Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirilib


“Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirilib

“Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı ölkə iqtisadiyyatının inkişafı, makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsi, yeni müəssisə və iş yerlərinin yaranması və s. istiqamətlərdə bir sıra mühüm işlər həyata keçirilmişdir.
Dövlət Proqramının yerinə yetirilməsi çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı və İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin dəstəyi ilə Ağstafa rayon Mədəniyyət Mərkəzində “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirilmişdir.
Tədbirdə bir sıra rəsmi şəxslərlə yanaşı, Bakı şəhəri, Ağstafa, Tovuz və Qazax rayonlarından 200-dən çox sahibkar iştirak etmişdir.
Forumda Dövlət Proqramının yerinə yetirilməsi, sənayenin şəhərlərlə yanaşı regionlarda inkişaf etdirilməsi, sahibkarlığın inkişafında yeni mərhələ və s. məsələlər müzakirə olunmuşdur.
Ağstafa rayonu İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxışında bildirmişdir ki, ölkə prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun artırılması və rayonların dotasiyadan asılılığının aradan qaldırılması istiqamətindəki tapşırıqlarının icrası sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması istiqamətində də Ağstafa rayonunda bir sıra tədbirlər həyata keçirilib. Rayonda fəaliyyət göstərən sahibkarlıq subyektləri barədə məlumat verən Məhərrəm Quliyev rayonda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində qabaqcıl təcrübənin olduğundan da söhbət açıb. Cari ilin 9 ayı ərzində rayonda 1183 nəfər işlə təmin olunmuş, onlardan 87,5% daimi iş yeridir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirmişdir ki, son illərdə uğurla həyata keçirilmiş dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan vermişdir.
Məmməd Musayev qeyd etmişdir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər regionlarında qeyri-neft sahələrinin, xüsusilə kənd təsərrüfatının sabit inkişafına zəmin yaratmış, ölkədə yeni iş yerləri açılmışdır. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinə uyğun surətdə biznes mühitinin əlverişliyinin artırılması ilə bağlı geniş tədbirlər planı hazırlanmış, biznes mühitin təkmilləşdirilməsi, təşviq və imtiyaz mexanizmlərinin tətbiqi, sosial rifahın yaxşılaşdırılması, maliyyə-bank sisteminin sağlamlaşdırılması ilə bağlı onlarla islahat həyata keçirilmışdir. Qeyd edilən rəsmi sənədlərin hər birinin hazırlanması zamanı regionlarda sahibkarların fikirləri, təklifləri öyrənilmişdir.
Qeyri-neft sektorunun inkişaf etdirilməsində sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı ölkə rəhbərliyinin ən çox önəm verdiyi məsələlərdən olduğunu deyən ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, ölkədə fermerlər üçün bir sıra güzəştlərin müəyyən edilməsi, onların torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad edilməsi, onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, ayrı-ayrı sahələr üzrə dövlət tərəfindən subsidiyaların ayrılması kənd təsərrüfatının inkişafına və səmərəliliyinin artırılması və s. kimi məsələlərin özəl sektorun inkişafına, bununla yanaşı regionların inkişafına təkan verməkdədir.
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında bildirmişdir ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırılıb. Ölkədə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin fəaliyyəti üçün cəlbedici investisiya şəraiti yaradılıb,ölkə prezidentinin tapşırığı ilə yoxlamaların müddətinin növbəti dəfə uzadılması da sahibkarlığın inkişafına yönələn addımdır. Son vaxtlar həyata keçirilən sosial- iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın inkişaf etidiyini deyən Sahib Məmmədov bazar araşdırması aparmağın, bu sahədə baş verən prosesləri yaxından izləməyin sahibkarlar üçün faydalarından da söhbət açıb.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd etmişdir ki, ölkə prezidenti tərəfindən kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir. Dövlət tərəfindən aqrar sahəyə qayğının artırılması istiqamətində subsidiyaların və vergidən azadolma, bu sahədə həyata keçirilən təşviqedici layihələr fermerlər tərəfindən yüksək qiymətləndirilir. Tütün, barama, pambıq və s. sahələrdə ciddi irəliləyişlərin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran nazir müavini bildirib ki, Aqrolizinq ASC tərəfindən bu il 10 000 (min) yaxın texnika gətirilərək istifadəyə verilib. İl ərzində daha çox sahibkarlarla görüşdüklərini deyən İlham Quliyev vurğulayıb ki, fermerləri narahat edən məsələlər qısa müddət ərzində kənd təsərrüfatı əməkdaşları tərəfindən diqqətlə araşdırılıb. Gələcəkdə də sahibkarlarla görüşlər davamlı olacaq.
Qazax rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşov ötən dövrdə Azərbaycanın bölgələrində iqtisadi və sosial inkişafın ən yüksək səviyyədə təmin olunduğunu, rəhbərlik etdiyi rayonun da ölkənin qeyri-neft sektorunun inkişafında xüsusi payının olduğunu qeyd edib. Bölgənin inkişafının sürətləndirilməsi, hədəflərə çatmaq üçün zəruri tədbirlərin görülüldüyün deyən Rəcəb Babaşov Azərbaycanın sürətli inkişafında bölgələrin hər bir rayonun üçün spesifik istehsal sahələri yaradılır. 2017-ci ilin 9 ayı ərzində Qazaxda 10 yeni müəssəsisə yaradılıb, 1350 daimi olmaqla, 1391 yeni iş yeri açılmışdır. Cari il ərzində rayonda əsas kapitala yönləndirilən investisiyanın həcmi 46 mln.570 min 979 manat olub. Bunun 28 mln.168 min 423 manat sənaye müəssisələri,17 mln.237 min 556 manat isə kənd təsərrüfatı, qalan məbləğ isə digər sahələrin payına düşür. Daha çox kənd təsərrüfatı və tikinti sektoru üzrə sahibkarlıq fəaliyyəti inkişaf etmişdir.Cari il ərzində sahibkarlarla 15 görüş keçirilib, bundan sonra da davam etdiriləcək.
Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov çıxışında ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı regionlarda həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və Tovuz rayonunda əldə edilmiş uğurlar barədə çıxış edib.
Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azexport.az-ın təmsilçisi, Azərbaycan Banklar Assosiasiyası nümayəndəsi çıxış edərək ölkəmizdə yaradılan əlverişli investisiya mühiti, sahibkarlığa göstərilən dövlət qayğısından söhbət açıblar.
Daha sonra Ağstafa rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına söz verilmişdir. “Carçıoğlu Group” MMC, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC, Karvan-L Eko Sənaye Parkı, Saloğlu fərdi firmasının nümayəndələri və s. sahibkarlar müəssisələri haqqında ətraflı məlumat verərək, onlara yaradılan dövlət qayğısından söhbət açmışdılar.
Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilibdir.
Tədbirin sonunda qonaqlar tərəfindən Karvan-L Eko Sənaye Parkı, Saloğlu fərdi firmasına baxış keçirilmişdir.


0 0



Şərhlər (Facebook)