttifaqının rəhbəri Simuzər Zeynalovanın əməlləri hamını narazı salıb.
Maraqlıdır ki, bütün kollektivi narazı salan belə acınacaqlı durum nədənsə Səhiyyə Nazirliyini narahat etmir. Görəsən Dilarə xanımın səhiyyə sahəsindəki hansı "xidmətləri” ona belə "toxunulmazlıq” statusu qazandırıb? Bütün təhsil sistemində "ad çıxarmış” kollecdə baş verənlərə seyriçi mövqe göstərməklə Səhiyyə Nazirliyi və digər aidiyyatlı qurumlar nəinki təhsil sisteminə, həmçinin gələcək səhiyyə sisteminə sağalmaz yaralar vurur.
Kollecdə baş verənlərlə bağlı araşdırmalarımız davam edir... Daha geniş məlumatlarla yaxın günlərdə sizləri tanış edəcəyik...
XəbərAl.az


0 0



Şərhlər (Facebook)