Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycanda ən uzun ömürlü rektorlar - Araşdırma


Azərbaycanda ən uzun ömürlü rektorlar - Araşdırma
Bir neçə gün öncə Mədəniyyət və İncəsənət Universitetində 27 ildir rektor işləyən 69 yaşlı Timuçin Əfəndiyev vəzifəsindən azad edildi . O, 1987-ci ildən (27 il) həmin vəzifəni tuturdu ki, bu da rektorlar arasında rekord göstərici idi. Azərbaycandakı dövlət universitetlərində çalışan rektorların bir çoxunun 10 ildən artıqdır rektorluq təcrübəsi var. Beləliklə, ən yaşlı və ən cavan universitet rektorları kimdir? Hansı rektorun bu vəzifə üzrə təcrübəsi daha çoxdur?
Araşdırmaya görə, hazırda ən az rektorluq təcrübəsi olan şəxs bir neçə gün öncə - mayın 2-də Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinə gətirilən 53 yaşlı Fərəh Əliyevadır.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev 1987-ci ildən bu vəzifəni icra edir. 27 ildir ki, rektordur. 77 yaşlı rektor həm də Milli Məclisin deputatıdır.
Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov 22 ildir ki, bu ali təhsil ocağın rəhbəridir. Həm deputat, həm də rektor olan Əhliman Əmiraslanov 67 yaşındadır.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov 64 illik ömrünün 15 ilini rektorluq vəzifəsinə sərf edib. 1999-cu ildən Bakı Dövlət Universitetinin rektorudur. O, rektor olmaqla yanası, həm də deputatdır.
Xarici Dillər Universitetinin rektoru Səməd Seyidov 2000-ci ildən rektor vəzifəsinə təyin olunub. Həm deputat, həm də 14 ildir rektor olan Səməd Seyidovun 50 yaşı var.
Bakı Slavyan Universitetinin rektoru da yeni simadır. Bu il martın 17-də sözügedən vəzifədə Kamal Abdullanı əvəzləyən Asif Hacıyev cəmi 1 aylıq rector təcrübəsinə malikdir. Onun 54 yaşı var.
Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova 2000-ci ildən rektor vəzifəsini tutur. 61 yaşlı rektor 14 ildir ki, bu vəzifədədir. O həm də millət vəkilidir.
Sumqayıt Dövlət Universitetinin rektoru da yeni təyin olub. 2000-ci ildən rektor postunu tutan Nadir Qəhrəmanov bir müddət öncə vəzifədən azad edildi. Bu il martın 6-da prezidentin sərəncamı ilə 66 yaşı Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinə rektor gətirildi.
Azərbaycan Dövlət İqtisad Universitetində də rektor bu il dəyişdi. 10 il rektor kürsüsündə əyləşən 64 yaşlıdeputat Şəmsəddin Hacıyev martın 5-də bu postla vidalaşmalı oldu. İqtisad Universitetinin yeni rektoru Ədalət Muradovun 52 yaşı var.
Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı 2005-ci ildən rektor vəzifəsindədir. 9 ildir bu vəzifədə çalışan 64 yaşlı A.Naxçıvanlı həm də Milli Məclisin deputatıdır.
Azərbaycan Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov 2006-cı ildən (8 il) rektor vəzifəsində çalışır. Onun 64 yaşı var.
Prezident Yanında İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov 2011-ci ildən rektor postuna təyin olunub. Rektorun 71 yaşı var.
Xatırladaq ki, rektorlar ölkə başçısının sərəncamı ilə bu vəzifəyə təyin olunurlar.modern.az


0 0



Şərhlər (Facebook)