Azərbaycan İnformasiya Agentliyi (AİA)


Sahibkarlara 263,6 milyon manat güzəştli kredit verilib


Sahibkarlara 263,6 milyon manat güzəştli kredit verilib

Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbir noyabrın 15-də Masallı rayonunun Ərkivan kəndində keçirilib. Tədbir çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 40 sahibkara 529,5 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 70-ə yaxın yeni iş yerinin açılmasına imkan verəcək. 90-a yaxın sahibkarın iştirakı ilə keçirilmiş tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Masallıda prioritet hesab olunan kiçik və ya orta həcmli çörək istehsalı, kiçik cins heyvandarlıq və istixana təsərrüfatlarının və tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədov dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulamış, regionların sosial-iqtisadi mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramlarının xüsusi rolunu qeyd edib, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Lənkəran iqtisadi rayonunda, o cümlədən Masallıda görülən işlər, nəzərdə tutulan tədbirlər, sahibkarlığın inkişafı istiqamətində görülmüş işlər barədə məlumat veriblər.
Sonra çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3935 investisiya layihəsinin maliyyələşdirilməsinə 263,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 11 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1522 investisiya layihəsinin maliyyələşdirilməsinə 68 milyon manat güzəştli kredit verilib. Verilmiş güzəştli kreditlər 10 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində Masallıda dövlətin güzəştli krediti ayrılmış mebel istehsalı müəssisəsinin, 3 hektar ərazidə yaradılmış faraş tərəvəz məhsulları istehsal edən istixana təsərrüfatının fəaliyyətinə və 2 ha ərazidə yaradılmaqda olan istixana təsərrüfatında aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Zeynəb, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)