Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Roma”-“Qarabağ” matçına doğru – FOTOLAR


Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" səfərdə "Roma" ilə qarşılaşacaq.

Musavat.com xəbər verir ki, bu qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün avrokubok mövsümünün son sınağı olacaq. Çünki bu matçın nəticəsi komandamızın mövqeyini dəyişməyəcək. C qrupunda sonuncu yeri tutan “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsindəki debütünü İtaliya paytaxtında yekunlaşdıracaq. Bu oyun Qurbanovun yetirmələri üçün əhəmiyyət kəsb etməsə də, təmsilçimiz səfərdə sensasiyaya imza atmağa, apenninliləri büdrətməyə iddialıdır.

Cəzalı Rəşad Sadıqov və Pedro Enrikenin yoxluğunda Ağdam klubunun gücü xeyli dərəcədə zəifləyib. Qurbanov oyundan öncə, “Futbolçular ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar. Çempionlar Liqasında hansı səviyyəyə çatdıqlarını göstərmək üçün böyük şans olacaq” deyib. Bu da matçın nə qədər gərgin və maraqlı keçəcəyinin mesajıdır.

Qarşılaşma “Qarabağ” üçün formal xarakter daşısa da, “Roma” üçün həlledicidir. Çünki 1/8 finala vəsiqə qazanmaq üçün italiyalılar mütləq qələbə qazanmalıdır.

Çempionumuz xal əldə etsə, İspaniya “Atletiko”su üçün şans yaranacaq. Madrid klubu “Çelsi”ni səfərdə yenib, “Qarabağ”ın sensasiyasına ümid etməlidir. “Roma” isə xal itirsə, “Çelsi”nin qələbəsindən asılı vəziyyətə düşəcək. Bu üzdən də romalılar meydana yalnız 3 xal üçün çıxacaq.

Romanın bütün əsas küçələrində italyan qızlar “Roma”-“Qarabağ” matçına bilet satırlar. Matç üçün biletlərin qiyməti isə müxtəlifdir. Yerli tamaşaçılar üçün ən ucuz bilet 30 avrodan başlayır. Azərbaycanlı tamaşaçılar üçün isə biletin qiyməti 40 avrodur.

Məlumata görə, İtaliyada yaşayan azərbaycanlılardan 100 nəfər oyuna bilet alıb. Ümumiyyətlə isə “Roma”-“Qarabağ” matçına 35 min bilet satılıb. Oyuna qədər bu göstəricinin daha da artması gözlənilir.

Qeyd edək ki, “Roma” - “Qarabağ” görüşü sabah “Olimpiko” stadionunda keçiriləcək və saat 23:45-də start götürəcək.

Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
C qrupu
5 dekabr

23:45. “Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Tobias Stieler
Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Seydel
Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers
Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)
Roma. Olimpiya stadionu
İtaliyaya ezam olunmuş əməkdaşımızın həmin məşqdən çəkdiyi fotoları təqdim edirik:

Məhəmməd Türkmən
Musavat.com, Roma
Fotolar müəllifindir


0 0



Şərhlər (Facebook)