Azərbaycan İnformasiya Agentliyi (AİA)


BÖYÜK INSANLARIN ÖLÜM GÜNÜ OLMUR, YALNIZ DOĞUM GÜNÜ OLUR


Ona görə də onun ancaq və ancaq bu dünyaya gəlişindən, məqsədlərindən, mükəmməlliyindən çox qısa danışmaq istəyirik.

Səbrə, mərdliyə, dərin zəkaya, tər-təmiz qəlbə, övlad tərbiyə etmək bacarığına, insanları dinləmək və qiymətləndirmək qabiliyyətinə malik olan əsl Azərbaycan ziyalısı.
Kamil Həsənov 1948-ci ildə bəylərin, sultanların ana yurdu olan Laçında dünyaya göz açıb. Orta məktəbi də burada bitirib.
Sonra uzun yollar onu Bakıya gətirib. İlk ali təhsilini İqtisad Universitetində, ikinci Ali təhsilini isə Prezident yanında İdarəçilik Akademiyasında alıb. Kamil müəllim uzun müəddət İqtisad Universitetində və Plan İqtisad Kollecində müəllim və həm də kollecdə müdir müavini kimi fəaliyyətini davam etdirib. O, iqtisadiyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 20-yə yaxın elmi əsərin müəllifidir. Kamil Həsənovun tərcümeyi halında Sabunçu qəsəbə sovetinin deputatı kimi şərəfli bir səhifə də var. Dövlət və dövlətçiliyi hər şeydən uca və əbədi sayan Kamil müəllim ümumilli lider, əvəzsiz siyasi xadim Heydər Əliyevi daim Azərbaycanın xilaskarı hesab edib və ömür boyu onun ideyalarının carçısı olub.
Kamil Həsənov Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin siyasi kursunu daim dəstəkləyib və bu kursun təbliğatçısına çevrilib. O harda olmasından asılı olmayaraq Qarabağı bir nəfəs kimi ciyərlərinə çəkib, yolunda ölümə belə hazır olub.
Kamil Həsənov- vətən sevgisi, xeyirxahlıq, alicənablılıq, milli-mənəvi dəyərlərin ölçüləbilməyən milyonlarla tərəfini özündə daşıyan insan, əsl Azərbaycan ziyalısıdır.

Ömür yolu Laçından başlayıb və haralardan keçməyib ki…

O, dünyanın şərqindən qərbinə – ən müxtəlif yerlərə səyahət edib, fərqli iqlimləri, fərqli adamları, fərqli mədəniyyətləri daxilindən, ruhundan, mənəvi dünyasından keçirib. Böyüdükcə böyüyüb, bu dünyaya sığmayıb.
Hər kəs onun ətrafında olmaq istəyirdi. Görəsən niyə? Bu sualın cavabında çox mətləblər gizlənib.

Yaşamağın çok daha dərin bir anlamı var. İnsan yaşamağı anladığında gerçəkdən də yaşayır. Kamil Həsənov yaşamağı və onun sirlərini hələ 29 yaşında anlamışdı və bu dünyadakı missiyasını bu misralarla ifadə etmişdi

Kamiləm, ilhamı eldən alımışam
Elin şad günü ilə mən ucalmışam
Bəzən elsizləşib yetim qalmışam
Yazığın, yetimin atasıyam mən.



Dəqiq hədəfləri olmaq, dostlarını doğru seçmək, dəyərli həyat yaşamaq Kamil müəllimin adına yazılmışdı. Adı da onun haqqında hər şeyi deyir – kamil insan, böyük insan sözündən daha böyük insan.
Böyük insanların da ölüm günü olmur…



0 0



Şərhlər (Facebook)