Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ölkədə işləyənlərin yalnız 4 faizi min manatdan artıq qazanca malikdir


Ölkədə işləyənlərin yalnız 4 faizi min manatdan artıq qazanca malikdir

Statistikaya əsasən əhalinin 52 faizi 300, 34 faizi isə 150 manata qədər qazanır. Dövlət Statistika Komitəsi ölkə üzrə aylıq gəliri 1000 manat və daha çox olanlar barədə son məlumatları açıqlayıb (GMM). Hesabata görə, məşğul əhalinin yalnız 3,8 faizi ayda 1000 manat və daha çox qazanır. Göstəricilər 2012-ci ilin noyabr ayına olan vəziyyəti əks etdirir. Son 1 ildə əhalinin gəlirləri üzrə təsnifatında müəyyən dəyişiklik olub. Ancaq rəsmi statistika dəyişikliyin nədən ibarət olmasını açıqlamır. Sadəcə 2012-ci ilin göstəricilərini ictimailəşdirib. Rəsmi statistikaya görə, məşğul əhalinin cəmi 1,3 faizi ayda 1700 manatdan çox qazanır. İllik hesablamada onların çəkisi 0,3 faiz artıb. 1000 manat və daha çox alanlar 3,8 faizdir. Bu göstərici 2011-ci ilin noyabrı ilə müqayisədə 0,6 faiz çoxdur. 2012-ci ilin noyabrında Azərbaycanda muzdlu işçilərin sayı 1,4 milyon nəfərdir. Muzdlu işçilərin 1,7 faizi minimal maaş (93,5 manat) qədər qazanır. Son bir ildə işəgötürənlər onların maaşını cəmi 1 faiz artırıb. Muzdla işləyənlərin üçdə biri 2012-ci ilin noyabrında 94-150 manat alıb. Cari ildə də bu göstərici dəyişməyib. Məşğul əhalinin 52 faizi 300 manata qədər qazanır. Muzdlu işçilərin 24 faizi 301-700 manata qədər maaş alıb. Bu, göstərici də son 2 ildə dəyişməyib. Rəsmi statistika da etiraf edir ki, ipoteka kreditlərindən yalnız məhdud bir qrup faydalana bilər. Statistika Komitəsinin məlumatına görə, işləyənlərin 6,3 faizi ipoteka ilə ev ala bilər. Bu təbəqənin gəliri 701-1700 manat arasında dəyişir. 2011-ci ildə bu göstərici 5,3 faiz idi. Hasilat sənayesində çalışanların 30 faizi 500 manata qədər əməkhaqqı alır. Bu, bir il öncəki göstəricidən 3,1 faiz azdır. Bu sektorda işçilərin üçdə biri ayda 501-1000 manat maaş alır. 2011-ci ilin noyabrında hasilat şirkətlərində işçilərin 13,9 faizi 1700 manatdan çox alıb. Ötən ilin noyabrında bu göstərici 17,5 faiz idi. Deməli, neft sektorunda çalışanların da gəlirləri azalmağa doğru gedir. Ölkənin maliyyə sektorunda çalışanların 47,3 faizinin gəlirləri 500 manata qədərdir. Personalın üçdə biri (34,4 faizi) ayda 501-1000 manat qazanır. Bank və sığorta şirkətlərinin rəhbər heyəti (10,5 faizi) ayda 1700 manatdan çox maaş alır. 2012-ci ilin noyabrında 150 manata qədər maaş alanlar hamıdan çox olub - 34,3 faiz. Kənd təsərrüfatı müəssisələrində bu göstərici 64,2, daşınmaz əmlak alqı-satqısı sektorunda 52,8, səhiyyə və sosial xidmətlərdə 59, istirahət, əyləncə və incəsənətdə 48,3, ticarət və avtotəmirdə 44,4 faiz olub. Təhsil sektorunda çalışanların 4 faizi 2012-ci ilin noyabrında 93,5 manat alıb. Müəllimlərin 36,5 faizi 150 manat qazanıb. Müəllimlərin 52,5 faizini maaşı 500 manata qədər olub. Rəsmi olaraq 1000 manatdan çox alan müəllim yoxdur. Həmçinin rəsmi statistika ölkədə orta aylıq əmək haqqının 403 manat olduğunu bəyan edir.

Ülvi, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)