Azərbaycan İnformasiya Agentliyi (AİA)


Nərimanov Zeynalabdini həbs etdirib? - Tarixi fakt



Nəriman Nərimanov tariximizin ən çətin məqamlarında Azərbaycana rəhbərlik edib. Uzun müddət yuxarılar tərəfindən təklənməsinə baxmayaraq, öz xalqı üçün əlindən gələni əsirgəməyib. Deyilənlərə görə, xeyriyyəçi və onu xaricdə oxudan Hacı Zeynalabdin Tağıyevi də bir hiylə işlədərək ölümdən xilas edib. Bu barədə çox yazılıb və çox deyilib. Lakin AXC dövründə Əks İnqilabla Mübarizə Komitəsinin sədri Nağı bəy Şeyxzamanlı xatirələrində başqa bir maraqlı hadisəni yazır.

Azerbaycaninfo.az Moderator.az-a istinadən, Nəriman Nərimanov və Tağıyevlə bağlı sözügedən əhvalatı təqdim edir:

“Bolşeviklər Hacı Zeynalabdinin var-dövlətini də əlindən alıb müflis etdilər. Onun pulu ilə oxuyub təhsil alan Doktor Nəriman Hacını həbs etdirdi. Hadisə belə olub: Bütün sərvətindən məhrum olan Hacının Bakıdakı tekstil fabrikinin adı bolşeviklər tərəfindən dəyişdirilərək “Lenin tekstil fabriki” olur. Bunu eşidən Hacı Doktor Nərimanın yanına gedir və ona: “Nəriman, mən öz pulumla türk xalqı üçün teatr tikdirdim və xalqımıza hədiyyə etdim. Dram Cəmiyyəti teatrın adını Tağızadə qoydu, indi isə dəyişib Dadaş Bünyadzadə qoymuşunuz. Buna heç bir etirazım yoxdu. Çünki o da türkdür. Mənim öz pulumla tikdirdiyim tekstil fabrikini əlimdən aldınız. Buna da bir etirazım yoxdu. Çünki millət üçün işlədəcəksiniz, deyirsiniz. Yalnız etirazım adını lənətə gəlmiş Leninin adına qoymağınızdadır. Mən o alçaq Leninə fabrika satmamışam. Əgər fabrikin adını dəyişib Nəriman qoysaydınız, yenə etiraz etməyəcəkdim”, - deyir. Bu sözlərdən sonra Nəriman rəhbərliyi altında çalışdığı yanındakı rusdan qorxaraq Hacını həbs etdirir. Bu hadisəni eşidən fabrik fəhlələri tətil edərək, ÇEKA-ya gedir və Hacının dərhal azad edilməsini tələb edirlər. Onlar Hacını bundan sonra da öz hesablarına saxlayacaqlarını bildirərək həbsdən azad etdirirlər.

Hacının bundan sonrakı həyatı çox qısa olur. Ömrünün sonu Bakı ətrafındakı Mərdəkanda kəndlilər və fəhlələr arasında keçir. Hacı bir fəhlə kimi əmək fəaliyyətinə birgə başladığı dostlarının əhatəsində 104 yaşında kədərli gözlərini yumur”.

Qeyd edək ki, Nağı bəyin bu məqaləsi “Azərbaycan” aylıq kültür dərgisinin 1957-ci il iyul sayında çıxıb. Həmçinin, xatirələr kitabına ayrıca bir bölüm kimi daxil edilib.


0 0



Şərhlər (Facebook)