Главная > Müsahibə, İdman > “Qara siyahı” 2 oyundan sonra olacaq” –Yunis Hüseynov

“Qara siyahı” 2 oyundan sonra olacaq” –Yunis Hüseynov


8 08 2017. Разместил: azerbaycan

Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Qol.az saytına müsahibə verib. Ölkə kubokunun 1/4 final mərhələsində “Keşlə” ilə keçirəcəkləri oyunlardan danışan təcrübəli mütəxəssis fasilədən sonra komandada baş verə biləcək dəyişikliklərdən də bəhs edib.

- Çempionatda birinci hissə başa çatsa da, qarşıda “Keşlə” ilə kubok oyunlarınız var. Həmin görüşlərdən nə gözləyirsiniz?

- Bizim üçün çox vacib oyundur. Çempionatda avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaq bizim üçün mümkünsüz görünür. Avropaya gedən ən asan yol kubokdan keçir. Bütün diqqətimizi ölkə kubokuna yönəltmişik. Finala qədər getmək istəyirik. Hazırda bizim ən böyük arzumuzdur. Var-gücümüzü ortaya qoyub, mərhələni keçsək, istəyimizə çata bilərik. Bilirsiniz ki, kubokda növbəti mərhələnin oyunları gələn il olacaq. Fasilədə heyətimizi gücləndirsək, yaxşı nəticə qazanmaq olar.

- Birinci divizion səviyyəsində olan futbolçularla bunu bacarmaq nə dərəcədə mümkün olacaq?

- Bunu çox şişirtdilər. Bu sözü əvvəlcə paltardəyişmə otağında futbolçulara demişəm. Ardınca isə mətbuat konfransında bu fikirləri səsləndirmişəm. Bu da ondan qaynaqlandı ki, “Binə” ilə oyunun birinci hissəsində öz oyunçularımla rəqib futbolçular arasında fərq görməmişdim. İkinci dövrədə komandaya yeni futbolçular gələcək. Demirəm ki, yaya kimi bu heyətlə oynayacağıq. Fikrimiz var ki, qış fasiləsində bacardığımız qədər güclənək. Buna görə futbolçu götürməliyik. Yeni transferlər etmək üçün isə gərək, azad agent statusu olan futbolçular tapaq. Buna nə dərəcədə nail olacağımızı zaman göstərəcək. Bütün varlığımızla çalışırıq ki, komandaya köməyi dəyə biləcək oyunçular tapaq.

- Yəqin ki, yeni transferlərlə yanaşı, gedənlər də olacaq...

- İki oyundan sonra bu haqda düşünəcəyik. Futbolçularla ümumi iclasımız olacaq. Eyni zamanda, hər biri ilə təklikdə söhbət edəcəyik. Ümumiyyətlə, hər komandada fasilədə dəyişikliklər olur. Bu, real olan bir şeydir. Bizdə də həmin dəyişikliklər olacaq.

- Artıq “qara siyahı”ya saldığınız futbolçular var?

- Hələ ki, yoxdur. “Qara siyahı” 2 oyundan sonra olacaq.

- Təlim-məşq toplanışını harada keçirməyi düşünürsünüz?

- Toplanışın birinci mərhələsi Bakıda olacaq. İkinci mərhələni isə ölkə xaricində keçirmək istəyirik. Gedəsi olsaq, seçimimiz Türkiyə olacaq. Planımızda var. Komandanı komplektləşdirə bilsək, ölkə xaricinə getmək fikrimiz var.

- “Keşlə”nin qapıçısı Orxan Sadıqlının adı “Kəpəz”lə yanaşı hallanır. “Xəzər Lənkəran”dan yaxşı tanıdığınız qolkiperin qış “transfer pəncərəsi”ndə hazırkı komandanıza keçidi həqiqətən gözlənilirmi?

- Hələ ki, heç kimin adı “Kəpəz”lə hallanmır. Çünki bir çox futbolçuların klubları ilə müqavilələri var. Mənim xasiyyətimdə yoxdur ki, müqaviləli futbolçularla danışıq aparım. Çünki bu, qarşı komandaya hörmətsizlikdir. Boşda olan futbolçular tapsaq, onlarla söhbət edəcəyik.

- Birmənalı şəkildə deyirsiniz ki, Orxanın “Kəpəz”ə keçmək söhbəti yoxdur?

- Yox. Müqaviləsi olan futbolçu ilə mən necə danışa bilərəm? Hansı klub öz futbolçusunu buraxar ki?

- Ümumiyyətlə, Sadıqlı sizin maraq dairənizdə olan futbolçudur?

- Mənim maraq dairəmdə çox futbolçu var. Bir çox futbolçuları komandamda görmək istəyirəm. Ancaq futbolçu həm azad agent, həm də büdcəmizə uyğun olmalıdır ki, onu komandaya götürək.

- “Kəpəz”in gələn ildən Gəncədə məkunlaşacağı söylənilir. Bu, nə dərəcədə realdır?

- Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev gələn ildən həm bazanı, həm də meydançaları təmir elətdirib bizim ixtiyarımıza vermək istəyir. Bu istiqamətdə işlər gedir. Hamımız istərdik ki, Gəncədə məskunlaşaq.

- Sadaladığınız işlərin bitməsi nə vaxta nəzərdə tutulub?

- Yəqin ki, 2018-ci ilin axırına kimi yekunlaşacaq. Çünki bu, 1-2 ayın işi deyil. Görüləsi işlər çoxdur.
Вернуться назад