Azərbaycan İnformasiya Agentliyi (AİA)


Yoxsulluğun və işsizliyin girdabında çabalayan Ermənistanı tərk edənlərin sayı artır


Yoxsulluğun və işsizliyin girdabında çabalayan Ermənistanı tərk edənlərin sayı artır
Dağlıq Qarabağda işğalçi siyasət yürüdən Ermənistanın daxilində vəziyyət günbəgün ağırlaşır. Yoxsulluğun və işsizliyin artması ermənilərin köç edib miqrant həyatı yaşamalarının əsas səbəblərindən biri sayılsa da, prosesin daha da sürətlənəcəyi istisna deyil. Çünki bu gün Ermənistanda normal yaşamaq sanki ağır müharibələrdə vuruşmaqdan da çətin olub. Ermənistanda təbii qazın və elektrik enerjisinin qiymətlərinin növbəti dəfə artması isə sosial məngələr içində boğulan əhalinin vəziyyətini lap dözülməz həddə çatdırıb. İndi işğalçı ölkədə yoxsulluq və işsizlik hətta Dağlıq Qarabağ problemini də geridə qoyaraq, demək olar ki, prioritet sayılır.
Xatırladaq ki, bu yaxınlarda Ümumdünya Bankı (ÜB) Ermənistan əhalisinin təxminən 32,5 faizinin yoxsulluq səviyyəsində yaşadığını rəsmən bəyan etmişdi. Qeyri-rəsmi məlumatlarda isə bu rəqəmin daha böyük olduğu bildirilir. ÜB-nin təqdim etdiyi bu rəqəmləri rəsmi İrəvan da tanıyır. Deməli, dolayısı ilə də olsa, Ermənistan rəhbərliyi ölkənin sosial-iqtisadi vəziyyətinin dözülməz olduğunu etiraf edir.
Ermənistanın baş naziri Tiqran Sarkisyan da erməni mətbuatına açıqlamasında Ümumdünya Bankının rəsmi statistikasını qəbul etdiklərini, 32,5 faizlik yoxsulluğun aradan qaldırılması üçün müəyyən işlərin görüləcəyini bildirib. T.Sarkisyan hesab edir ki, yeni iş yerlərinin açılması yoxsulluğun azalmasına səbəb olacaq. Baş nazirin sözlərinə görə, yoxsulluğun artmasına əsas səbəb təhsil sisteminin aşağı səviyyədə olmasıdır. "Yoxsul ailələr övladlarının keyfiyyətli təhsil almalarına mane olmamalıdır", deyə baş nazir əlavə edib. Onda Tiqran Sarkisyana sual verilə bilərdi ki, ailəsini dolandıra bilməyən valideynlər hansı vəsaitlə uşaqlarını məktəblərə göndərməlidir? Yeri gəlmişkən vurğulayaq ki, elə bu amilin uşaq əməyinin istismarına təsir çox böyükdür.
Ermənistan vətəndaşlarının ölkəni tərk etməsinə toxunan hökumət başçısı bunu da yoxsulluq və işsizliklə əlaqələndirib: "Miqrasiya probleminə kompleks yanaşmaq lazımdır. Nəzərə alsaq ki, ölkə əhalisinin 32,5 faizi yoxsulluq həddindədir, onda siz də təsəvvür edin ki, Ermənistandan gedənlərin qarşısını almaq asan məsələ deyil."
Göründüyü kimi, faktlar qarşısında aciz qalan Ermənistan rəhbərliyi əslində yenə də öz vətəndaşlarını aldatmaqla, onlara yalan vədlər verməklə məşğuldur. Ermənistanda rüşvət və korrupsiyanın yüksək həddə olması, insan hüquqlarının kobud şəkildə və kütləvi pozulması və s. Ermənistanı tərk etmənin əsas səbəblərindəndir. Təbii ki, baş nazir Tiqran Sarkisyan bunları dilinə gətirə bilməzdi. Əks halda onun dilinə elə yerindəcə köz basardılar.
Heç şübhəsiz, Sarkisyanın yeni iş yerlərinin açılmasını vəd etməklə problemin çözüləcəyini deməsi "qış nağılı"na bənzəyir. Ən əsası ona görə ki, Ermənistanda yeni iş yerlərinin açılacağı üfüqdə belə görünmür. O üzdən ehtimal etmək olar ki, yaxın aylarda Ermənistanı tərk edənlərin sayı rekord həddə çatacaq. Hətta ermənilərin Azərbaycanla sərhəddən keçib əsgərlərimizə təslim olmaları hallarının intensiv hal alacağı da istisna deyil. Digər tərəfdən, Ermənistan iqtidarı fevral ayında Gömrük İttifaqına (Gİ) üzv olmaqla ölkənin sosial-iqtisadi vəziyyətinin düzələcəyilə bağlı növbəti yalan vədlərini verməkdədir. Əvvəla, Gİ Rusiyanın təşəbbüsü ilə yaradılır və RF-nin köhnə "forpostu" olan İrəvanın Kremlin sözündən çıxması ağılsızlıq olardı. Ermənistanın Gömrük İttifaqına üzv olmasının isə ona inkişafdan çox faciələr gətirəcəyi daha çox inandırıcıdır.
Yeri gəlmişkən, bu barədə Ermənistandakı bəzi qüvvələr də artıq xəbərdarlıqlarını edib. Məsələn, Ermənistanın sabiq baş naziri, Ermənistan Milli Konqresinin parlament farksiyasının üzvü Hrant Baqratyan keçirdiyi mətbuat konfrasında Ermənistanın Gömrük İttifaqına üzv olmaqla müstəqilliyinin bir hissəsini itirəcəyini bildirib: "Ermənistanın Gİ-yə daxil olması rəsmi İrəvanın ölkənin gömrük nəzarətini tam itirməsi deməkdir. Bundan başqa, Ermənistan xarici qiymətli kağızlarla bağlı vəsaitləri ölkəyə cəlb edə bilməyəcək ki, bu da pensiya fondunun vəsaitinə təsir edəcək."
Baqratyanın proqnozuna görə, təxminən 2 il ərzində iqtisadi inkişafdan geri qalacaq Gİ vahid valyuta tətbiq edəcək, bu isə faktiki Ermənistan Mərkəzi Bankının fəaliyyətini sıfıra endirəcək. Eks-baş nazir bildirib ki, ümumilikdə götürdükdə də Ermənistanın Gömrük İttifaqına üzv olması əlverişsizdir: "Birdən-birə alkoqollu içkilərin, siqaretin, ətin, avtomobillərin və iqtisadi sferada digər məhsulların qiymətinin artırılması Ermənistanı faciəvi vəziyyətə gətirəcək."
Güman etmək olar ki, Ermənistanı ən azı bu vəziyyət gözləyir. Öz hakimiyyətini qorumaq naminə bütün resurslarını işə salan hazırkı Ermənistan iqtidarını elə ermənilərin öz qatili saymaq olar. Yaxud bunu prezident Serj Sarkisyan hakimiyyətinin öz vətəndaşlarına etdiyi "mədəni terror" da adlandırmaq olar. Normal düşüncəli insanlar isə artıq çoxdan başa düşüblər ki, Ermənistanın dövlət kimi dirçəlməsinin, sosial-iqtisadi tərəqqiyə nail olmasının, işsizliyin və yoxsulluğun aradan qaldırılmasının yolu Dağlıq Qarabağ və ona bitişik ərazilərin işğalından əl çəkməsindən keçir.

Ədalət ƏLİYEV


0 0



Şərhlər (Facebook)