Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Kontakt Home” məhkəməni uduzdu: Şirkətdə yoxlama aparılacaq



1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi kompüterlərə yüklənmiş “Microsoft”un lisenziyasız proqram təminatı və bu kompüterlərin təkrar satışı ilə məşğul olan şirkətə qarşı müəllif hüquqlarına dair Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiqi ilə bağlı ilk dəfə olaraq qərar qəbul edib.

Azerbaycaninfo.az xəbər verir ki, bu barədə “Marja”ya “Microsoft”un Azərbaycanda media işlərini həyata keçirən “RED Communications” şirkətindən bildirilib.

“ABC Telecom” şirkəti “Kontakt Home” mağazalar şəbəkəsi vasitəsi ilə müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.

Məhkəmənin qərarına əsasən, “ABC Telecom” şirkəti (“Kontakt”) tərəfindən “Microsoft”un lisenziyasız proqram təminatının satışı və istifadəsinə qadağa qoyulub.

Apellyasiya müraciəti zamanı qərara məhkəmə tərəfindən yenidən baxılacaq.

Məhkəmə icraçıları qərarın yerinə yetirilməsinə nəzarət etmək məqsədilə “Kontakt” mağazalarında mühasibat hesabatları ilə tanış olub, anbarlarda müntəzəm yoxlamalar aparmaq hüququna malikdirlər.

Bu qərar lisenziyasız proqram təminatının yayılması və istifadəsinin aradan qaldırılması üçün Azərbaycan hökumətinin qəti qərarını bir daha vurğulayır.

Proqram təminatının saxtalaşdırılması və lisenziyasız proqram təminatının tətbiqi Azərbaycan kompüter istifadəçiləri üçün kibertəhlükəsizlik baxımından ən geniş yayılmış risklərdəndir.

Beləliklə, yalnız lisenziyalı proqram məhsullarının satışı və istifadəsi şəxsi və biznes kibertəhlükəsizliyinin təməl daşıdır.


0 0



Şərhlər (Facebook)