Azərbaycan İnformasiya Agentliyi (AİA)


Eldar Mahmudovdan düşmənlərinə mesaj: “Oğlumla işiniz olmasın”


 Eldar Mahmudovdan düşmənlərinə mesaj: “Oğlumla işiniz olmasın”
Sabiq MTN şefi dilə gəldi - niyə indi?; Keçmiş nazir vaxtilə etdiyi əməllərin girovuna çevrilib və yeganə oğlunun taleyindən narahatdır; Anar Mahmudovun adının “rabitə çetesi”nin cinayət işinin materiallarında olması təsadüfdürmü?
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı hər gün yeni xəbərlər yayılmaqdadır. Ötən ilin oktyabrında gözlənilmədən vəzifəsindən qovulan sabiq nazir həbs edilməsə də, Bakıda nəzarət altında olduğu deyilir. Onun ailəsi ilə, konkret olaraq oğlu Anar Mahmudovla bağlı xəbərlər də son günlər tez-tez gündəmə gəlir.
“Rabitə çetesi” adlandırılan qrupun davam edən məhkəməsində E.Mahmudovun oğluna aid olan “Cartburg NC” şirkətinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə şübhəli əlaqələrinin araşdırılması buna sübutdur. Məhkəmə prosesində üzə çıxıb ki, şirkətlə bağlanmış bir neçə milyonluq müqavilələrin imzalanmasında sabiq nazirin oğlu təşkilatçı olub. Belə ki, cinayət işi materiallarında şərikinin Anar Mahmudovla “SMS” yazışmalarında Rabitə Nazirliyi ilə “Cartburg NC” arasında aparılan danışıqlar müzakirə olunub, sabiq nazir oğlunun müvafiq tapşırıqları əsasında növbəti addımlar atılıb.
“Azərcell” mobil operatorunun rəsmi məktubunda Anar Mahmudovun istifadəsində olan telefon nömrəsinin sabiq nazirin adına rəsmiləşdirildiyi də aydın olub. Media bu mövzunu geniş işıqlandırıb, şübhəli müqavilələrin imzalanmasının sabiq nazirin oğluna cinayət məsuliyyəti yaratdığını gündəmə gətirib.
“Yeni Müsavat”a daxil olan məlumatlara görə, E.Mahmudov oğlunun adının cinayət işi materiallarında hallanmasından ciddi narahat olub, bəlkə də bunu əvvəl düşmənçilik etdiyi adamlardan görüb. Bu səbəbdən də sabiq nazir müəyyən dairələrə, vaxtilə çəkişdiyi yüksək vəzifəli, hazırda əllərində geniş səlahiyyətlər olan şəxslərə “oğlumla işiniz olmasın” mesajını göndərib. Sabiq nazirin həssas mesajının anlayışla qarşılandığı, “bizi özünlə səhv salma, oğlunla işimiz ola bilməz” cavabı göndərildiyi də bildirilir.
Məlumdur ki, 2004-ci ildə ən strateji dövlət postlarından birinə təyin edilən E.Mahmudov tezliklə iqtidarda ən qüdrətli nazirlərdən birinə çevrilib. O, iqtidarda mövqelərini gücləndirmək üçün bütün mümkün vasitələrdən istifadə edib, vəzifə kürsüsündə daha da irəliləmək üçün müxtəlif planlar da qurub ki, bunun nəticəsində xeyli sayda məmur təbəqəsi ilə münasibətləri kəskinləşib. Məsələn, əvvəl baş nazir kreslosunu ələ keçirməyi planlaşdıran E.Mahmudov gələcək planları üçün “kölgə kabineti” yaradaraq yaxın ətrafına vəzifələr “paylayıb”. E.Mahmudov “kölgə kabineti”nə əsasən, MTN-də müavin və idarə rəisi postunda təmsil edilən bəzi şəxsləri güc orqanlarının rəhbərliyinə gətirməyi düşünürmüş.
Maraqlıdır ki, özü baş nazir olmaq iddiasına düşdüyü halda, mediaya əsasən digər iri çaplı məmurların adları ötürülür, onların ətrafında planlar qurulur, ən müxtəlif kompromatlarla “vurulur”, Qərblə bağlılıqları şayiələri uydurulurdu. E.Mahmudovun iddiaları artdıqca, onun sıradan çıxarmaq istədiyi digər məmurlarla da münasibətləri təbii olaraq pisləşirdi. Bu sırada hüquq-mühafizə, ədliyyə sistemi də var, hətta çox da əhəmiyyətli olmayan komitələr də. E.Mahmudov vəzifədən çıxarılandan sonra onun haqqında xoş söz deyilməməsi də sabiq nazirin öz “əməyinin nəticəsi” hesab oluna bilər.
Məlumatlara görə, E.Mahmudovu narahat edən də vaxtilə düşmən münasibət göstərdiyi, dövlət rəhbərliyinin gözündən salmaq istədiyi məmurların ona qarşı eyni münasibət sərgiləyə biləcəyidir. Təmsil olunduğu komandada bəzi məmurlara aşkar-gizli pislik etmiş, hətta bəzilərinin karyerasını kompromatlarla nöqtələmiş E.Mahmudov oğlunun taleyindən bu səbəbdən narahatdır.
Bu xəbərlər həm də onu deməyə əsas verir ki, E.Mahmudovun yeganə oğlu (digərləri qız övladıdır - red.) Bakıda yaşayır. Ola bilsin ki, sabiq nazirin oğluna da ölkədən çıxmaq yasağı qoyulub. Əks halda, E.Mahmudov oğlunun taleyindən bu qədər narahat olmazdı...
musavat


0 0



Şərhlər (Facebook)