Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bakıda İran vətəndaşına qarşı quldurluq edən futbolçu həbs edildi


Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bakı şəhər sakini Miqdar Məmmədov, Abşeron rayon sakinləri Orxan Atayev və Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

Hökmə əsasən M.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Ev dustaqlığında olan şəxslər barəsində də həbs qətimkan tədbiri seçilib və onlar məhkəmə zalından həbs ediliblər. Orxan Atayevə 8 il cəza təyin edilib. Futbolçu Miqdar Məmmədov isə 4 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 3 nəfərdən yalnız Məhərrəm Məhərrəmov barəsində həbs-qətimkan tədbiri seçilib və müttəhimlər kürsüsünə çıxarılıb. O.Atayev və M.Məmmədov barəsində istintaq dövründə həbs-qətimkan tədbiri seçilsə də onlar sonradan azadlığa buraxılıblar.

Baş verən quldurluq hadisəsinin təfərrüatı haqda bildirək ki, 3 gənc kafedə oturub çay içirmişlər. Tanımadıqları iki nəfər də kafeyə daxil olaraq yan masada əyləşiblər. Bir müddət sonra onlar arasında münasibət yaranıb və söhbət etməyə başlayıblar.

Daha sonra İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyev gənclərdən onları daha yaxşı əylənə, yeyib-içə biləcəkləri bir məkana aparmalarını istəyiblər və bildiriblər ki, onların hesabını da ödəyəcəklər.

Bakıda məkanlardan birinə gələn şəxslər yeyib-içiblər. Hesabın 750 manat olması yeni tanışların, necə deyərlər, ləzzətini qaçırıb. Əsasən də İran vətəndaşının... O, bu qədər hesabı ödəməkdən imtina edib və yalnız özünün və tanışının payına düşən pulu ödəyib.

Gənclərdən Məhərrəm Məhərrəmov da telefonunu girov qoyaraq qalan məbləği gətirməyə gedib.

Onlar kafedən birlikdə çıxıblar. Binəqədi rayonunun Fatmayi qəsəbəsinə çatanda onlar mübahisə ediblər. 3 gənc dost Murtəza Azərə və Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pullarını alıblar.

Məlum olub ki, saxlanılanlardan Miqdar Məmmədov Məhərrəm Məhərəmovun qaynıdır. Məhərrəm Məhərrəmov saxlanılarkən cəmi 17 gün əvvəl toyu olubmuş.

M.Məmmədov isə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və paytaxt Bakının "Keşlə" (keçmiş "İnter") klubunun azyaşlılardan ibarət heyətininin üzvü olub.


0 0



Şərhlər (Facebook)