Azərbaycan İnformasiya Agentliyi (AİA)


11 min 700-ə yaxın yeni iş yeri açılacaq


11 min 700-ə yaxın yeni iş yeri açılacaq

Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini dekabrın 5-də Bərdə rayonunun Mirzalıbəyli kəndində keçirib. Tədbir çərçivəsində 60 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 1,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Verilmiş kreditlər əsasən, istixana təsərrüfatlarının yaradılması, heyvandarlıq, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. 80-dək sahibkarın iştirak etdiyi tədbir çərçivəsində Bərdə rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan pambıqçılıq, taxılçılıq, qarğıdalı istehsalı, bağçılıq, kiçik cins heyvandarlıq təsərrüfatlarının, kiçik həcmli meyvə-tərəvəz emalı, plastik qapı-pəncərə və tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, Aran regional bölməsinin müdiri Elbrus Hüseynov dövlət başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğısı nəticəsində ölkənin digər regionları kimi, Bərdədə də yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 4229 investisiya layihəsinin maliyyələşdirilməsinə 268,2 milyon manat güzəştli kredit verildiyini, bu kreditlərin reallaşdırılmasının 11 min 700-ə yaxın yeni iş yerinin açılmasına imkan verdiyini qeyd edib. Bildirilib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 316,8 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 28000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbir çərçivəsində Bərdədə güzəştli kredit ayrılmış soyuducu anbar kompleksinin, ildə 16,7 min ton süd, 1,2 min ton ət istehsal etmək gücünə malik olan heyvandarlıq müəssisəsinin və ət kəsimi fabrikinin fəaliyyətinə baxış keçirilib.

Aysu, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)