Azərbaycan İnformasiya Agentliyi (AİA)


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Qarabağla bağlı irad...


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Qarabağla bağlı irad...

Sirr deyil ki, Ermənistan bu gün Dağlıq Qarabağ münaqişəsinin yenidən hərbi müstəviyə keçə biləcəyindən çox ehtiyatlanır və bu baş verərsə, bütün ümidlərini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) bağladığını da açıq bəyan edir. Bir müddət əvvəl Rusiyanın Ermənistanın Gümrü şəhərində dislokasiya olunmuş 102 saylı hərbi bazasının komandanı, polkovnik Andrey Ruzinskinin verdiyi açıqlamalar ermənilərin bu istiqamətdə daha çox arxayınlaşmasına səbəb olub.
Xatırladaq ki, Ruzinski bildirib ki, hərbi bazanın cavabdeh olduğu bölgədə hərbi-siyasi vəziyyət erməni-azərbaycanlı münaqişəsi regionunda qarşıdurmanın alovlanmasının mümkünlüyü ilə əlaqədar bir sıra qeyri-sabitlik yaradan faktorlarla xarakterizə olunur: "Azərbaycan rəhbərliyi tərəfindən Dağlıq Qarabağ üzərində öz hüquqi yurisdiksiyasını güc yolu ilə bərpa etmək barədə qərar qəbul olunarsa, Rusiya Federasiyasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsindəki hüquqi öhdəliklərinə uyğun olaraq hərbi baza silahlı münaqişəyə qoşula bilər".
Məsələyə yenidən toxunan rusiyalı ekspert Mixail Tişenko isə prosesləri tam fərqli prizmadan qiymətləndirir. Onun sözlərinə görə, müharibə yenidən başlayacağı halda Rusiyanın özünü necə aparacağı sualına birmənalı cavab yoxdur. Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə Ermənistanın müttəfiqi olduğunu bildirən ekspert bununla belə qeyd edir ki, tanınmamış Dağlıq Qarabağın bu quruma aidiyyəti yoxdur: "Ermənistan ərazisində Rusiyanın hərbi bazası yerləşdirilib. 1992-ci ildə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsində nəzərdə tutulur ki, üzv ölkələrdən birinə hücum onun müttəfiqlərinə hücum kimi qiymətləndirilir. Müttəfiqlər bu halda hücuma məruz qalan tərəfə, hərbi də daxil olmaqla, lazımı kömək göstərirlər. Əslində isə bu razılaşma tanınmamış Dağlıq Qarabağ Respublikasına aid deyil. Faktiki olaraq Azərbaycan hakimiyyətinin nəzarətində olmamasına baxmayaraq, Dağlıq Qarabağ de-yure Azərbaycanın ərazisi hesab edilir və Rusiya da buna etiraz etmir. Ermənistana gəlincə, o, Dağlıq Qarabağı dəstəkləyir və oranı özünün ərazisi hesab etmir. Amma İrəvan Dağlıq Qarabağın müstəqilliyini tanımaqdan da ehtiyat edir. Hesab edirlər ki, bu, Azərbaycanı müharibənin yenilənməsinə sövq edə bilər. KTMT razılaşmasının Rusiyanın Dağlıq Qarabağ müharibəsinə müdaxiləsi üçün əsas vermədiyi Bakıda da dilə gətirilir. Bakıda hesab edirlər ki, Azərbaycan ordusu işğal edilmiş torpaqların azad edilməsinə başlayarsa və Ermənistan ərazisinə hücum etməzsə, o halda Rusiya və KTMT-nin başqa üzv ölkələrinin müdaxilə üçün əsasları olmayacaq". Onun sözlərinə görə, KTMT üzvü olan ölkələrin ittifaq öhdəlikləri yalnız onlardan birinə birbaşa hücum olduğu halda qüvvədə olmur: "Müqavilənin ikinci maddəsi təşkilat üzvlərinin "təhlükəsizlik və sabitliyin təhdidi" ilə qarşılaşan müttəfiq dövlətə yardım göstərməsini nəzərdə tutur. Dağlıq Qarabağı dəstəkləyən Ermənistan üçün hərbi münaqişənin yenilənməsi, sözsüz ki, yuxarıda göstərilən təhlükələrlə nəticələnir. KTMT rəhbərliyi də öz növbəsində yaxın günlərdə bildirib ki, təşkilat daxilində yaradılan sülhməramlı güclər gələcəkdə öz zonasından kənarda sülh əməliyyatlarında iştirak etmək məsuliyyətini üzərinə götürəcək. Düzdür, KTMT-nin baş katibi Nikolay Bordyuja bu güclərin bilavasitə Dağlıq Qarabağda fəaliyyət göstərməsi məsələsinə baxılmadığını iddia edir. O, Azərbaycan və Ermənistan arasında yeni müharibə olacağı halda KTMT üzvlərinin necə davranacağı ilə bağlı suala konkret cavab verməyib".
Onu da xatırladaq ki, Nikolay Bordyuja bir məsələyə də diqqtə çəkərək bildirmişdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qarşısında öz sülhməramlı qüvvələrini Dağlıq Qarabağ və ya Dnestryanı münaqişə zonalarına yeritmək vəzifəsi heç vaxt dayanmayıb. O bildirib ki, KTMT sülhməramlılarının hansısa qaynar nöqtəyə və ya "dondurulmuş" münaqişənin olduğu əraziyə yeridilməsi vəzifəsi onların qarşısında heç vaxt qoyulmayıb. İstənilən halda isə hesab olunur ki, KTMT-nin Qarabağ münaqişəsinə müdaxiləsi üçün heç bir hüquqi əsası yoxdur.

Tahir TAĞIYEV


0 0



Şərhlər (Facebook)