Azərbaycan İnformasiya Agentliyi (AİA)


İsrail səfirliyində Eynulla Fətullayevlə təhlükəsizlik əməkdaşları arasında qarşıdurma


İsrail səfirliyində Eynulla Fətullayevlə təhlükəsizlik əməkdaşları arasında qarşıdurma
Azərbaycan XİN bu günlərdə Bakıdakı İsrail səfirliyində haqqin.az və virtualaz.org portallarının təsisçisi, jurnalist Eynulla Fətullayevlə səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşları arasında baş vermiş qarşıdurmaya münasibət bildirib. Nazirlik diplomatik nümayəndəliyi Vyana konvensiyasının tələblərinə əməl etməyə çağırıb.

Xəbər verildiyi kimi Eynulla Fətullayev İsrailə turist vizası almaq üçün səfirliyə müraciət edib. Lakin elə səfirliyin girişindəcə kobud rəftara məruz qalıb. Jurnalistə kobud formada “əlini cibindən çıxarmaq” əmr olunub. E.Fətullayev bu kobudluğa cavab verəndə səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri müdaxilə edib və əməkdaşı kobud rəftarına görə üzr istəmək əvəzinə jurnalistə qarşı daha bir kobudluq edib. “Bura İsrail ərazisidir” deyərək istədikləri rəftarı edə biləcəklərini nümayişkarənə şəkildə çatdırıb. Bu insidentin mətbuata çıxmasından sonra sosial şəbəkələrdə İsrail səfirliyində viza üçün müraciət edənlərə qarşı kobud rəftara məruz qalmış çoxsaylı istifadəçilər məsələyə reaksiya veriblər. Məlum olub ki, İsrail səfirliyində bu adi praktikadır.

Nəticədə məsələyə Azərbaycan XİN öz münasibətini bildirməli olub. Nazirlikdən insidentlə bağlı virtualaz.org-a daxil olmuş bəyanatda bildirilir: “Diplomatik və Konsulluq münasibətlərə dair Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirliklər və baş konsulluqların öz fəaliyyətlərini lazımı şəkildə həyata keçirmələri, diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi üçün qəbul edən ölkə olaraq Azərbaycan Respublikası tərəfindən bütün lazımı tədbirlər görülür”.

XİN təəssüflə qeyd edir ki, ölkəmizdə fəaliyyət göstərən bəzi diplomatik nümayəndəliklərdə viza rəsmiləşdirilməsi üçün müraciət edən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə kobud və diplomatik etikaya sığmayan davranışın nümayiş etdirilməsi barədə Xarici İşlər Nazirliyinə vətəndaşların haqlı narazılıqları, media nümayəndələrinin sorğuları mütəmadi daxil olur. Həmçinin, diplomatik korpusun nümayəndələri tərəfindən yol hərəkəti və avtomobillərin parkinq qaydalarının pozulması halları barədə XİN-nə vətəndaşlar və aidiyyəti dövlət orqanları tərəfindən haqlı şikayətlərlə müraciət edilir. Bu qəbildən olan narazılıqlar və şikayətlər diplomatik kanallar vasitəsilə aidiyyəti ölkələrin diplomatik nümayəndəliklərinə çatdırılır.

“Fürsətdən istifadə edərək ölkəmizdə akkreditasiya olunmuş diplomatik nümayəndəlikləri Diplomatik və Konsulluq münasibətləri haqqında Vyana Konvensiyasının tələblərinə, yerli qanunlara hörmətlə yanaşmağa, diplomatik immunitet və imtiyazlardan sui-istifadə hallarına yol verməməyə çağırırıq”-Azərbaycan XİN bildirir.


0 0



Şərhlər (Facebook)