Azərbaycan İnformasiya Agentliyi (AİA)


Nazir bütün klinikalara tapşırıq verdi: Bütün onkoloji xəstələr onkoloji müəssisələrdə müayinə olunmalıdır


Bu yaxınlarda səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən respublikanın bütün xəstəxanalarına – özəl və dövlət müəssisələrinə məktub göndərildi ki, bütün onkoloji xəstələr birinci olaraq, onkoloji müəssisələrdə müayinə və müalicə olunmalıdırlar.

Azerbaycaninfo.az-ın məlumatına görə, bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin (MOM) baş həkimi Azad Kərimli deyib.

Onun sözlərinə görə, bu məktubun bütün tibb müəssisələrinə təqdim edilməsinə baxmayaraq, onkoloji xəstələr yenə də hansısa müəssisələrdə müayinə və müalicə edilirlər:

“Milli Onkologiya Mərkəzinə yenə də müraciətlər edilir ki, xəstə hansısa özəl klinikada cərrahiyyə əməliyyatı edilib. Bu gün şüa terapiya şöbələri heç bir yerdə - nə özəl, nə də dövlət müəssisələrində yoxdur. Bu, ancaq MOM-dadır. Buna görə də şüa müalicəsi üçün “qaçılan” yerlər yoxdur. Amma cərrahiyyə əməliyyatını yarı düzgün, yarı qeyri-düzgün edirlər”.

A.Kərimli bildirib ki, onkoloji xəstəni əməliyyat etməkdən ötrü mütləq onkoloji qaydalara riayət etmək lazımdır:

“Bu əməliyyatı edən müəssisənin mütləq bunu reallaşdıra bilən bazası olmalıdır. Amma baxaq görək, onlar həmin qaydalara düzgün əməl edirlər? Əsla yox. İkinci tərəfdən, özəl klinikalarda əməliyyatın tam böyük bir kollektiv tərəfindən aparılması üçün şərait varmı? Xeyr, yoxdur. Bu gün əməliyyat etdiyimiz şəxsdən çıxardığımız şişi təcili olaraq, kistoloji müayinəyə göndəririk və bizə təcili analizlərin nəticələri təqdim edilir. Çünki xəstədə şiş hüceyrəsi tapıldıqda əməliyyatı ya bu şişin tam çıxarılması ilə bitirməliyik, ya da o şiş hüceyrəsini tapmaqdan ötrü o əməliyyatı daha da genişləndirməli və o şiş hüceyrəsi tapıldıqda əməliyyatı yekunlaşdırmalıyıq. Özəl klinikalarda bu, mümkündürmü? Xeyr, mümkün deyil”.


0 0



Şərhlər (Facebook)