Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Aquapark”da ölən şəxsin qardaşı danışdı: “Dedilər ki, zırpı-zırpı oğlanlar çimir deyə, mühafizəçi qoymuruq” – VİDEO


Xəbər verdiyimiz kimi, dünən Novxanı qəsəbəsində yerləşən “Aqua park”da bədbəxt hadisə baş verib. Əvvəlcə mətbuata əyləncə mərkəzində olan attraksionda insanlar arasında toqquşma baş verdiyi və bu səbəbdən Zamiq Nağıyevin həyatını itirdiyi bildirilsə də, daha sonra mərkəzin meneceri Sevinc Rəşidova ölümə səbəb kimi qıcolmanı göstərib.

“Qafqazinfo”nun əməkdaşları da bu gün Balaxanıda Zamiq Nağıyevin yas mərasimində iştirak ediblər. Qardaşı Nicat Nağıyev mərhumun qıcolma və ya hər hansı bir xəstəliyinin olmasını qəti qəbul etmir. Mərkəzin təhlükəsizlik kameralarına baxan N. Nağıyev hadisəni belə şərh edib:
“Zamiq saat 13:36-da “Aqua park”a gəlib, hadisə isə 15:07-də baş verib. Attraksionun yuxarısında və ya aşağısında, ümumiyyətlə istirahət mərkəzində nəzarətçi yoxdur. Buna səbəb kimi insanların nəzarətçinin sözünə baxmamasını göstərdilər. Dedilər ki, zırpı-zırpı oğlanlar çimir, mühafizəçi də onlara bir söz deyəndə problem yaradırlar. Videodan görünür ki, Zamiq attraksionun aşağısında çimir, bu zaman yuxarıdan hələ ki, şəxsiyyəti bəlli olmayan bir nəfər sürüşüb Zamiqin başından bütün çəkisi ilə zərbə vurur. Daha sonra, Zamiqin hərəkətsiz olduğunu görən və yaxınlıqdakı masada yemək yeyən 17 yaşlı bir oğlan paltarlı formada suya tullanıb Zamiqi çıxarır. Ətrafdakı digər qonaqlar da ona kömək edirlər.

Özüm hüquqşünasam, maraqlandığım zaman məlum oldu ki, mərkəzdə nə həkim, nə nəzarətçi, nə mühafizəçi olub. İlkin tibbi yardımı belə hovuzda çimən şəxslər edib.

Orada sürüşən şəxs də aşağıda kiminsə olub olmadığını görə bilmir. Onlara nəzarətçilər xəbərdarlıq etməlidir. 35 yaşlı biri 1.30 metrlik hovuzda boğula bilməz”.

N. Nağıyev qeyd edib ki, bu məsələni boş buraxan deyil:

“Bu, 3-cü hadisədir, artıq nəsə bir tədbir görmək lazımdır. 6 nəfərin izahatını alıblar heç birinin əmək müqaviləsi yoxdur. Elə bu şirkətin əmək məcəlləsində 100-120 min mülki məsuliyyəti var. Elə bir yerdə istirahət etməyi heç kimə məsləhət görmürəm. Hər an hər şey ola bilər”.
“Aquapark”da ölən şəxsin qardaşı danışdı: “Dedilər ki, zırpı-zırpı oğlanlar çimir deyə, mühafizəçi qoymuruq” – VİDEO

Qeyd edək ki, Z. Nağıyev evli olub, 5 yaşlı oğlu, 1 yaşlı qızı var. O, turizmlə məşğul olub və insanları turistik yerlərə aparmaqda xidmət göstərib. Həmin gün də qonaqlarını ora apardığı ehtimal edilir. Hazırda polis hadisəni törədən şəxsi axtarır.



0 0



Şərhlər (Facebook)