Главная > Mİni manşet > Azərbaycan Ordusu Qarabağa qayıdış tarixini necə yazdı?

Azərbaycan Ordusu Qarabağa qayıdış tarixini necə yazdı?


11 11 2018. Разместил: vetenazerbaycan

“Müharibə bütün hallarda eybəcərdir”, deyimi ilə mübarizələrin üzərindən xətt çəkmək olar. Amma müharibənin də bütün məfhumlar kimi primitiv müqayisə olunmaq haqqı var: Ədalətsiz və ədalətli.

Biz bir dəfə ədalətsiz müharibəni yaşadıq və dünyanın ədalətsiz üzü ilə hələ də qarşı-qarşıyayıq. Bu illər ərzində diplomatlar gəldi, məclislər quruldu, bəyanatlar səsləndi. Amma kim bizə nə verdi ki?
Bir də müharibənin ədalətli üzü var. Bu, Qarabağa qayıdışdır. 2016-cı ilin 2-5 aprelində tarixə “dördgünlük müharibə” olaraq düşən döyüşlərdə Azərbaycan əsgəri bu dönüşün başlanğıcını qoydu.

Unutmamalıyıq ki, “ədalətli müharibə təhqiramiz sülhdən yaxşıdır”. Axı indiyə qədər Azərbaycanı güzəştli sülhə məcbur etmək cəhdləri dəfələrlə baş verib, buna görə ən şirnikləndirici təklifdən tutmuş, ən ədalətsiz yollara qədər əl atıblar.

Azərbaycan xalqının Qarabağa qayıdış arzusunda almanların Berlin divarını dağıtması qədər haqq var. Nə üçün, almanların daşları yerindən sökməsi XX əsrin ən ədalətli arzusu olur, bizim Qarabağ arzumuz dünyanın gözünə “mübahisəli məsələ?!”. Kim nə deyirsə, desin: müharibə bizim taleyimizə yazılıb və Azərbaycan Ordusu “dördgünlük müharibə”də Qarabağa qayıdış yolunu açdı.

Halbuki, biz hücum etməmişdik, halbuki, sülh danışıqlarına sadiq qalmışdıq. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Düşmən hücum etdi və yerində oturduldu”.

“İllər sonra o təpədə üçrəngli bayrağın dalğalandığını görmək də varmış taleyimizdə” deyə sevinməmək olmur. O bayraq ki, şəhidlərimizin qanı ilə sulanmış torpaqda ucalır. Və bu ədalətli müharibənin nəticəsidir. Dünyanın qulaqlarını tıxadığı bu ədaləti heç kim deyil, Azərbaycan əsgəri bərpa edəcək.

***

Dördgünlük döyüşü “soyuq başla” analiz edəndə Azərbaycan əsgərinin illər sonra Qarabağın hərbi və siyasi xəritəsini öz qanı ilə necə dəyişdiyini görürük:

STRATEJİ QƏLƏBƏ: “Lalə ilahi təpə” yüksəkliyi, Talış və ətrafdakı bütün yüksəkliklər Ordumuzun ildırımsürətli əks-əməliyyatı nəticəsində düşməndən təmizlədiyi Vətən torpaqlarıdır.
“Lalə ilahi təpə” yüksəkliyinin strateji baxımdan iki əhəmiyyəti var: Araz boyu istiqamətdə 10 kilometrlərlə məsafəni nəzarətdə saxlamaq; Füzulinin Horadiz və Cəbrayıl rayonunun Cocuq Mərcanlı yaşayış məntəqəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək;
Talış və ətraf yüksəkliklərin azad edilməsi ilə Goranboy və Naftalan şəhərinə yarana biləcək təhlükə aradan qaldırıldı.

Nəticə etibarilə cəbhəboyu ərazilərdə mülki əhali rahat nəfəs ala bildi. Məktəblilər güllə yağışı altında təhsil almaq çətinliyindən, valideynlər övladlarını itirmək qorxusundan xilas oldu.

Strateji nəticələr

- “İlahi təpə”nin azad olunmasından sonra düşmən gülləsi altında yaşamağın təhlükəsinə görə oradan köçən ailələr öz yurdlarına qayıtdı. Bu gün Cocuq Mərcanlı kəndində respublikanın ən müasir yaşayış məntəqəsi inşa olunub. Bu, şəhidlərimizin qanı ilə alınan torpaqlarımızda ilk həyatın başlanğıcıdır.

- Talış yüksəkliyi düşməndən təmizlənəndən sonra Ermənistan hakimiyyətinin bu istiqamətdə yerləşdirdiyi ermənilər oranı tərk etdi. Azərbaycanın işğal edilmiş ərazilərinə yerləşdirilən ermənilər bu torpaqların onlara məxsus olmadığını bir daha anlamış oldular.

SİYASİ QƏLƏBƏ: münaqişənin nizama salınması prosesi ilə məşğul olan ATƏT-in Minsk qrupunun regiona illərdir “turist səfərləri” nəticəsində Qarabağda düşmənin xeyrinə olan status-kvo davam etməkdə idi. Həmsədrlərin bu fəaliyyəti dünya ictimaiyyətində münaqişənin “dondurulmuş” olduğuna dair yanlış fikirlər yaratmış və beynəlxalq güclər bu problemi rəfə qaldırmışdılar. Azərbaycan əsgəri problemi “tozlanmış rəf”dən götürdü və BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qətnamələrini onu qəbul edənlərin önünə çıxartdı. Liviyaya qarşı qətnamənin qəbulu ilə icrası arasında saatlar çəkdiyi halda 22 ildir havada asılı qalan Qarabağla bağlı dörd qətnamənin həyata keçirilmədiyinin səbəbini birbaşa dünyadan soruşdu.

Azərbaycan əsgəri sübut etdi ki; İşğal olunmuş torpaqlardan vaz keçməyib; münaqişə “dondurulmuş” deyil; hər an ildırımsürətli hücumla ərazi bütövlüyümüzü bərpa edə bilər; o, müharibə istəmir, amma işğalın davam etməsinə icazə verə bilməz və işğala son qoymaq üçün atılacaq hər addıma görə məsuliyyəti işğalçı ölkə və onun arxasındakı güclər daşıyır.

Azərbaycan əsgəri sübut etdi ki; “Sülhə qurban kəsərəm, mən də qan istəmirəm... Tükənir səbrim fəqət, sazişlər, qətnamələr, bəyanatlar kifayət, ziyafətlər kifayət, ziyafət dumanında nəzakətlər kifayət”.

Azərbaycan əsgəri bəyanatlara, ziyafətlərə dur dedi və münaqişənin həll olunmasının vaxtının çatdığını dünyaya diktə etdi.

Siyasi nəticələr

Və nəticə etibarilə, beynəlxalq diplomatiyanı hərəkətə keçirdi. Okeanın o tayından sülhə çağırışlar səsləndi. Döyüşlər o şərtlə dayandırıldı ki, münaqişənin həlli üçün danışıqlar prosesi ölü nöqtədən tərpənməlidir. Vyana görüşü, ardınca Sankt-Peterburq görüşü keçirildi. Son iki onillikdən sonra münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesində bu qədər canlanma müşahidə olunmamışdı və bu, diplomatiyanın deyil, Azərbaycan əsgərinin xidməti idi.

İşğalçı anladı ki, bundan sonra münaqişəyə dair heç nə əvvəlki kimi olmayacaq: Ermənistan öz həyasız ərköyünlüyünü davam edə bilməyəcək, vəziyyət “dondurulmuş” qalmayacaq, ərazi bütövlüyümüzün bərpası üçün real addımlar atılacaq, düşmən işğal siyasətini yürüdə bilməyəcək. Bunların əksi demək, Azərbaycan əsgərinin gücü ilə qarşılaşmaq deməkdir.

Azərbaycan əsgəri sübut etdi ki; onun qüdrəti qarşısında düşmən duruş gətirə bilməz; Vətən torpağını çəkmələri altında tapdalayanları əzib keçmək əzmindədir.

“Mövqelərimizi bir-bir əzib keçdilər”, - deyən düşmən zabitinin bu etirafı da Azərbaycan əsgərinin gücünə ən bariz sübutdur.

***

Ordunun yaratdığı reformasiya: “Dördgünlük müharibə” Azərbaycan sərhədlərindən kənarda – düşmən üzərində ciddi siyasi reformasiyaya səbəb oldu. Bəli, məhz reformasiya.

Ermənistan Qərbdə arxasını “erməni lobbisi”, Şərqdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) söykəyərək, Azərbaycan torpaqlarında işğal siyasətini davam etdirir və düşünürdü:

- Azərbaycan Qarabağı azad etmək iqtidarında deyil.
- Azərbaycan Ordusu 90-cı illərin köhnə tanklarına malik nizamsız ordudur.
- Azərbaycan I Qarabağ savaşının məğlub tərəfidir və heç vaxt bu sindromdan xilas ola bilməyəcək.

Azərbaycan əsgəri cəmi dörd gün ərzində düşmənin qalibiyyət xülyasını alt-üst etdi və regionda ciddi reformasiyanı başlatdı.

a) Ordumuz rəsmi Bakının illərdir ilmə-ilmə toxuduğu diplomatik zəfərin nöqtəsini qoydu. Ermənistan nə dünyanın heç bir ölkəsindən, nə də indiyə qədər arxalandığı KTMT və “erməni lobbisi”ndən dəstək ala bilmədi.

KTMT-nin əsas üzvləri – Qazaxıstan və Belarus qəti şəkildə Azərbaycan əsgərinin ərazi bütövlüyü uğrunda döyüşünü dəstəklədi.

Rəsmi Minsk bir qədər də irəli gedərək, aprelin 4-də - döyüşlərin getdiyi bir vaxtda hərbi doktrinasına dəyişiklik etdi və ordusunun ölkədən kənar hərbi əməliyyatlarda iştirakını məhdudlaşdırdı. Bu, Lukaşenkonun “Azərbaycanla döyüşmək ehtimalı”na qarşı gedişi idi.

Rəsmi Astana isə açıq şəkildə Ermənistanı işğal etdiyi torpaqlardan geri çəkilməyə dəvət etdi. Hətta Nazarbayev apreli 8-də - atəşin dayandırılmasından 3 gün sonra Avrasiya İqtisadi İttifaqının İrəvanda keçirilməsi nəzərdə tutulan sammitinin yerini dəyişmək üçün hərəkətə keçdi və sammit aprelin 13-da Moskvada baş tutdu. Bu, Nazarbayevin “dördgünlük müharibə”dən sonra “İrəvana getmək Ermənistana dəstək kimi görünə bilər” ehtimalına qarşı addımı idi.

... Bu, Prezident İlham Əliyevin başlatdığı siyasi reformasiyanın Ali Baş Komandan İlham Əliyevin yumruğu ilə tamamlanması demək idi...

Ermənistanın okeanın o tayında “erməni lobbisi”ndən gözlədiyi dəstəyin kökünü Prezident İlham Əliyev Vaşinqton səfəri ilə qazımışdı. Beləcə, düşmən öz kinində boğulub qaldı.

b) Azərbaycan əsgərinin yumruğu Ermənistan üzərində təkcə hərbi qələbəni deyil, siyasi qələbəni də gerçəkləşdirdi və düşmənin özünü öz içindən yemə prosesi başlandı: Ermənistanda “bu bizim müharibə deyil”, yaxud “Serj, başqasının torpağını qaytar” deyən insanlar Qarabağda döyüşmək istəmədiklərini açıq şəkildə bildirdilər; İrəvan rejiminin Qarabağa göndərdiyi erməni hərbiçiləri arasında fərarilik artdı; Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən ermənilərin bir qismi buranı tərk etdi; bu münaqişə ilə hakimiyyətini uzadan “Qarabağ klanı”nın içində ciddi çatlar yarandı; “Nə qədər gec deyil, daha az itki ilə Qarabağ məsələsində təcili güzəştə getməliyik”, deyən erməni siyasətçilər İrəvana rejiminə çağırış etdilər; Və 2 il sonra Serj Sarkisyanın devrilməsi ilə nəticələndi.

Ermənistanda baş verən hakimiyyət dəyişikliyinin əsas səbəbinin məhz iki il öncə baş verən “dördgünlük müharibə”də Azərbaycan Ordusunun qələbəsi olduğunu desək yanılmarıq. Müharibədən sonrakı dövrdə işğalçı ölkənin daxilindəki vəziyyət və bu vəziyyətin son nəticəsi də bunu deməyə əsas verir.

Bütün bunlar Azərbaycan Ordusunun dörd günlük zamana sığdırdığı zəfəridir və bu zəfəri kiçiltmək heç kimin həddi deyil. Bu zəfəri kiçiltmək istəyənlərə... tarixi humanizm üzərindən boşboğazlıq edənlər yox, əsgərlər yazır və bu tarix onların qanları ilə həkk olunur. Onlar klaviatura arxasında oturub “qəhrəmanlıq” edənlər, “bir təpə üçün şəhid verməyə dəyməz” deyib bir qarış Vətən torpağının nə olduğunu bilməyənlər, qazandıqlarımızdan deyil, itkilərdən siyasi qazanc götürmək istəyənlər üçün şəhid olmadı. Onlar heç arxalarınca dastanlar yazılsın, nəğmələr qoşulsun deyə də şəhid olmadı. Onlar şəhid olmadı ki, kimsə “Sağ ol” desin.

“Vətən sağ olsun”, onlar sadəcə bunun üçün şəhid oldular və tarix yazdılar. Bu, qalibiyyətə susamış xalqın tarixi idi. Bu tarix əvvəlcə əsgərini döyüş bölgəsindən çıxarmaq əmrini verən və qanaxmadan həlak olan zabitin, öz qardaşının ölümünü qollarında izləyən, amma döyüş yoldaşlarını tək qoymayan əsgərin tarixidir. Bu, əməliyyat masasında “Qarabağ” nəğməsi söyləyən yaralı əsgərin tarixidir. Bu, Azərbaycan Ordusunun, Ali Baş Komandanın tarixidir. Bu tarixin adı QARABAĞA QAYIDIŞDIR.

Asif Nərimanlı

“Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir”
Вернуться назад