Azərbaycan İnformasiya Agentliyi (AİA)


Standartlaşdırma Komitəsindən “Aztest” açıqlaması


 Standartlaşdırma Komitəsindən “Aztest” açıqlaması
Fazil Talıblı: “Belə məlumatları yayanlar Saleh Səmədovun işini gözü götürməyənlərdir”
“Yeni Müsavat”ın 10 sentyabr 2013-cü il tarixli sayında “Komitə sədrinin adamı Sabirabadda sahibkarlara qan uddurur” sərlövhəli məlumat dərc etmişdik. Məlumatda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Sabirabad ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiri Saleh Səmədovun sahibkarlardan qeyri-qanuni pul almasından, rəhbərlik etdiyi şöbənin Sabirabaddan İmişliyə keçirilməsindən söhbət açılırdı.
Yazı dərc olunandan sonra SMPDK şöbə müdiri Fazil Talıblı redaksiyamızla əlaqə saxlayaraq yazıda qeyd olunan məlumatların həqiqəti əks etdirmədiyini dedi: “Həmin yazıda belə ittihamlar var ki, Saleh Səmədov sahibkarlardan pul alır, idarəni Sabirabaddan İmişliyə köçürür və s. Saleh Səmədov Standartlaşdırma Komitəsinin nəzdindəki ”Aztest" adlı qurumun rəisidir. Saleh Səmədov həmin quruma yeni təyin olunub. Regionda tanınan şəxsdir, sahibkarlıqla da məşğul olur. Bunu qanun qadağan etmir. Çünki Saleh Səmədov təsərrüfat hesablı qurumun rəhbəridir".
Şöbə müdiri deyir ki, S.Səmədovun rəhbərlik etdiyi “Aztest” adlı qurum SMPDK tərəfindən akkreditə olunub: “Yəni ”Aztest"ə səlahiyyət verilib ki, bu və ya digər sahibkarın istehsal etdiyi malın laborator yoxlamasını həyata keçirib müvafiq sertifikat versin". Şöbə müdirinin sözlərinə görə S.Səmədov SMPDK-da çox uğurlu kadr hesab olunur: “Onun haqda yazıda qeyd olunan fikirləri deyənlər onun işlərini görməyən, gözü götürməyən şəxslərin cəfəng fikirləridir. Təəssüf ki, hər bir müsbət addıma qısqanclıqla yanaşan insanlar var”. Fazil Talıblı malların hansı qayda üzrə sertifikatlaşdırıldığını da açıqladı: “Sahibkar könüllü şəkildə istehsal etdiyi məhsulu sertifikatlaşdırmaq üçün ”Aztest"ə müraciət edir. Bundan sonra laborator yoxlama aparılır və bu yoxlamanın haqqı sahibkar tərəfindən bank vasitəsilə ödənilir. Elə məhsullar da var ki, məcburi sertifikatlaşdırılır. Heç kim deyə bilməz ki, ondan laboratoriya xərclərindən başqa pul tələb olunur. Müqavilədə göstərilən məbləğdən artıq heç kimdən pul tələb edilə bilməz. Belə bir fakt varsa, hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Həmin yazıda göstərilən məlumatlar tərəfimizdən təkzib olunur".


0 0



Şərhlər (Facebook)