Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycan və Tatarıstan arasında iqtisadi əlaqələr məhkəmləndiriləcək


Azərbaycan və Tatarıstan arasında iqtisadi əlaqələr məhkəmləndiriləcək

Rusiya Federasiyasının Tatarıstan Respublikasının baş nazirinin müavini, Sənaye və Ticarət naziri Ravil Zaripovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində Tatarıstan nümayəndə heyəti dekabrın 3-də Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşdur. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, abidəsi önünə çiçək dəstələri düzmüşlər. Tatarıstan nümayəndə heyəti Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini də ehtiramla yad etmişlər.
Həmin gün Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Tatarıstan Respublikasının baş nazirinin müavinin, Sənaye və Ticarət naziri Ravil Zaripovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdən əvvəl Tatarıstan nümayəndə heyəti Bakı Biznes Mərkəzində Azərbaycanın sosial-iqtisadi inkişafına dair sərgi ilə tanış olmuşdur. Nazir Şahin Mustafayev qonaqlara Azərbaycan iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən layihələr barədə ətraflı məlumat vermişdir. Görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Rusiya Federasiyası, o cümlədən Tatarıstan Respublikası ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyini bildirmiş, dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulamışdır. Qeyd olunmuşdur ki, Azərbaycan və Rusiya arasında əlaqələr siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla davam edir və əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsindədir. Ölkələrimiz arasında möhkəm müqavilə-hüquqi baza yaradılmış, indiyədək 160-dan çox, o cümlədən iqtisadi sahədə 30-dan artıq sənəd imzalanmışdır. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın indiyədək 13 iclası keçirilmişdir. Rusiya Azərbaycanın qeyri-neft sektoru sahəsində başlıca ticarət tərəfdaşlarındandır. 2013-cü ilin on ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 22% artmışdır. Nazir Şahin Mustafayev bildirmişdir ki, bu gün Azərbaycan Rusiyanın 83 federal subyektindən 72-i ilə, həmçinin Tatarıstan Respublikası ilə uğurlu əməkdaşlıq edir. Son 3 ildə Azərbaycan və Rusiya Federasiyasının subyektləri arasında 13 biznes forum keçirilmişdir. Bildirilmişdir ki, Azərbaycan və Tatarıstan nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan və Tatarıstan arasında Hökumətlərarası Komissiya fəaliyyət göstərir, parlamentlərarası əməkdaşlıq uğurladavam edir. Nazir Şahin Mustafayev Azərbaycan və Tatarıstan arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulamış, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət əlaqələrinin inkişafı, sənaye parkları sahəsində təcrübə mübadiləsi, biznes forum və sərgilərin təşkili sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırmışdır.
Rusiya Federasiyasının Tatarıstan Respublikasının baş nazirinin müavini, Sənaye və Ticarət naziri Ravil Zaripov Rusiya Federasiyasının digər subyektləri kimi, Tatarıstan Respublikasının da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamış, ölkəmizdəki dinamik iqtisadi inkişafdan məmnunluğunu ifadə etmişdir. Tatarıstan iqtisadiyyatı barədə məlumat verən Ravil Zaripov hər iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə etməklə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd etmişdir. R.Zaripov dekabrın 4-də keçiriləcək Azərbaycan-Tatarıstan işgüzar görüşünün iş adamları arasında əlaqələrin qurulmasında və mövcud əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağını vurğulamışdır.
Görüşdə iştirak edən Tatarıstan şirkətləri fəaliyyətləri barədə məlumat vermiş, Azərbaycandakı dinamik iqtisadi inkişafdan, iş adamları üçün yaradılmış əlverişli biznes və investisiya mühitindən məmnunluqlarını bildirmişlər.
Azərbaycana səfər çərçivəsində Tatarıstan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirəcək, Səngəçal Neft Terminalı və Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olacaq.

Aysu, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)