Azərbaycan İnformasiya Agentliyi (AİA)


Səfirlərin rəsmi qəbula milli geyimdə getməsi doğrudurmu..


 Səfirlərin rəsmi qəbula milli geyimdə getməsi doğrudurmu..
“Diplomatik etiket qaydaları var, amma tövsiyə şəklindədir, məcburiyyət xarakteri daşımır”
Bir neçə gün öncə Mərakeşin Azərbaycana yeni təyin olunmuş səfiri Məhəmməd Adil Embarşın etimadnaməsi prezident tərəfindən qəbul edilib. Səfirin etimadnamənin qəbulu mərasiminə qeyri-adi görünən geyimdə, “şəpit”ə oxşar ayaq geyimində qatılması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Mərakeşin milli geyimində olmasına baxmayaraq səfirin diplomatlara xas kostyumda olmaması diqqətdən yayınmayıb və suallar yaradıb.
Ümumiyyətlə, səfirlərin diplomatik görüşlərdə, xüsusilə də dövlət başçılarına etimadnamələrini təqdim edən zaman milli geyimlərində olmaları diplomatik etiket sarıdan doğrudurmu?
Politoloq Qabil Hüseynli bildirdi ki, diplomatik etiket qaydaları var, amma tövsiyə şəklindədir, məcburiyyət xarakteri daşımır. Rəsmi görüşlərdə, ziyafətlərdə tətbiq edilən geyim qaydaları diplomatik etiketdə göstərilir. Amma məcburiyyət olmadığından bəzi dövlətlər öz milliliyini sanki nəzərə çatdırırmış kimi və eyni zamanda guya sadə bir formada özlərini təqdim etmək üçün səfirləri rəsmi görüşlərdə diplomatik etiket qaydalarına daxil olmayan milli geyimlər geyinirlər: “Mən inanmıram ki, həmin şəxslər öz ölkələrində də bu cür geyimlər geyinsinlər. Düzdür, ərəb ölkələrinin bəzilərində, məsələn, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt kimi ölkələrdə geyim forması bir qayda olaraq milli xarakter daşıyır. Buna milli xarakterdən daha çox dini xarakter daşıyır desək, yanılmarıq. Onlarda bu məcburi surətdə hər kəsə tətbiq edilir. Mən Misirdə, Səudiyyədə və digər bir neçə ərəb ölkələrində rəsmi səfərlərdə iştirak etmişəm. O ölkələrdə küçədə milli geyimdə dolaşan insanlarla yanaşı, avropasayağı geyinən şeyxlərə rast gəlmək olur. Mərakeş də islam dininin fundamental şəkildə oturuşduğu və islam qaydalarının tətbiq edildiyi bir ölkədir. Bu ölkədə islami adət-ənənələrə üstünlük verilir və eyni zamanda bu islami adət-ənənələr guya milli xarakter daşıyırmış kimi cəmiyyətə təqdim edilir. Mərakeş və bu kimi ölkələrin səfirləri təkcə Azərbaycanda deyil, digər ölkələrdə də dövlət rəhbərlərinə etimadnamə təqdim edərkən milli geyimlərində olurlar. Şəxsən mən bunu alqışlamıram. Hesab edirəm ki, diplomatik fəaliyyət xüsusi geyim qaydaları tələb edir. Bir ölkənin prezidenti başqa bir ölkəyə rəsmi səfər edirsə, orada onun şərəfinə rəsmi ziyafət verilirsə, ziyafət zamanı geyim qaydaları fərqli olur və məcburi xarakter daşıyır. Frak geyinməlisən, fraka uyğun qalstuk taxmalısan və sair. Səfirlər yaxşı olar ki, rəsmi qəbullarda diplomatik etiketə uyğun geyimdə olsunlar. Diplomatik missiya yerinə yetirən insanlar üçün rəsmi görüşlərdə milli geyimdə olmaq o qədər yaraşıqlı, rəsmiyyətə uyğun görünmür. Bütün bunlar millilikdən daha çox sivilizasiyanın tələblərindən uzaqlaşmaq kimi də yozula bilər”.



0 0



Şərhlər (Facebook)