Azərbaycan İnformasiya Agentliyi (AİA)


Hökumət rəsmisi: Aparılan islahatlar manatı möhkəmləndirib



Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham-Azerbaijan”) birgə təşkilatçılığı ilə “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda konfrans keçirilir.

Azerbaycaninfo.az APA-ya istinadən xəbər verir ki, konfransda açılış nitqi ilə baş nazirin birinci müavini Yaqub Eyyubov çıxış edərək bildirib ki, aparılan islahatlar nəticəsində makroiqtisadi sabitlik təmin olunub, manat möhkəmlənib.

“Bununla yanaşı, bu ilin ilk 4 ayı nəticəsində qeyri-neft sektorunun ÜDM-də payı 2% artıb”, - deyə Y.Eyyubov əlavə edib.

Daha sonra çıxış edən İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, dövlət-özəl sektor dialoqu və əməkdaşlığı davamlı iqtisadi artımın təmin olunmasında özəl sektorun rolunun gücləndirilməsi üçün əlverişli imkanlar yaradır.

V.Qasımlı xüsusi olaraq bildirib ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” Azərbaycanda islahatların ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli düşünülmüş və təkcə qısamüddətli deyil, həm də orta və uzunmüddətli hədəflərə istiqamətlənməsini göstərir: “İndiyədək baş verən qlobal böhranlar Azərbaycandan yan keçib. Buna hökumətin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində nail olmaq mümkün olub.

Lakin heç bir tsikl daimi deyil. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar nəticəsində qlobal böhranın Azərbaycana təsiri minimuma endirilib”.

Daha sonra konfransda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Dövlət Statistika Komitəsinin sədri Aydın Əliyev, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və vergilər nazirinin birinci müavini Sahir Məmmədxanovun çıxışı nəzərdə tutulub.


0 0



Şərhlər (Facebook)