Azərbaycan İnformasiya Agentliyi (AİA)


Gürcüstanda benzin ucuzlaşdı, bəs niyə bizdə də...


Ekspert: “Gürcüstanda benzin bazarı tam sərbəstdir”

Xəbər verdiyimiz kimi, Gürcüstanda benzin və dizel yanacağının qiyməti aşağı düşüb.

Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatına görə, yanvar ayında brend yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti orta hesabla 2-5 tetri (0,008 - 0,020 dollar) arasında ucuzlaşıb.(APA)

Yanacağa olan qiymətin ucuzlaşması gürcü larisinin dollara qarşı möhkəmlənməsi ilə əlaqələndirilir.

Onu da qeyd edək ki, hazırda Gürcüstanda benzinin qiyməti 2,45-2,55 lari (0,98-1,02 dollar), dizelin qiyməti isə 2,25-2,42 lari (0,90-0,96 dollar) təşkil edir.

İqtisadçı-ekspert Natiq Cəfərlinin dediyinə görə, Gürcüstanda benzin bazarı tam sərbəstləşib: “Bu bazara dövlətin müdaxiləsi yoxdur, qiymətləri bazar müəyyənləşdirir. Dövlət ancaq ki, aksizlər və vergilərlə tənzimləyici rolunu oynayır. Gürcüstanın benzin bazarında 12 şirkət tam azad rəqabət şəraitində fəaliyyət göstərir. Rəqabət olduğuna görə neftin qiyməti, larinin məzənnəsindəki dəyişikliklərə çevik şəkildə uyğunlaşma gedir. Larinin dollara qarşı möhkəmlənməsi isə dünyada gedən trendlə bağlıdır. Dünyada uzun illərdən bəri ilk dəfədir ki, dollar indeksi 90 bənddən aşağı düşüb. Son bir ildə dollar 15 faizə yaxın dəyər itirib. Bunun nəticəsində lari dollara qarşı möhkəmlənir, dollarla alınan benzin da avtomatik ucuzlaşır”.

İqtisadçı bildirir ki, Gürcüstandan fərqli olaraq, Azərbaycanda benzinin qiymətini dövlət tənzimləyir: “Azərbaycanda qiymətləri Tarif Şurası müəyyənləşdirir. Yalnız super və premium markalı benzinlərin qiyməti sərbəst buraxılıb. Lakin burada da idxalı yalnız bir şirkət həyata keçirir, rəqabət mühiti yoxdur deyə qiymətlərdə hansısa ucuzlaşma olmur. Sərbəstləşəndən bəri premium markalı benzinin qiyməti 95 qəpikdən 1 manat 25 qəpiyə yüksəlib. Sərbəst bazar olsaydı, qiymətlərdə dövri olaraq dəyişikliklər görərdik”.

Onu da qeyd edək ki, dollar bütün dünyada dəyər itirsə də, Azərbaycanda manatın möhkəmlənməsi müşahidə olunmur. N.Cəfərlinin fikrincə, bu, manatın məzənnəsinin hökumət tərəfindən tənzimlənməsindən irəli gəlir: “Düzdür, Mərkəzi Bank birmənalı şəkildə bəyan edir ki, bizdə üzən məzənnə rejimidir. Lakin real fakt budur ki, bizdə heç zaman üzən məzənnə olmayıb. Hökumət hər zaman məzənnəni özü tənzimləyib. Artıq dünyanın nüfuzlu reytinq agentlikləri də Azərbaycan hökumətinin məzənnəyə təsir göstərdiyini açıqlayırlar. Hazırkı məzənnə hökumətə sərf edən məzənnədir. Büdcənin proqnozlaşması bu məzənnə ilə aparılıb. Buna görə də ən azı bu ilin sonunadək hökumətin məzənnədə ciddi dəyişikliyə yol verməyəcəyi aydın məsələdir”.

İqtisadçı-ekspertin sözlərinə görə, dollar-manat dəngəsi sabit saxlansa da, bu sabitlik manat-avro məzənnəsinə təsir göstərir: “Dollar ucuzlaşmadığı üçün bunun fərqini - çarpaz məzənnə fərqini avronun üzərinə gəlirlər, avro bahalaşır. Bunun nəticəsində isə avrozonadan gətirilən məhsullar bahalaşır”.



0 0



Şərhlər (Facebook)