Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bakı-İstanbul reysinin sərnişinində tapılanlar çaşdırdı


Bakı-İstanbul reysinin sərnişinində tapılanlar çaşdırdı

Sərnişinin çemodanından 150 000 dollar aşkarlanıb
Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir. ANS PRESS-in Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən J2 077 saylı Bakı-İstanbul aviareysi ilə getmək istəyən Azərbaycan vətəndaşı Rasim Ağabala oğlu Rüstəmovun hərəkətləri şübhəli olduğu üçün saxlanılıb. Müvafiq qanunvericiliyə uyğun olaraq ona məxsus baqaja gömrük baxışı keçirilib və üzərində şəxsi yoxlama aparılıb.

Gömrük baxışı zamanı R. Rüstəmova məxsus qara rəngli çamadanın içərisindəki şəxsi əşyaların arasından 6 ədəd bağlamada gömrük sərhədini keçərkən bəyan etmədiyi 140 000, üzərindən isə 10 000 - ümumilikdə 150 000 ABŞ dolları aşkar edilib.

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda isə Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşı Tomaev Şahin Əhməd oğlunun idarə etdiyi “Renault” markalı, 90 JZ 606 və 10 ZH 735 dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin salonunda yataq yerinin altında olan yeşikdən “Desmopressin” adlı 298 flakon dərman preparatları gömrük nəzarətinə bəyan olunmamış şəkildə aşkar edilərək saxlanılıb.

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.


0 0



Şərhlər (Facebook)