Azərbaycan İnformasiya Agentliyi (AİA)


1 dollara 4 dəfə yemək, Mister Bin taksiləri, bahalı hotellər və rəqs məktəbləri - Səbuhi Rəhimli Daşkənddən yazdı - I MƏQALƏ


1 dollara 4 dəfə yemək, Mister Bin taksiləri, bahalı hotellər və rəqs məktəbləri - Səbuhi Rəhimli Daşkənddən yazdı - I MƏQALƏ

Türküstan elləri həmişə diqqət mərkəzimdə olub. Lakin maddi baxımdan oralara getmək mənə həmişə əlçatmaz görünürdü. Nəhayət, ilıq may günlərindən birində bu ulu diyara – Özbəkistana qəfil getmək şansı yarandı. Şansı heç vaxt küləyə vermədiyim üçün yerindəcə yararlandım. Məlumat üçün deyim ki, Bakıdan Daşkəndə həftədə iki dəfə (bazar ertəsi və cümə axşamı) təyyarə uçur. Özbəkistan Hava Yollarına məxsus “Boinq-756” təyyarəsi ilə həyata keçirilən reysin gediş-gəliş qiyməti 355 avrodur. Sərnişinlər daha çox Azərbaycan vətəndaşları olur.

Mayın 10-da səhər saat 09:55-də havaya qalxdıq. 2 saat 15 dəqiqəlik uçuşdan sonra Daşkəndə yetişdik. Hava limanına enən kimi bənizimizi təndir istisi vurdu. Temperatur +34 dərəcəni göstərirdi. Onu da bildirim ki, Özbəkistanla aramızda 1 saat fərq var, bizdə saat 12 olanda, onlarda 13 olur. Aeroportda xeyli anket doldurdum, gəlişimin məqsədini və gedəcəyim ünvanları dəqiq şəkildə qeyd etdim. Nəhayət, qeydiyyat məsələlərini bitirib dərindən nəfəs aldım, əynimdəki yaz gödəkçəsini çıxarıb yay mövsumunə keçdim.

1 dollara 4 dəfə doyunca yemək

Özbəkistan paytaxtında ilk diqqətimi çəkən ifrat yaşıllıq və bol su idi. Buradakı isti qurudur, Bakıdakı kimi yapışqanlı, rütubətli deyil, dözmək olurdu. Təbii olaraq ilk öncə qiymət və dolanışıqla maraqlandım. 1 dollar 8100 somdur. Amma bu pul özbəklər üçün “ölü valyuta” sayılmır. Çünki 1 dollarlıq məbləğə ən azından 4 dəfə doyunca yemək yemək, Daşkəndin istənilən nöqtəsinə taksi ilə getmək olur. Orta aylıq məvacib bizimlə müqayisədə xeyli az olsa da, öz dolanışıqlarına bəs edir. Həm də hökumətin müvafiq qurumları hər bir vətəndaşın dolanışığı üçün müxtəlif layihələr həyata keçirir. Bu da işsizliyin həddini rəsmi göstəricilərdə yox, sözün həqiqi mənasında sıfıra yaxınlaşdırır. Paytaxtda avtomobil seriya nişanı “01” və “10”dur.
5 saata yaxın vaxtım və tanış sürücüm olduğu üçün şəhərlə tanışlığa qərar verdim. Kifayət qədər səliqəli, yaşıllığa bürünmüş Daşkənddə uzağı 10-a yaxın 16 mərtəbəli bina gördüm, qalanları 7 və aşağı mərtəbədən ibarət idi. Düşünürəm ki, bu, təkcə ölkə gəlirlərinin azlığı ilə bağlı deyil, həm də seysmik aktivlikdən irəli gələn amildir. Əksər küçələr mənə Gəncəni, Qubanı və Mingəçeviri xatırladırdı.
Taksi sürüclərinin hamısı Türkiyə türkcəsində bizdən qat-qat yaxşı danışırlar. Bu, ilk növbədə türk seriallarının kütləvi nümayişindən, həm də türkiyəli iş adamlarının çoxluğundan irəli gəlir. Yeri gəlmişkən, Özbəkistanda türk serialları dublyaj olunmur, yalnız subtitrlə göstərilir ki, bu da dilin mənimsənilməsini asanlaşdırır. Taksilərin əksəriyyəti balaca və baqajsızdır, lap Mister Binin maşınına bənzəyir. Maraqlı bir hal da odur ki, Özbəkistandakı maşınların az qala hamısı yerli istehsaldır. Çünki burada “Chevrolet” və “Hyundai” zavodlarının filialları fəaliyyət göstərir, hər kəsi avtomobillə təmin edir.

Şəhərin miqyasına görə hotellər azdır, çoxusu sovetdən qalma mehmanxanalardır, necə deyərlər “ulduzsuz”. Sakinlərin öz etiraflarına görə avropalılar bu hotelləri bəyənmir, şəxsi evlərdə qalmağı üstün tuturlar. Buna baxmayaraq, normal otellərdə qiymətlər 80-100 dollardan başlayır. Paytaxtda gördüyüm ən böyük hotel “Özbəkistan”, ən bahalı hotel isə “Tashkent palace” oldu. 2 saata qədər şəhərin əsas yerlərini gəzdik. Dükan və obyektlərin üzərində daha çox rusca lövhələr vurulmuşdu, qalanlarının da yarıya qədəri kiril əlifbalı özbəkcə, az qismi isə latın qrafikalı özbəkcə və ingiliscə idi. Musiqi və rəqs məktəbləri az qala hər addımda gözə dəyirdi.

Mirziyoyevi tərifləyir, Kərimova yad edirlər

Kimi gördüm, hamısı yeni prezident Şövkət Mirziyoyevi tərifləyir, “xalq üçün çalışır” deyirdi. Əvvəlki prezident İslam Kərimovu da ehtiramla yad edirdilər. Amma həssas yanaşanda onların çoxusunun səmimi olmadığını görürdüm. Özbəklərin sakit və sükuta qərq olmalarının əsas səbəblərindən biri məhz diktatura basqısı ilə bağlı idi. Heç kim müxalif fikir səsləndirmirdi. Hətta bu səbəbdən şəxsi maşınlarda və taksilərdə dinləmə cihazının olmasından şübhə etdim. Hər halda, ilk 2-3 saatlıq təəssüratım bundan ibarət idi. Kim bilir, bəlkə də geri dönərkən tamam fərqli qənaətə gələcəkdim. Axı qarşıda digər şəhərlər və dopdolu 4 günüm vardı.

Nəhayət, vaxt çatdı və şimal dəmir yolu vağzalına gəldim (Orucluq olduğu üçün nahar və digər mətbəx nümunələri barədə yazmıram – S.R.). Təyyarəyə bənzəyən müasir sürət qatarı ilə Daşkənddən Nəvaiyə yol aldım. Bu nəqliyyat vasitəsindən çox həzz aldım. Saatda 140-160 km sürətlə hərəkət edən qatar həm rahat, həm sərin idi, həm də necə deyərlər, gülərüz personalla təmin edilmişdi.

Qatardakı “Ararat” konyakı və Nizamini “tacik” edən sərnişin

Amma qatarda iki hal ovqatımı aşağı saldı. Birincisi, qatarın restoranında “Ararat” konyakının satılması idi. İkincisi isə, az qala hər kəsi şoka salacaq məsələdir. Düz yanımda oturan yaşlı bir kişi ilə 3 saat 5 dəqiqəlik məsafəni təbii olaraq söhbətləşmək məcburiyyətində qaldım. Söhbət əsnasında onun Beynəlxalq Yazıçılar və Təbiblər İttifaqının üzvü və tacikistanlı yazıçı Mollazühur Tahiri olduğunu öyrəndim. Azərbaycandan olduğumu və ədəbiyyatdan az-çox başım çıxdığını görüb təklif etdi ki, gəl Azərbaycan üzrə filialımızı yaradaq, səni də rəhbər qoyaq. İşlərimin çoxluğunu əsas gətirib yumşaq şəkildə imtina etdim.


Hər ikimiz 1 saata yaxın mürgüləyəndən sonra çayçının səsinə oyandıq. Açıq desəm, çayı burnumdan gətirdi. Elə bir-iki qurtum içmişdik, qəfil dedi ki, siz də bizim şairi öz adınıza çıxırsınız də... Qəribə nəzərlərlə sifətinə baxıb hansı şair olduğunu soruşdum. Qayıtdı ki, Nizami tacik şairi ola-ola hər yerdə onun Azərbaycana məxsusluğunu qabardırsınız...

Səbuhi Rəhimli
1 dollara 4 dəfə yemək, Mister Bin taksiləri, bahalı hotellər və rəqs məktəbləri - Səbuhi Rəhimli Daşkənddən yazdı - I MƏQALƏ
1 dollara 4 dəfə yemək, Mister Bin taksiləri, bahalı hotellər və rəqs məktəbləri - Səbuhi Rəhimli Daşkənddən yazdı - I MƏQALƏ
1 dollara 4 dəfə yemək, Mister Bin taksiləri, bahalı hotellər və rəqs məktəbləri - Səbuhi Rəhimli Daşkənddən yazdı - I MƏQALƏ
1 dollara 4 dəfə yemək, Mister Bin taksiləri, bahalı hotellər və rəqs məktəbləri - Səbuhi Rəhimli Daşkənddən yazdı - I MƏQALƏ



0 0



Şərhlər (Facebook)