Azərbaycan İnformasiya Agentliyi (AİA)


Həkimlər körpəni ana südündən niyə məhrum edir... - Süddə mikrob ola bilərmi?


Bəzən yeni doğulmuş körpələrdə qəbizlik və ya ishal halları baş verir. Bəzi həkimlər isə bunu ananın südünün körpəyə düşməməsi ilə əlaqələndirərək uşağı süddən kəsməyi və hazır qidalardan istifadə etməyi bildirir.

Məsələ ilə bağlı açıqlama verən pediatr Xəyalə Quliyeva bildirir ki, bəzi həkimlər bunu etməklə təəssüf ki, körpəni o cür nemətdən məhrum edir və hətta aylarca boş yerə körpəni müalicə edir.

"Ana südü tərkibindəki qoruyucu maddələrlə körpələrimizi mikroblardan qoruyan ilk peyvənddir. Onların immun sistemini qüvvətləndirən, tələbatına uyğun qidalı maddələrlə zəngin olan bu nemət necə uşağa ziyan verə bilər ki? (Bəzi hallar istisna). Son illər aparılan araşdırmalar göstərdi ki, ana südündə 100-dən çox mikrob var, amma bunlar xəstəlik qaynağı ola bilməz. Çünki sağlıqlı miqdarda olur”, - deyə pediatr bildirib.

X. Quliyeva qadınların ana südü üzərində aparılan müayinələrdən də danışıb: "Məlum olub ki, bütün qadınların ana südündə 90 bakteriya var. Lakin bunların insan bağırsağında normalda yaşayan və insanı pataloji mikroblardan, xərçəngdən və bir çox revmatoloji xəstəliklərdən qoruyan mikrob qrupu olması təsbit edilib. Bu araşdırma ana südündə mikrob var, süd vermək olmaz fikrinin üstündən bütünlükdə xətt çəkdi”.

Əksər qadın ikinci hamiləlik zamanı südü olsa belə bunun körpəyə zərərli olduğunu düşünərək verməkdən imtina edir. Pediatr doğru bilinən yanlış fikirlərdən də bəhs edib:

"Süd verən qadınlar yenidən hamilə qalırsa, tam əminliklə südünü hamiləlik sonlandırılana qədər verə bilər. Bu heç bir düşük riskinə və ya erkən doğuma səbəb olmur. Həmçinin süd yeyən körpə üçün təhlükə törətmir. Sadəcə bu zaman ananın qidalanması daha zəngin olmalıdır”.Medicina.az


0 0



Şərhlər (Facebook)