Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Avropalılara belə azərbaycanlılar lazım deyil” - MÜSAHİBƏ (Fotolar)


AAK prezidenti Sahil Qasımov: “Avropada yaşayan azərbaycanlılar arasında fikir ayrılığı mövcuddur”;“Yeni komitə sədrindən çox şeylər gözləyirik”
Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Sahil Qasımov bu günlərdə Bakıdadır. “Yeni Müsavat”ın redaksiyasına qonaq gələn Sahil Qaslmovla diasporun gəldiyi nöqtə, xaricdə yaşayan azərbaycanlıların ümdə problemi, habelə görüləcək işlərlə bağlı söhbətləşdik.
Musavat.com müsahibəni təqdim edir.

-Sahil bəy, rəhbəri olduğunuz təşkilat nə zaman yaranıb və nə qədər azərbaycanlını öz ətrafında birləşdirir?

-Avropa Azərbaycanlıları Konqresi 2004-cü ildən fəaliyyət göstərir. Berlində təsis olunub. Amma hazırda baş mənzil qərargahı Brüsseldə fəaliyyət göstərir. 60-dan çox ölkəni birləşdirir. Rusiyadan tutmuş İsrailə, eləcə də Türkiyə və Avropanın qərbi, şərqinə qədər, 130-dan çox təşkilatdır. Konqresin son 1 ildə iki qurultayını keçirmişik, Amsterdamda. Mən 2017-ci ildə prezident seçilmişəm. 2018-ci ildə nizamnamədə bəzi islahatlar apardıq. Nizamnamə dəyişdi, mərkəzi şura yaradıldı. Keçmiş icraiyyə komitəsi ləğv olundu, yeni büro yarandı. Müxtəlif Avropa ölkələrində xeyli görüşlərimiz, toplantılarımız oldu, parlamentdə görüşlər keçirdik. Bu yaxınlarda Polşada ATƏT-in İnsan Haqları Bürosunda görüşlər keçirdik. Onlar Azərbaycandakı seçkilərə çox neqativ yanaşmışdılar. Biz açıq görüşlər zamanı radikal şəkildə sual qoyduq ki, nədən Ermənistanda xalqın yalan adlandırdığı seçkiləri siz şəffaf deyə qiymətləndirdiniz, amma Azərbaycandakı şəffaf seçkilərə tamamilə başqa don geyindirməyə çalışırsız? Təbii ki, bu sualları cavablandıra bilmədilər. Bizim də onlardan tələbimiz belə oldu ki, biz Avropa Azərbaycanlıları Konqresi - üzvləri Avropada yaşayan azərbaycanlılardır, Avropa vətəndaşlarıdır, - sizə seçkilərdə səs verənlərik. Siz həm də Avropada yaşayan azərbaycanlıların vergisi hesabına bu qurumları yaradırsız. Siz bu qurumlarda oturub bizim tarixi vətənimizi radikal yanaşmalarla ləkələyirsiz.

-Təsiri oldumu bu görüşlərin?

-Söz verdilər ki, bu məsələyə baxılacaq. Zənn edirəm ki, nəticəni iyun ayında yazıb verəcəklər. Ümid edirik ki, bizim görüşümüzün müəyyən təsiri olacaqdır.

-Siz Konqres olaraq ancaq Avropada vətəndaşlıq almış azərbaycanlılarımı əhatə edirsiz? Avropaya köç edən xeyli sayda azərbaycanlılar var ki, onların arasında qaçqın düşərgəsinə yerləşənlər da var, pis durumda olanlar da. Sizin onlara çatımlılığınız nə dərəcədədir?

-Avropa Azərbaycanlıları Konqresi siyasi təşkilatdır, humanitar yox. Diaspora təşkilatları sahələrə bölünür. Biz sadəcə olaraq Avropada yaşayan bütün təşkilatlara qucaq açırıq. Önəmli deyil ki, onlar Avropa vətəndaşdılar, ya yox. Azərbaycanlıdılarsa, bizə onların sosial statusu, rəsmi leqallaşması maraqlı deyil, hamıya eyni cür yanaşırıq. Daha çox lobbiçilik istiqamətində irəliləyirik. Bu gün siz dediyiniz leqallaşma prosesini keçən düşərgələrdəki azərbaycanlılar bu məsələlərdə bizə kömək ola bilməzlər. Amma biz onlara bacardıqca yardım etməyə çalışırıq. Baxmayaraq ki, bizim nizamnaməmizdə onların problemlərini həll etməklə bağlı hər hansı məqam yoxdur. Onlar oturum əldə etdikdən sonra istədikləri təşkilatlara üzv ola bilirlər. Amma biz Azərbaycanın yanında olan, ölkədəki pozitiv prosesləri izləyən, Azərbaycanı dəstəkləyən, demokratik proseslərə bilavasitə kömək etmək istəyən və edən təşkilatıq. Biz ölkədə gedən prosesləri dərindən izləyirik. Dünyada Azərbaycana qarşı ədalətsiz yanaşma, Dağlıq Qarabağ məsələsində qeyri-obyektiv münasibətə qarşı fəaliyyət göstərən, Azərbaycan həqiqətlərinin Avropada tanınmasında böyük rol oynayan təşkilatıq.

-Son illərdə diasporanın gəldiyi nöqtə barədə nə deyə bilərsiz? On il öncə ilə müqayisədə gəldiyiniz nəticədən razısızmı? Hər zaman belə bir rəy var ki, ermənilər Avropada da, Amerikada da bizdən daha güclüdülər. Bunu da onların həmin ərazilərdə daha öncədən köç etməsi ilə bağlayırlar. İndi qüvvələr nisbəti necədir bu sahədə?

-Təbii ki, Avropada erməni konqresi daha güclü fəaliyyət göstərir. Daha çox Fransada, eləcə də Belçika və onun ətraf ölkələrində. Təbii ki, yüzillər prosesində onların müxtəlif sahələrində yerlərini möhkəmlətmə prosesi var. Fransada nazirlərdən tutmuş, böyük şəhərlərin merlərinə qədər, oralara kök salmış ermənilər var. Amma bu gün bir azərbaycanlı 20-25 il ərzində müəyyən uğurlar qazansa da, yetərli deyil. Buna baxmayaraq, Avropa Azərbaycanlıları Konqresi ermənilərlə siyasi müstəvidə döyüşə biləcək səviyyəyə gəlib.

-Heç bu müstəvidə üz-üzə gəlmək imkanı olubmu? Gücün yarışı? Bizimkilər və ermənilər bu sahədə üz-üzə gəliblərmi?

-Açiq deyim ki, əvvəllər ermənilər bizim diasporanın fəaliyyət istiqamətini yönləndirməyə çalışır və buna nail olurdular. Məsələn, hardasa bir məsələni qabardırdılar və biz də bütün gücümüzü ora yönləndirirdiksə, başqa tərəflər açıq qalırdı. Onlar bizə zərbələri arxadan endirə bilirdilər. Son vaxtlar prezidentimiz İlham Əliyevin proqram şəklində çıxışı olub ki, biz artıq müdafiə yox, hücum taktikasına keçməliyik. Bu direktiv əsasında fəaliyyətimizi yenidən qurmuşuq və indi daha sistemli çalışırıq. İstiqamətlərimizdən biri də budur ki, çalışırıq ki, seçkili orqanlara daha çox azərbaycanlılar gəlsin.

-Nailiyyət varmı bu sahədə?

-Az da olsa var. Latviya parlamentində azərbaycanlılarımız var. Estoniyada keçmiş mer var, hazırda başqa vəzifəyə gedir. Yerli bələdiyyə orqanlarına seçkilərdə azərbaycanlılar iştirak edir. Məsələn, İsveçdə, Höteburqda, Stokholmda azərbaycanlılar seçkiyə gedir. Biz çalışırıq ki, azərbaycanlılar bu orqanlarda təmsil olunsunlar. Biz AAK olaraq təşkilatlanma işini bitirdik. İndi də çalışırıq ki, lobbiçilik sahəsində irəliləyək. Buna nail ola biləcəyiksə, Azərbaycan diasporası olaraq irəliyə doğru addım böyük atmış olacağıq.

-Azərbaycan diasporunun ‘’Axilles dabanı’’ hansıdır – maliyyə, inteqrasiya, təşkilatlanma...? Bir ştrixi vurğulayım ki, daha çox xaricdə yaşayan azərbaycanlılar ancaq faciə və bayram günlərində bir araya gəlib, tədbirlər keçirməkdə qınayırlar. İldə bir neçə dəfə, kiçik heyətlə... Bu da təşkilatlana bilməmənin göstəricisi sayılırmı?

-İnteqrasiya mühüm məsələdir. Mən əks sual verim: avropalılar bizim inteqrasiya olunmamızı istəyirlərmi? Onlara bizim inteqrasiya olunub, onların səviyyəsinə çatmış azərbaycanlılar, müsəlmanlar, qeyri-millətlər lazım deyil. Onlara məzlum və möhtac insanlar lazımdır. Onlara böyük qardaşlıq edə biləcəyi, istiqamətləndirəcəyi sığınmaçılar lazımdır. Onlara əzab çəkmiş xalq lazımdır, digər xalqları öz səviyyələrində görmək istəmirlər.

-Amma mane də olmurlar. Hər cür kurslar təşkil edirlər... Dil, ixtisaslaşma və sair... Vətəndaşlıq verirlər.

- Kursları təşkil edib, müəyyən səviyyədə dil öyrətmək ən müxtəlif səbəblərdən onların özünə lazımdır. Arvopalılar daha çox sığınmaçıların assimilyasiyasını istəyirlər. Mən illərdir Qərbi Avropada yaşayan insanam. Onlar sənin onlardan daha yaxşı geyindiyini, daha yüksək vəzifədə çalışdığını, standartlarının yüksək olduğunu görüb paxıllıqla baxırlar. Onlar bunu hətta bağışlaya bilirlər. Qarşında qırmızı işıq yandırırlar.

-Harda?

-Vəzifəyə gəlmək, irəliyə getmək məsələsində. Pribaktika ölkələrində qabağa getmiş həmyerlilərimiz isə daha çox orda doğulub-böyümüş, hətta soyadları belə həmin xalqlarınkından olan şəxslərdir. Qərbi Avropa Şərqi Avropaya məzlum xalq kimi baxır. Onlar üçün Bolqarıstan, Rumıniya heç vaxt onların səviyyəsinə gəlib çıxa bilməz. 30 il onlardan arxadadılar. Ona görə də buna diqqət etmək lazımdır… Təbii ki, dediyiniz diaspor məsələsində ciddi problemlər var. Buna maliyyəni də aid etmək olar. Ermənilərin əlində o qədər fondlar var, maliyyə dəstəkləri, qrantlar var ki. Onlar bu vəsaitlə hətta öz tarixi ölkələrinə də yardım edirlər. Təbii ki, burada dini faktoru da unutmaq olmaz, bu, böyük rol oynayır. Bu gün hələ də bəzi Avropa ölkələri ərazi bütövlüyümüzü dəstəkləsə də, ümumilikdə ciddi problemlər var. Biz yenə də öz sözümüzü, dərdimizi çatdıra bilmirik.

dd1531df-8b7f-4f48-9019-3abeed28406d.jpg (285 KB)

-Avropada yaşayan mühacirlərin bir də radikal qanadı var. Hansı ki, 2018-ci ilin əvvəlindən etibarən xüsusi aktivlik nümayiş etdirirlər – etiraz aksiyaları, canlı yayımlar, bəyanatlar. Sizin fikriniz maraqlıdır: nəyə görə proses bu il xüsusi aktivləşdi? Və bu cür aksiyalar azərbaycanlıların bir məslək, amal uğrunda mübarizəsini zəiflədirmi, buna mane olurmu?

-Onlar müxalifət yönümlü insanlar deyil. Çünki radikallarla onlar arasında böyük fərq var. Müxalif təşkilatlar tamamilə başqa fəaliyyətdədirlər. Onları bir-birinin yanında görmək mümkün deyil. Radikalların aksiyalarında müxaliflər, müxaliflərin aksiyalarında isə radikallar olmurlar. Müxalif fikirli olmaq tamam fərqli bir nüansdır. Bir vətənini sevən insan müxalif ola, başqa bir lideri müdafiə edə bilər. Amma o, Azərbaycanı sevir, dövlətçiliyinin yanındadır. Bu insanlara bizim simpatiyamız var. Radikal dediklərimizin 2018-ci ildə fəallaşması isə təbii ki, prezident seçkiləri ilə əlaqəli idi. 2018-ci ilin aprel ayından bəri nisbi sakitlik var. Daha öncə radikallıq var idi, aksiyalar keçirirdilər. Avropada yaşayan azərbaycanlılar arasında fikir ayrılığı mövcuddur. Bunları dörd qrupa bölmək istərdim - İqtidaryönlü, müxalif, neytral, radikal qruplar var.

-Hollandiyada yaşayan mühacirlər arasında Orduxan Temirxanovla, eləcə də Almaniyada onlara qoşulan digər mühacirlərlə hər hansı danışıqlar aparmaq cəhdləriniz olubmu?

-Əlbəttə. Mən eyni zamanda Binelüks ölkələri Konqresinin rəhbəriyəm. Mən 2006-cı ildə bu Konqresi yaradanda bütün müxalif təşkilatları dəvət etdik. Bir neçə müxalifət təşkilatı ilə bir konqresdə birləşdik. Orda həm AXCP, həm Müsavat təmsilçiləri var idi. Onlar indiyə qədər də bizim tədbirlərimizə gəlir, bizi öz tədbirlərinə dəvət edirlər. Avropada yaşayan azərbaycanlılar düşmən olmamalı, dialoq şəklində fəaliyyət göstərməlidir. Biz hamıya açığıq. Bizim nizamnaməmiz bəllidir. Buyurub, bizə qoşulsunlar. Bizim üçün dövlətçilik ənənələri, dövlətin atributları mühüm rol oynayır.

-Yeni “diaspora naziri” təyin edildi. Bundan öncəki Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə dövlət komitəsinin rəhbəri Nazim İbrahimovla da sizin yaxşı münasibətləriniz vardı. Yeni komitə rəhbərindən gözləntiləriniz nədir? Hansı məsələlərdə ondan dəstək istəyəcəksiz?

-Yeni təyin olunan nazirlə biz hələ görüşməmişik. Ümid ediərm ki, bu günlərdə görüşümüz baş tutacaq. Azərbaycana səfərimin məqsədlərindən biri də elə budur. Hesab edirəm ki, cənab prezidentin sərəncamı ilə təyin olunmuş yeni komitə rəhbəri hörmətli Fuad Muradov diaspora fəaliyyətinə yeni xətt gətirəcək. Keçmiş komitə rəhbəri ilə çox yaxşı münasibətlərimiz olub. 15 il müddətində bu əməkdaşlıq yüksək səviyyədə olub. O zaman qapı-qapı gəzib, insanları bir araya gətirirdik. Bu sahədə təməli qoyduq, sonra təşkilatlandıq, lobbiçilik istiqamətində işlər gördük. Bu gün bütün dünyada diaspora təlşkilatları tədbirlərdə müəyyən nöqtəyə gəliblər. Yeni komitə sədrindən çox şeylər gözləyirik. 15 ildən bəri keçirilmiş bütün pozitiv məsələlərin qalması, eyni zamanda yenilik lazımdır. Yaxın keçmişdən bu günə qədər olan nəaliyyətləri, bunu həyata keçirən təşkilatları unutmamaq lazımdır. Diasporanı bizlər və sizlərə bölməmək, insanlarla daha çox ünsiyyətdə olmaq, əvvəlki diaspora ilə yeni yaranmış diaspora arasında əlaqələri davam etdirmək lazımdır. Ümid edirəm ki, yeni sədrlə və onun kollektivi ilə bu məsələdə faydalı fikir mübadilələrimiz olacaq.

Qeyd: Sahil Qasımovla bərabər redaksiyamızı Polşada Azərbaycanlı Gənclər Şurasının (PAGŞ) sədri Nail Əhməd də ziyarət edib.

Sevinc TELMANQIZI,
Musavat.com
Fotolar Elçin Əkbərovundur


0 0



Şərhlər (Facebook)