Azərbaycan İnformasiya Agentliyi (AİA)


Aydın Canıyev atasından yazdı: “Məmməd!”


Əlbəttə, mən bu gün də istəyərdim, tarixin fikir və elm nəhənglərindən yazım – necə ki, yazmışam!

Əlbəttə, mən bu gün də istəyərdim ki, dünya ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin korifeylərindən yazım – necə ki, yazmışam!

Və… əlbəttə ki, şəxsi həyatımla bağlı yazmaqdan çox vaxt və mümkün qədər qaçmışam və çox vaxt da dərdini mənə danışanların həyat hekayələrinə… özümü qəhrəman etmişəm: belə istəyiblər dostlarım, sirdaşlarım, dərdmənd olduqlarım, danışan soydaşlarım. Bəzən elə biliblər elə mən özümü yazıram. Yox. Mən sadəcə hamı ola bilirəm – onların dünyalarına girə, onları ifadə edə, onları duya bilirəm. Sadəcə, yazıçı olmaq məsuliyyətindən çox, oxucu üzünə və Söz Allahının qarşısına çıxmağın İlahiliyindən özümə və üzümə nazik bir tül pərdə tutmağı daha üstün saymışam.

…Mən Atamdan yazmayacaqdım! Çünki mən elə evdə elə tərbiyə ilə böyüdülmüşəm ki…

Ata tərbiyəsinin ilk punktunu, qaydasını, dərsini 5 yaşımda almışam – izi bu gün də qalır!

Qonşumuza gəlin gəlmişdi, ay parçası. Çoxuşaqlı və kasıb ailənin bütün gündəlik qayğısını zərif çiyinlərində çəkən məsum və mübarək bir xanım! Bir ildən çox keçmişdi… övladı olmurdu. Heç nədən xəbərsiz uşaq dünyamla böyüyürdüm, beş yaşıma çatırdım. Atam özü də dedi, anama da tapşırdı: uşaqlar “dədə”, “inə” müraciətlərini yığışdırsın, “Məmməd”, “Rəisə” çağırsınlar. Həftə ərzində mən də və üç yaşlı qardaşım da vərdişimizdən unudurduq, nəticədə… həm döyüldük, həm də odda qızdırılmış qaşıqla dilimizin dağ ediləcəyi ilə qorxudulduq!

Sonralar soruşanda ki, niyə elə etdin, Məmməd?

– Aramızda bir çəpər var, siz ordan “ata”, “ana” haylayanda eşidib onun ürəyi niyə dağ olaydı, niyə qırağa çəkilib gözünün yaşını gizlədəydi?

…Bizim evimizdə heç vaxt pis adamın adı eşidilmədi, çəkilmədi! Əvəzində atam – müharibə dövrünün aclığından çıxmış uşaq kəndimizin mehriban adamlarını – ağsaqqallarını, ağbirçəklərini tanıtdı, onları görəndə hörmət-izzət göstərməyi tapşırdı, üstəlik də, 1947-ci ildən ta bizə tərbiyə verməyə başladığı ilə, yəni 1977-ci ilə qədər kəndimizdə savadlı nə qədər adam vardısa, hamısının adını sevgi və rəğbətlə yaddaşımıza həkk etdi!

Evimizdə sevginin bir adı vardı: savad(lı insanlar) və kitab! Savadın və elmin daşıyıcıları! Mən ilk dəfə Atamdan gördüm kitabın öpülməyini – bizə aldığı bütün kitabları, hətta dəftərləri öpüb bizə verərdi xeyir-duasıyla!

Heç kimin haqqına girməməyin və öz haqqını heç kimə güzəştə getməməyin nə demək olduğunu 7 yaşımdan bilmişəm: kənd mağazasında 30 qəpiyə satılan bir ədəd “qalac” çörəyə heç vaxt 30 qəpik vermədim – 500 qramlıq çörək çəkidə əskik olurdu, odur ki, çörəyi çəkdirib, kəmini də üstünə əlavə etdirib alırdım.

Haqqı tələb etməyin həm də heç vaxt heç kimin haqqını kəsməmək məsuliyyəti yaratdığını bundan yaxşı nə mənə, nə də başqa kimsəyə heç kim belə gözəl anlatmazdı!

Və atam niyə bunu tələb edirdi?

1968-ci ildə Port-İliç (indiki Liman şəhər) çörək-bulka kombinatında kassir-hesabdar işləyən atam 1971-ci ildə işdən çıxmışdı və gedib… Mənzil İstismar İdarəsində ocaqçı işləməyə başlamışdı…

Oxumağa meylli deyildim ilk illərdə. Təxminən 9 yaşımda məni özüylə iş yerinə apardı: “Xəzər” mehmanxanasının ocaqxanasında – “koçeqarka”da yatmağa heç bir şəraitin olmadığını gördüm və üstəlik də məni gecə saat 12-də götürüb dəniz qırağındakı yük qatarlarının yanına apardı. Atam kimi ucaboylu, cüssəli daha bir neçə nəfəri gördüm. “Burda qal, gözlə” deyib girdilər vaqona. Səhərə yaxın qatardan çıxanların içindən atamı tanımadım, yalnız “dur, getdik” deyəndə anladım ki, sement boşaldırlarmış.

Səhər tezdən mənə 100 manatı verib evə yola saldı – heç nə demədən!

Evə gəlib bir otaqdan ibarət mənzildə nə yır-yığış lazım idisə etdim. Həyəti süpürdüm, gedib sahədən ot biçib gətirdim, heyvanlara su, yem verdim, bağı suvardım, elə səhərisi gündən anamın da əvəzinə südü bazara aparıb satmağa başladım, yemək bişirməkdə, paltar yumaqda kömək etdim və dərslərimi ciddi şəkildə oxumağa başladım! Həddən artıq ciddi! Yazı tələb olunmayan dərsləri müəllimə diqqətlə qulaq asıb yadda saxlayır, öyrənir, yaddaşıma həkk edir, müşahidə qabiliyyətim, dinləmə məharətim, yadda saxlamaq, dərk etmək qabiliyyətim inanılmaz şəkildə yüksəlmişdi – bir də mən o həyəti tərk edəndə… fasilə verdim!

Bir dəfə isə… səhər saat 6-da bazarda süd satanda tanımadığım bir kişi soruşdu ki, hansı kənddənsən, hər gün südü evi göstərsəm gətirə bilərsənmi bizə? Əlbəttə, dedim. Yolboyu sorğu-suala tutdu və məlum oldu ki, atamın… iş yoldaşı olub! Sən demə, atam kassir-hesabdar işləyibmiş. Evə qayıdıb atamın növbədən qayıtmağını gözlədim – bunun üçün mənə iki sutka yatmamaq lazım oldu: dörd yerdə əvəzçilik üzrə ocaqçı işləyən atamı yalnız belə görmək olardı! Soruşanda ki, niyə işdən çıxıb ocaqçı işləyirsən, sement vaqonu boşaldırsan, bircə kəlmə dedi:

– Haçan diplom alarsan, onda deyərəm!

Diplom alanda dediyi:

– Ay oğul, mən təzə işləyəndə rüşvət yox idi. Artıq 1971-ci ildə əməlli-başlı hər vəzifənin tası vardı. Mən həmin hesabı verib, sonra da ilboyu o pulu gərək xəmiryoğuran, kündəyapan, un kisəsi boşaldan fəhlənin maaşından tutaydım bir manat bir manat. Əvvəla, bunu özümə rəva görmədim. O qadınların odda qaralan üzlərinə, alın tərinə, o kişilərin yükdən əyilən bellərinə baxa-baxa o pulları necə yığmaq olardı axı? Üstəlik də, bir yandan deyirdilər alın bizə verin, o yandan da “qoy ədalət zəfər çalsın” deyib “alın” tapşırdıqlarını tutub qoyurdular içəri! Mən tutulsam, siz oxuya bilməzdiniz axı! Siz oxuyasınız deyə çıxdım. Anam da təsdiqlədi: işdən çıxandan sonra bir üç ay da dalınca gəldilər ki, qayıt!

Bax bu mənada deyirəm: mənim atam mənim üçün polis rəisidi – evdə, məhlədə, məktəbdə ictimai asayişi pozmağa mane olan, qayda-qanunu təmin edən kişi!

Bax bu mənada deyirəm mənim atam prokuror idi: bir kimsə bizim haqqımıza girə bilməzdi! – heç harda! Bir dəfə yazmışam dərsə gəlməyən məktəb direktorunun pişiyini divara necə dırmaşdırmağını!

Bax bu mənada deyirəm mənim atam məhkəmə sədriydi: yeri gələndə doğma övladına qarşı belə cəza kimi görünən qərarları verməkdən çəkinməyən!

Bax bu mənada deyirəm mənim atam nazir idi: məktəb kitabxanasında və kitab mağazalarında satılmayan, yalnız maarif şöbəsinə sayla verilən, müəllimlər üçün dərs vəsaiti sayılan “Ədəbiyyatşünaslıq nəzəriyyəsi”, “7-ci sinifdə cəbr”, “8-ci sinifdə cəbr”, “9-10-cu sinifdə cəbr”, dünyanın iqtisadi-siyasi xəritələri, kontur-xəritələr, olimpiadalarda iştirak etmək üçün nəzərdə tutulan sinifdənxaric Skanavi məsələləri, kimya-biologiya jurnalları… üstəlik də “Azərbaycan gəncləri” qəzeti, “Qobustan”, “Azərbaycan”, “Ulduz” jurnalları iki nüsxədə (qardaşım üçün də ayrıca), bir də “Leninçi” (indiki “Lənkəran”) qəzeti!

Bax bu mənada deyirəm mənim atam spiker idi: heç bir halda ailə qanunları və cəmiyyətin dəyərləri pozulmurdu! Məni 1993-cü ilə qədər (niyəsi sonrakı abzasda), qardaşımı isə bu günə qədər də bir kimsə nədəsə ittiham edə bilməz – nə qonşuluqda, nə ailə-əxlaq məsələlərində, nə elmdə, nə dövlət, nə də cəmiyyət qayda-qanunları üzərindən!

Bax bu mənada deyirəm mənim atam prezident idi: kəndimi Azərbaycan kimi, Azərbaycanı kəndim kimi sevməyi, qorumağı, vuruşmağı öyrətdi!

Heç vaxt kəndimdə özümü jurnalist kimi aparmadım – Atam öyrətmişdi: bu kəndin sənə qədər yüzlərlə savadlı, qabiliyyətli oğlu var!

Heç vaxt Atamdan qabaq addım atmadım – Atam öyrətmişdi: bu kəndin Ataları Atandan böyükdü! Heç vaxt Atadan bir addım irəli durmazlar!

Heç vaxt kəndimizdə bahalı maşınlarda, dəbdəbəli görüntülərdə görünmədim – Atam öyrətmişdi: dünya bu kəndlə heyrətlənir, sən kim olursan?

Mən şəhərə kənddən piyada gəlməyi çox sevirəm! Hamı atama-anama giley edir ki, Aydında 20 qəpik olmur ki, piyada gedir şəhərə? Amma mən atam kimi piyada ona görə getmirəm ki, 20 qəpiyi avtobusa verməyib, tələbə uşağıma göndərim, yox… Ona görə ki… mən o yolu piyada getdikcə, Atamın mənə tanıtdığı kəndin nəinki Azərbaycanda, dünyada varlığıyla qürur duyuram, fərəhlənirəm, mənim kəndimin dünyanın hər yerində adını yazan, yazdıran oğulları var və mən o kəndi Azərbaycana tanıtmaq xoşbəxtliyinə malikəm!

Və həm də… 1971-ci ildə rüşvətxor rejim yaranandan onun bütün orqanları ilə, – heç bir polis rəisinin, prokurorun, hakimin, nazirin, spikerin, prezidentin etmədiyini edərək, – əlaqəni kəsib, VƏZİFƏDƏN, PULDAN, RÜŞVƏTDƏN İMTİNA EDİB zəhmətlə övladlarını oxudan Atamla!

Mən Atamdan yazmazdım. Çünki oğlu jurnalist olmayan o qədər mərd, igid, gözəl atalar var ki! Ancaq bir bu fakta görə yazdım: heç bir Atanın indiyə qədər etmədiyi və çətin ki də edə biləcəyi fakta görə!

Yazdım ki, oğulsunuzsa, Atanızı, Atasınızsa, oğlunuzu dəyərləndirin!

YAZIYA SÖZARDI: Atam mənim üçün heç vaxt narahat olmayıb! Əmin olub ki, hara getsəm, diri və qalib qayıdacam. Amma Heydər Əliyev yenidən hakimiyyətə gələndə hiss etdim ki, qorxur!

Bir dəfə isə… Heydər Əliyev Sürət Hüseynovun əleyhinə televizorda danışırdı və çox gərgin formada, əsəbi, özü də hirslə. Atam üzünü mənə tutub:

– Aydın, harda yaza bilərsən ki, əziz Heydər Əliyeviç, bu qədər hirslənməyin, səhhətinizə ziyandı, o qədər əsəbisiniz ki, evimizdə pəncərə şüşələri də titrəyir! Axı siz Azərbaycan xalqına lazımsınız!

Cavabımı gözləmədən, sanki öz-özünə danışırmış kimi, əlavə etdi:

– Elə bil, Sürət Hüseynovu biz tutub təhvil verməliyik. Tutmasaq, bizi tutacaq.

– Məmməd, Sürət Hüseynovu oturdublar onun qəbul otağında, əlində də qandal. Sadəcə, dünyaya başa salır ki, gedin oturun yerinizdə, mənə az göstəriş verin…

Bir az sakitləşdi! Onda mən dədəmi sakitləşdirmək üçün yalan demişdim, sonra qəzetlər mənim yalanımın doğru olduğunu yazdı!

Belə Ataya bir dəfə də yalan demişəm, onda uşaq idim! Daha doğrusu, loru dillə desəm, dədəmə “paçka” gəlmişdim. Mən dəhşət futbol azarkeşi olmuşam, özü də Kiyev “Dinamo”sunun. Televizorumuz yox idi. Dədəmlə saziş bağladım ki, sən televizor al, heç bir düzən pozulmayacaq, mən sadəcə “Ekran-efir”ə baxıb verilişləri izləyəcəm.

Bir dəfə gecə yarısı, saat 2-3 arası futbola baxırdım, gördüm girdi içəri ki, bu nə deməkdi? Bəs deyirdin, proqramla baxacam.

Bildim ki, mitilimi atacaq, amma qoy ürəyimi də boşaldım:

– Məmməd, bax, bu proqram, bu da sən… yalan demişəm ki?

Heç nə demədi. Gətirdiyi kotletləri qoydu stolun üstünə, televizorun dalını açıb lampaları götürüb təzədən qayıtdı işə… Kərgəlandan Lənkəran şəhərinə!

Bunu da heç bir ata etməyib: 3 kilometr yolu gecə şəhərdən kəndə piyada gəlib kotleti uşaqları üçün saxlayıb, təzədən o 3 kilomer yolu piyada kənddən şəhərə qayıdıb.

Atamla ən axırıncı siyasi mövzuda söhbətim isə… 2010-cu ildə olub. Yazılarımı oxuyan kəndlilərim dədəmə demişdilər ki, “Aydın, axmaqdı, o nədi yazır.”

Düzdü, Məmməd də söz altda qalmamışdı: “Doğudan da, Aydın axmaqdı, o, niyə sənin tapdanan haqqını qorusun ki? Qoy hər gələn səni mal bilsin, torpağını satsın, yolunun pulunu yesin, səsini saxtalaşdırsın. Sənin kimi ağıllı maldansa, Aydın kimi axmaq jurnalist yaxşıdı”.

Məmməd sonradan mənə deyəndə qayıtdım ki:

– Kim nə deyir desin, təkcə İlham Əliyev deməsin, o Aydın Canıyev var e… bax onda sənin də ananı, mənim də anamı… ağladarlar!

Və doğrudan da… İlham Əliyev “ağıllı mal”ların xətri xoş olsun deyə o sözü demədi!

Və bu gün Lənkəranda doğrudan da sidq-ürəkdən İlham Əliyevə təşəkkürlü olan bircə nəfər var: dədəm Məmməd!

“Mən öləndə məni dəfn etməyə yanımda ol” arzusundan məhrum etmədiyi üçün!

O vaxtdan 7 il keçir. Məmməd 77-ni də keçdi!



Xural.com


0 0



Şərhlər (Facebook)