Главная > Müsahibə, İdman > Maksim Medvedev: "Təzə futbolçular bizi çox yordu"

Maksim Medvedev: "Təzə futbolçular bizi çox yordu"


2 02 2018. Разместил: vetenazerbaycan

Azərbaycan milli komandasının futbolçusu Maksim Medvedev Türkiyənin Antalya bölgəsində Moldova yığması ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra brifinq keçirib.

"Report"un Antalyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, təcrübəli mütəxəssis sualları cavablandırıb...

- Əvvəlki və indiki milli komanda arasında hansı fərq var?

- Bu söhbətdə ancaq Qurban müəllimin baş məşqçi olmağı var. Həmin futbolçular öncədən də milliyə dəvət almışdılar. Azərbaycan çempionatı üçün tanınmış futbolçulardır. Hamı Qurban müəllimi tanıyır. O da hamını tanıyır. Meydanda umumi götürəndə yenilik yoxdur. Sadəcə 4 gün ərzində hazırlaşmışıq. Çalışırdıq ki, onları göstərək. Bəzən alınırdı. Birinci oyundur. Bu gün 50 faiz alınırsa, gələcəkdə daha çox alınacaq. Daha yaxşı oyunlar olacaq. Qol imkanlarımız da artacaq.

- Klubların düşərgəsində hazırlıq prosesi keçmisiniz. Yorğunluq hiss olunurdumu?

- Yorğunluq həmişə olur. Milli komandada həmişə qısa zamanda gəlirik. Futbolçular əlavə əhval-ruhiyyədə olurlar. Milli komandanın toplanışı lap yerinə düşüb. 20 gün bir oteldə qalırdıq. Bura gələndə isə bir az dəyişikliklər olur.

Futbolçular baş məşqçini gözünə girmək üçün əlavə motivasiya ilə məşq edir. Məşqlər də çox intensiv olur. Bu gün bəzi şeylər alınmasa da, uşaqlar vuruşurdu.

- Bu gün də müdafiənin mərkəzində çıxış etdiniz. Bu, alternativ variantdır? Yoxsa həmin mövqedə sizi tez-tez görəcəyik?

- Bu sualı baş məşqçiyə versəniz, daha yaxşı olar. Mənim üçün fərqi yoxdur. Müdafiənin istənilən mövqeyində oynayacam. 28 yaşım var. Biraz təcrübə toplamışam. Hansı mövqedə necə oynamaq lazımdır, hamısını bilirəm. Ola bilər gələcəkdə mərkəz müdafiəçisi mövqeyində oynayım. Bu, baş məşqçinin qərarı olacaq.

- Qurban Qurbanovun millidə birinci matçı idi. Bəzi futbolçular var ki, digər klublardan gəliblər. Onların sistemə uyğunlaşması barədə nə deyə bilərsiniz? Uyğunlaşa bilirlərmi?

- Bütün futbolçular "Qarabağ"ın oyununu bilir. Bu sistemə öyrəşmək çox asandır. Baş məşqçi futbolçulardan fantastik şey tələb etmir. Futbolçulara daha sadə oynamağı tapşırır. Hər bir epizodda öz bacarıqlarını göstərsinlər. Bəzi hallar olur ki, nəsə çatışmasa da, baş məşqçi kömək edir. Milli komandada ilk oyundur. Gələcəkdə həmin futbolçular baş məşqçinin sisteminə uyğunlaşacaqlar və yaxşı çıxış edəcəklər.

- Sizin mövqeyinizdə çıxış edən Abbas Hüseynovun oyununu bəyəndiniz?

- Səhv eləmirəmsə, onun da millidə birinci oyunudur. Bir az həyəcanlı idi. Oyundan öncə onunla söhbət etdim. Dedim ki, özünü çox sıxma. Çox istedadlı futbolçudur. Onun oyunu mənim xoşuma gəlir. Mübarizə aparmağı xoşlayan futboçudur. Gələcəkdə millidə bir neçə oyunda iştirak etsə, səviyyəli komandalara qarşı oynasa, təcrübə qazanandan sonra daha yaxşı çıxış edəcək.

- Öz formanızı ona etibar edə bilərsiniz?

- Biz başqa formalarla oynayırıq (gülür). Mən sevinərəm ki, milliyə gələn futbolçular bizdən də yaxşı oynasınlar. Bizi də keçsinlər. Kimsə gəlib bizim yerimizdə oynayacaq. Bu gün istəyirik ki, komandada rəqabət olsun. Baş məşqçinin də əlində yaxşı futbolçular olsun.

- Bu gün rəqib nə dərəcədə təhlükəli idi?

- Rəqibin oyununu bəyəndim. Mən oyunda çox qaçmadım. 90 dəqiqə ərzində rəqib qaçırdı, top alırdı. Dayanmadan vuruşurdu. Bizə rahat oynamağa imkan vermirdilər. Bizə imkan yaratmadılar. Onlar da dəyişikliklər elədilər. Hücum xətti demək olar ki, fərqli idi. Təzə futbolçular bizi çox yordu. Biz çalışdıq ki, axıra kimi vuruşaq.

- Sizin fikrinizcə heç-heçə ədalətli nəticə idi?

- Oyun ərzində top daha çox bizdə oldu. Moldova kimi komanda əks hücumlara bel bağladı. Bizim oyunumuzu analiz ediblər. Onların fikrincə, bizə qarşı belə oynamaq daha sərfəlidir. Bizimlə açıq futbol oynasaydılar, daha təhlükəli ola bilərdik.

- Sizin fikrinizcə matçın adamı kimdir?

- Bunu deyə bilmərəm. Kiminsə adını çəksəm, o biriləri inciyər. Çünki hamı vuruşurdu.
Вернуться назад