Azərbaycan İnformasiya Agentliyi (AİA)


ƏBÜLFƏS QARAYEV RƏSSAMA "ƏMƏKDAR ARTİST" ADINI NECƏ VERDİRİB? - ŞOK


Mədəniyyət və Turizm Nazirliyi prezident İlham Əliyevə niyə yanlış sərəncam imzaladıb?

27 may 2018-ci il tarixdə ölkə prezidenti İlham Əliyev çox böyük humanizm göstərərək və səxavətlə imzaladığı sərəncamında 33 nəfərə «Xalq artisti», 7 nəfərə «Xalq rəssamı», 57 nəfərə «Əməkdar artist», 9 nəfərə «Əməkdar rəssam», 1 nəfərə «Əməkdar incəsənət xadimi», 12 nəfərə isə «Əməkdar mədəniyyət işçisi» fəxri titulu verib. Təqdir olunası bu yüksək humanizmə dolayı yolla “texniki qüsur” adı altında Mədəniyyət və Turizm Nazirliyi böyük bir xətaya yol verib. Dövlət Musiqi Teatrının və eləcə də ölkədə kifayət qədər tanınan nüfuzlu teatr rəssamı Nabat Səmədova «Əməkdar artist» fəxri adına layiq görülüb. Ömründə bir dəfə də olsun aktrisalıq etməyən rəssama belə bir fəxri adın verilməsi hansı səbəbdən baş verib?

Nabat Səmədova kimdir?

Prezident İlham Əliyevin «Əməkdar artist» fəxri adı ilə təltif etdiyi aktyorların siyahısında Nabat Səmədovanın adı 47-ci sırada yer alır. O, Qazaxda anadan olub. 1974-cü ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. Sonra təhsilini Moskvada davam etdirib. 1975-ci ildə Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb. Burada Cəfər Cabbarlının “Oqtay Eloğlu”, Əbdürrəhim Bəy Haqverdiyevin “Dağılan tifaq”, Sergey Mixalkovun “Bahalı oğlan” və sair tamaşalara quruluş verib. 1982-ci ildə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rəssam təyin edilmişdir. Bu teatrda Hüseyn Cavidin “Afət”, İvaç Karaçalının “İtirilmiş məktub”, Azat Abdulinin “13-cü sədr” və başqa əsərlərə uğurlu tərtibatlar verib. Rəssamın son dövr yaradıcılığı Dövlət Musiqili Teatrı ilə bağlıdır. O, bu teatrda görkəmli bəstəkar Sərdar Fərəcov və dramaturq Əli Əmirlinin “Səhnədə məhəbbət”, bəstəkar Oqtay Rəcəbov və dramaturq Aqşin Babayevin “Əlin cibində olsun”, bəstəkar Ramiz Mustafayev və dramaturq Cahangir Məmmədovun “Məsmə xala dayımdır”, Sərdar Fərəcovun Rəşad Nuri Güntəkinin əsərinə yazdığı liberttesou və musiqisi əsasında “Bir günlük siğə”, Üzeyir Hacıbəylinin "Arşın mal alan”, Mark Kamolettinin "Xoşbəxt ailə oyunu oynayırıq və ya fransizsayağı qarnir”, ünlü bəstəkar Emin Sabitoğlu və Cahangir Məmmədovun “Www.ferzeli-kef.com (On minlik kef), fransız dramaturqu Jan Botis Molyerin “Skapenin kələkləri” və sair tamaşalara uğurlu bədii tərtibatlar vermişdir. Nabat Səmədova peşəkar teatr rəssamı kimi 60-dan artıq tamaşanın, 14 televiziya filminin quruluşçu-rəssamıdır. O, dəfələrlə teatr və kino rəssamlığı problemləri haqqında çıxışlar edib. Milli kadrların yetişdirilməsi üçün Rəssamlıq Akademiyası və İncəsənət və Mədəniyyət Universitetində teatr və kino rəssamlığı sahəsi üzrə fakültələrin yaradılması ideyalarını irəli sürüb. 3 mart 2017-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Nabat Səmədova “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 44 ildir Azərbaycanın müxtəlif teatrlarında, dövlət əhəmiyyətli tədbirlərdə, televiziya seriallarında və digər sahələrdə bir-birindən maraqlı tərbiatlarla peşəkarlıq baxımından istedadı və əməyi yüksək şəkildə dəyərləndirilib. Demək olar ki, bu gün peşəkar teatr rəssamlarımızı barmaqla saymaq olar. Onlardan biri də Nabat Səmədovadır.

Problemin səbəbkarı kimdir?

44 illik səhnə təcrübəsi olan bir rəssama “Əməkdar artist” fəxri titulunun verilməsi dünya praktikasında görünməmişdir. Təbii ki, bu məsələnin ölkə prezidenti İlham Əliyev cənablarına və Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinə yenicə təyin edilmiş müdiri professor Fərəh Əliyevaya heç bir aidiyyəti yoxdur. Çünki mədəniyyət, teatr, kino, musiqi, rəssamlıq və bu sahə ilə bağlı sənət adamlarına fəxri titulların verilməsi proseduru müəyyən şərtlər çərçivəsi sonucunda ortaya çıxır. Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Teatr Xadimləri İttifaqı, Kinematoqrafçılar İttifaqı, Memarlar İttifaqı, Bəstəkarlar İttifaqı, Mədəniyyət və İncəsənət Universiteti, Rəssamlıq Akademiyası və Bakı Musiqi Akademiyası kimi sanballı təşkilatların və təhsil ocaqlarının rəyləri əsasında bütün bunlar başa gəlir. Elə son sərəncamda bəstəkar və pianoçu, professor Ülviyyə Hacıbəyovanın, xormeystr və dirijor Elnarə Kərimovanın, bəstəkar və cazmen Cəmil Əmirovun «Xalq artisti», Əşrəf Heybətovun və Sirus Mirzəzadənin «Xalq rəssamı» fəxri adını almaları çoxdan gözlənilən addım idi. Bu, görkəmli sənətkarların yaradıcılığına dövlət səviyyəsində verilən dəyərdir. Ancaq aktyorlara verilən fəxri adlar peşəkarlıq baxımından qüsurlu nəticələrə səbəb olub. Prezident hər bir aktyoru ayrı-ayrılıqda tanımaya bilər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də bütün aktyorların fərdi peşəkarlığını görməyə bilər. Ancaq 25 ildir müavin kürsüsündə oturan, hətta əyalət teatrlarında hazırlanan tamaşalarda neçə milliqram mismardan istifadə olunduğunu zərgər dəqiqliyi ilə bilən Ədalət Vəliyevin yanlış addımlar atamağa ixtiyarı yox idi. Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, teatr sahəsində fəxri adların verilməsi prosesində teatrların direktorlarının təqdimatı ilə Ədalət Vəliyev nazirlikdəki komandası ilə birlikdə prezident üçün təqdimatları hazırlayır. Bundan sonra həmin siyahı əsasında fəxri adlar təsdiq olunur. Elə bu siyahının nə qədər yanlış olduğu 44 ilin rəssamına, teatr ictimaiyyətinin yaxından tanıdğı Nabat Səmədovaya verilən fəxri titul bir daha üsbut etdi.

“Direktor teatrı” anlayışının yanlışlıqları

Çağdaş teatr sənəti bir yandan sırf yaradıcılıq siyasətinə önəm verməklə yanaşı, digər yandan menecer-texnokratiya düzəni ilə addım atır. Azərbaycanda bu yöndə prezident İlham Əliyev 29 dekabr 2006-cı il tarixdə 222-IIIQ saylı “Teatr və teatr fəaliyyəti” qanunu, 18 may 2009-cu il tarixdə 277 saylı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” dövlət proqramı haqqında sərəncam imzalamışdır. Bu iki strateji sənəd sübut edir ki, ölkədə teatrların yaradıcılıq atmosferi baxımından inkişafı üçün çox böyük imkanlar mövcuddur. O zaman sual olunur ki, bəs nədən milli teatr sənətimiz bu qədər geri alıb? Nə üçün ölkədə gənc dramaturqları, rejissorları və aktyorları səhnəmizdə görmürük? 1936-cı ildə “Stalnizm”in tüğyan etdiyi dönəmdə 26 yaşlı Ədil İsgəndərov Akademik Milli Dram Teatrında rejissor kimi quruluş verdiyi “Polad qartal” tamaşası onun istedadını üzə çıxardı. Deməli, Ədalət Vəliyevin yarıtmaz fəaliyyətinin sonucu kimi bu gün Azərbaycan teatrı “stalnizm” dönəmindən daha dəhşətli durumu yaşamaq zorunda qalıb. Çünki Ədalət Vəliyevin özü dəfələrlə açıqlama verərək “direktor teatrı” ideyasını müdafiə edib. İstedadı olmayan keçmiş aktyorları teatrlara direktor təyin etməklə, peşəkar sənətin inkişafının əyləc kimi qarşısı alınıbdır. O, 25 ildir bilmir ki, inzibati amirlik metodu ötən yüzilin 30-cu illərinin fəlsəfəsidir. Durumun belə bir həddə çatması peşəkar teatr sənətinin diriykən gömülməsinə gətirib çıxarır. Adicə “İrəvan Azərbaycan Dövlət Teatrı”nın son 17 illik fəaliyyətinə nəzər salmaq yetər. Vaxtilə Akademik Milli Dram Teatrında peşəkarlıq səviyyəsinin aşağı olması səbəbindən teatrdan uzaqlaşdırılan İftixar Piriyev 135 illik yaşlı qocaman bir teatra Ədalət Vəliyevin yarıtmaz kadr siyasəti sayəsində direktor təyin olunub. İ.Piriyev isə mərhum prezident Heydər Əliyev haqqında yazdığı bəsit və dayaz pyesləri ilə öz “karyera”sını yüksəkliklərə qaldırmaq istədi. Ciddi tənqidlərdən və prezident aparatının işə qarışmasından sonra həmin bayağı əsərlər repertuardan dərhal çıxarıldı. Bütün bunları görməzlikdən gələn nazir müavini Ədalət Vəliyev İ.Piriyevin hansı istedadına aşiq olduğunu bildirmədən onu “prezident mükafatı” alan sənət adamlarının siyahısına daxil etdi. Ölkə teatrlarının heç birində direktora ayda 500 manat “prezident təqaüdü” verilməsi görünməmiş bir olay olaraq bomba kimi partladı. Deməli, prezidenti aldadaraq bürokrata “prezident təqaüdü”, rəssama da “Əməkdar artist” titulunu vermək olarmış. Ötən 25 illik fəaliyyətində Ədalət Vəliyev “direktor teatrı” anlayışı altında yaradıcı mühitin qarşısını inzibati amirlik metodu ilə beləcə almaqla məşğul olub.

Menecer-texnokratiya idarəetmə sisteminin düşmənləri kimdir?

Bütün dünya teatrları və kino sahəsində ön planda peşəkar yaradıcılığa üstünlük verilir. Tamaşanın və ya kinonun istehsal vasitəsi kimi gəlir gətirməsi məsələsi menecerlərin üzərinə düşür. Azərbaycanda keçmiş Sovetlər Birliyi dönəmindən miras qalmış inzibati metod kimi tanınan “administrator”, yəni zorla bilet satmaq, bütün gəlirlərin direktorun maraqları çərçivəsində nizamlanması kimi bayağı idarəetmənin fəsadları dəhşət saçır. Rejissorun, dramaturqun, bəstəkarın, rəssamın və aktyorun istedadı, alnının zəhməti sayəsində əldə olunan gəlir onlara, sadəcə, quru maaş verilməklə tamamlanır. Bunun qarşılığında isə, Mədəniyyət və Turizm Nazirliyindən tutmuş, teatrlardakı direktorlara qədər ən yüksək maaş məhz onlara verilir. Beləcə, rejissor və aktyorlar, eləcə də teatrdakı texniki işçilər çabalamaq, sürünmək, məşəqqətli həyatın girdabında əzablar içində boğulmaq kimi dəhşətli bir taleni yaşamaq zorunda qalırlar. Halbuki teatr haqqında son illərdə qəbul edilən qanunlarda “direktor teatrı” anlayışı yoxdur. Belə bir yanlış anlama bürünərək teatrları ələbaxımlı duruma gətirmək çağdaş teatr siyasəti ilə daban-dabana ziddir. Akademik statuslu teatrlardan savayı bütün ölkə teatrlarında sənət adamlarının maaşları çox acınacaqlıdır. Bu günə kimi nazir müavini Ədalət Vəliyev və onun 25 ildir təyin etdiyi “direktorlar ordusu” yaradıcılıq və sosial sorunların çözümündə sənət adamlarının yanında yer almayıblar. Hər hansı bir təşəbbüs irəli sürməyiblər. Belə bir düşüncə ilə zamanın şərtlərini, estetik-bədii yorumlarını və menecer-texnokratiyanın düzənini mümkün qədər gündəmə gətirməmək üçün çaba göstəriblər. Ona görə də bu gün teatrlarda orta yaş 40-45 həddindədir. Çünki yeni nəsli təmsil edən istedadlı gənclər teatrımızın faciəsini görür, Ədalət Vəliyev və «direktorlar ordusu»nun yarıtmazlığı ilə ortaq olmaq istəmirlər. Alternativ teatrların və ya studiyaların yaranmasının qarşısının alınması isə, milli sənət doktrinamızın faciəsidir. Əlinin papağını Vəlinin başına qoymaq, yəni direktora Prezident təqaüdü, rəssama «Əməkdar artist» statusunun verilməsi rəzalətin zirvəsi deyil, iflasın son həddidir. Aşağıları inzibati amirlik metodu ilə aldatmağa başları o qədər qarışıb ki, indi də prezidentə yalan məlumat verməkdən çəkinmirlər. Bu, həm də ölkədəki islahatlara qarşı, ifrat mühafizəkarların yürüşüdür.

Ənvər Börüsoy,
sənətşünas
(tezadlar.az)



0 0



Şərhlər (Facebook)