Azərbaycan İnformasiya Agentliyi (AİA)


Kainatın genişlənməsi onun bir nöqtədən yarandığını təsdiq etdi


Kainatın genişlənməsi onun bir nöqtədən yarandığını təsdiq etdi

Astronomiyanın hələ inkişaf etmədiyi dövrdə, yəni 14 əsr əvvəl Qurani-Kərim kitabında kainatın genişlənməsindən bəhs edilmişdir.
"Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik".
(Zariyat surəsi, 47)

Ayədə yazılmış “Göy" sözü Quranda bir çox yerdə kainat və ya kosmos mənasında işlədilir. Bu ayədə də kosmos mənasında işlənmişdir. Deməli, bu nəticəyə gəlirik ki, Quran kainatın genişləndiyini xəbər verir.
14 əsr əvvəl Quranda bildirilən kainatın genişlənməsi həqiqəti 20-ci əsrdə elm tərəfindən də isbat edildi. Elm adamlarının bildirdiyinə görə, kainat hərəkətsiz struktura malikdir və o, əbədi surətdə mövcuddur . Yalnız müasir texnologiyanın sayəsində aparılan tədqiqat, hesablama və müşahidələr göstərdi ki, kainatın başlanğıcı olub və o, daim genişlənir.
Edvin Hubbl 1929-cu ildə astronomiya tarixində ən böyük kəşflərdən birini etdi. Hubbl teleskopla göy üzünü müşahidə edərkən, ulduzların qırmızı rəngli işıq yaydığını müəyyən etdi. Bu kəşf elm dünyasında böyük əks-səda yaratdı. Çünki fizika qanunlarına görə, müşahidənin aparıldığı nöqtəyə doğru hərəkət edən işıqların izi tədricən bənövşəyi rəngə, müşahidənin aparıldığı nöqtədən uzaqlaşan işıqların izi isə qırmızı rəngə çevrilir. Hubbl isə müşahidələrində ulduzların işıqlarında qırmızı rəngə meyl görmüşdü. Yəni ulduzlar bizdən müntəzəm olaraq uzaqlaşırlar. Sonra Hubbl çox mühüm bir məsələni də kəşf etdi: ulduzlar və qalaktikalar yalnız bizdən deyil, bir-birilərindən də uzaqlaşırlar. Hər şeyin bir-birindən uzaqlaşdığı bir kainat düşüncəsi qarşısında əldə ediləcək tək nəticə kainatın hər an ''genişlənməsi'' olması idi. Daha yaxşı başa düşmək üçün kainatı şişirdilən şar səthi kimi təsəvvür edək. Şar şişdikcə onun üzərindəki nöqtələr bir-birindən uzaqlaşdığı kimi, kainatdakı cisimlər də o genişləndikcə bir-birindən uzaqlaşırlar. Lakin bu həqiqət daha öncədən də nəzəri olaraq kəşf edilmişdi. Böyük elm adamlarından sayılan Albert Eynşteyn nəzəri fizika sahəsində apardığı hesablamalarda kainatın dəyişməz qalmayacağı qənaətinə gəlmişdi. Bu nəticə o dövrdə əksəriyyətin qəbul etdiyi dəyişməz kainat modelinin əksinə olduğu üçün, bu kəşfi bir kənara qoymuşdu. Sonra isə bu hərəkətini ''karyerasının ən böyük xətası'' adlandırmışdı. Lakin bir müddət sonra Hubblın müşahidələri ilə kainatın genişləndiyi dəqiqləşdi.

Bəs kainatın genişlənməsinin onun yaranması ilə bir əlaqəsi varmı?

Kainatın genişləndiyini görərkən, onun tək bir nöqtədən başladığı fikirləri ortaya çıxdı. Aparılan hesablamalar kainatın bütün maddəsini içində saxlayan bu ''tək nöqtə''nin ''sıfır həcmə'' və ''sonsuz sıxlığa'' malik olduğunun labüdlüyünü göstərdi. Beləliklə, kainatın sıfır həcmə malik nöqtənin partlaması nəticəsində yarandığı fikri təsdiqləndi. Kainatın başlanğıcı olan bu böyük partlamaya ingiliscə ''Big Bang'' adı verildi və bu nəzəriyyə eyni adla adlandırılmağa başladı. Əslində, ''sıfır həcm'' bu mövzunun nəzəri ifadəsidir. Elm ''yoxluq'' anlayışını ancaq ''sıfır həcmli nöqtə'' kimi ifadə edir. Həqiqətdə isə ''sıfır həcmli nöqtə'' ''yoxluq'' mənasına gəldiyinə görə, demək olar ki, kainat da yoxluqdan var olmuşdur. “Big Bang '' nəzəriyyəsi başlanğıcda kainatdakı cisimlərin bütöv olduğunu, sonradan ayrıldıqlarını göstərir. “Big Bang '' nəzəriy¬yəsinin ortaya qoyduğu bu həqiqət 14 əsr əvvəl kainat haqqındakı məlumatlarının son dərəcə məhdud olduğu bir dövrdə nazil olan Quranda öz əksini bu cür tapmışdır:
''Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi? Yenə də iman gətirməzlər?!'' (''Ənbiya'', 21-30).

Ayədə bildirildiyi kimi, hər şey böyük partlayışla yaradılmış və bir-birilərindən ayrılaraq, kainatın bu günkü şəklini meydana gətirmişlər. Ayəni ''Big Bang'' nəzəriyyəsi ilə müqayisə edərkən, bir-birinə tam uyğun gəldiklərini görürük. Lakin''Big Bang''ın elmi nəzəriyyə təsdiqi XX əsrdə mümkün olmuşdur. Kainatın genişlənməsi olan ''Big Bang'' nəzəriyyəsi, kainatın yoxdan var edildiyinin ən mühüm dəlillərindən biridir. Beləliklə, Quranın kainatın hakiminin sözü olduğu bir daha təsdiq edilir. Allah Quranda bu həqiqətlər haqqında dərindən düşünməyin vacib olduğunu da bildirmişdir. Ayələrdən də aydın göründüyü kimi, Allah’ın varlığını, sonsuz gücünü qüdrətini ayələrlə yanaşı ətraf aləmə baxmaqla da başa düşə bilərik.

Nuriyyə Paşazadə


0 0



Şərhlər (Facebook)