Azərbaycan İnformasiya Agentliyi (AİA)


Sensasiya: Belarus tezliklə Azərbaycana 10 “Polonez” raket kompleksi çatdıracaq!


Sensasiya: Belarus tezliklə Azərbaycana 10 “Polonez” raket kompleksi çatdıracaq!
Sensasiya: Belarus tezliklə Azərbaycana 10 “Polonez” raket kompleksi çatdıracaq!
Bu il ərzində Belarus “Polonez” reaktiv yaylım atəşi sistemlərinin ixracına dair ilk müqavilənin yerinə yetirilməsinə başlayacaq. Müqavilə çərçivəsində 10 “Polonez” kompleksinin ixracı nəzərdə tutulur, alıcı isə Azərbaycandır!

Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı nüfuzlu “Kommersant” qəzeti yayıb. “Polonez” raket komplekslərinin ilk ixrac partiyasının bu il ərzində müştəriyə çatdırılacağı barədə “Kommersant”a Belarus Müdafiə Nazirliyinə yaxın qaynaq bildirib. Mənbə deyib ki, ilk ixrac müqaviləsinə əsasən sifarişçiyə 10 kompleks çatdırılacaq. Bura raketlər, nəqliyyat-doldurucu maşınlar, idarəetmə məntəqəsi, radiolokasiya stansiyası və s. daxildir.

Mənbənin sözlərinə görə müqaviləyə dair hüquqi sənədlər final mərhələsindədir, müştəri isə “öz maliyyə məsələlərini həll edib başa çatdırmaq üzrədir”. Mənbə əlavə edib ki, söhbət Belarus tərəfdən ayrılan kreditdən getmir. Yəni sifarişçi raketləri öz puluna alır. Mənbə sifarişçi açıqlamaq istəməyib. Amma Rusiyanın müdafiə sənayesi müəssisəsinin iki top-meneceri bildirib ki, söhbət Azərbaycandan gedir. Qəzet xatırladır ki, Azərbaycan müdafiə naziri Zakir Həsənov ötən il Belarusda səfərdə olub və “Polonez” komplekslərinə baxış keçirib. Müdafiə naziri yaxın vaxtlarda yenidən Minskə səfər etməyə hazırlaşır.

“Polonez” kompleksləri 2012-ci ildə Moskvanın Minskə “İsgəndər” operativ-taktiki raketlərini verməkdən imtina etməsindən sonra işlənib hazırlanıb. Bu silah prezident Lukaşenkoya “bəzi qüvvələrin fəallaşmasına cavab olaraq” lazım idi. Lakin Rusiya raketləri verməkdən imtina edib, əvəzində təklif edib ki, Rusiya ordusunun “İsgəndər”lərlə silahlanmış birləşməsi Belarus ərazisində dislokasiya olunsun. Bu variant isə Lukaşenkonu qane etməyib və Belarus hərbi sənayesi Çinlə birlikdə taktiki-texniki göstəriciləri “İsgəndər” raketlərinə uyğun olan raket kompleksinin işlənib hazırlanmasına başlayıb.

“Polonez” kompleksləri ilk dəfə 2015-ci ildə Minskdə hərbi parad zamanı nümayiş etdirilib. Daha sonra raketlər poliqonda sınaqdan keçirilib və 450 kiloqramlıq döyüş başlığına malik raketlər 300 kilometr məsafədə hədəfi 10-20 metr dəqiqliklə vurub. Çinin A-200 raketləri ilə təchiz edilən, Belarus hərbi sənayesinin idarəetmə sistemi ilə hədəfə yönləndirilən “Polonez” kompleksləri yüksək dəqiqlikli silah sistemi kimi özünü doğruldub.

Hərbi-sənaye kompleksindəki mənbə “Kommersant”a deyib ki, Azərbaycan çoxdandır qiymət amilinə görə Belarus hərbi sənaye kompleksinin məhsullarına maraq göstərir. İndi isə “Polonez”lərin taktiki-texniki göstəriciləri Azərbaycan silahlı qüvvələrinin tələbatına uyğundur. Mənbə Belarusun Azərbaycana “Polonez” kompleksləri satmasının Ermənistanda narazılıq doğuracağını da deyib.

Qeyd edək ki, Azərbaycan silahlı qüvvələrinin kvaziballistik trayektoriya ilə hərəkət edən, raket əleyhinə sistemlər tərəfindən tutulmayan və 300 kilometr radiuslu raketlərə tələbatı Rusiyanın 2016-cı ilin aprel döyüşlərindən sona Ermənistana 4 “İsgəndər” operativ-taktiki raket kompleksi verməsindən sonra yaranıb. Bu raketləri alandan sonra Ermənistan rəhbərliyi hər addımda lovğalanaraq Azərbaycanla hərbi tarazlığa nail olduqlarını iddia edirdi. İndi isə Azərbaycan Belarusdan daşıdığı raketlərin sayına və deməli atəş gücünə görə “İsgəndər” komplekslərindən daha üstün olan 10 “Polonez” kompleksi alır. Bir “Polonez” kompleksi hər biri 450 kiloqram döyüş başlıqlı 8 raket daşıyır. Müqayisə üçün “İsgəndər” kompleksi hər biri 500 kiloqram döyüş başlıqlı cəmi iki raketə malikdir. Yəni indiki halda Ermənistanın malik olduğu 4 “İsgəndər” kompleksi eyni vaxtda maksimum 8 raket buraxa bilərsə Azərbaycanın əldə edəcəyi 10 “Polonez” kompleksi 80 belə raketlə eyni vaxtda zərbə endirməyə imkan verəcək.

F.Məmmədov


0 0



Şərhlər (Facebook)