Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Müharibə ehtimalı 90 faizə yaxındır”


Eldar Namazov: “Müharibə ehtimalı 90 faizə yaxındır”
“Ermənistanın siyasi rəhbərliyi artıq siyasi qərarını verdi ki, torpaqları qaytarmalı olacaqlarsa, qoy Azərbaycan bunu müharibə yolu ilə alsın, nəinki biz onun altından imza ataq”
Daha bir erməni alim Bakıda təsis olunan “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulduğunu açıqlayıb. Azərbaycan maraqlı bir proses başladıb, ancaq işğalçı ölkə bu prosesi ya sükutla müşayiət edir, ya da vaxtaşırı cəbhədə gərginliyi artırmaqla, təxribatlar törətməklə “reaksiya verir”. Sülh Platforması ilə bağlı Azərbaycan Naminə İctimai Forumun prezidenti, politoloq Eldar Namazovla danışdıq.

- Eldar bəy, Azərbaycan tərəf işğala məruz qalsa da, sülh tərəfdarı kimi prinsipial mövqe sərgiləyir, ancaq işğalçı ölkənin rəhbərliyi sanki bu prosesi görməzdən gəlir. Siz bu prosesi necə dəyərləndirirsiniz?

- Aprel döyüşlərindən sonra Ermənistan cəmiyyətində çox ciddi parçalanma meydana gəlib. Hiss olunur ki, Ermənistan hakimiyyəti özü artıq siyasi qərar verib ki, danışıqlar yolu ilə heç bir güzəştə getməyəcəklər və onlar torpaqları sülh yolu ilə azad etməyə hazır deyillər. Bu, onun göstəricisidir ki, onlar əslinə qalsa, qorxu içindədirlər.
Onlar pis və ondan da pis variant arasında seçim etməli olurlar. Onlar üçün müharibə yolu ilə torpaqları qaytarmaq daha məqbul sayılır, nəinki sülh, danışıqlar yolu ilə. Ona görə ki, biz torpaqları müharibə ilə qaytarsaq, onlar həmişə müxtəlif bəhanələr tapacaqlar ki, “neftimiz, qazımız yoxdur, Rusiya köməklik eləmədi”. Ancaq sülh, danışıqlar yolu ilə torpaqların azad olunmasının altına imza atmaqdan onlar daha çox qorxurlar. Qorxurlar ki, radikal, millətçi qruplar tərəfindən hətta terrora da məruz qala bilərlər və onların üzərinə milli xəyanətkar damğası da vurula bilər. Ona görə də mənə elə gəlir ki, Ermənistanın siyasi rəhbərliyi artıq siyasi qərarını verdi ki, torpaqları qaytarmalı olacaqlarsa, qoy Azərbaycan bunu müharibə yolu ilə alsın, nəinki biz onun altından imza ataq.
Amma Ermənistan cəmiyyətində başqa istiqamətdə bir canlanma yarandı. Bir tərəfdən Levon Ter-Petrosyan bəyan etdi ki, “mərhələli plan”la sülh sazişi imzalanmalıdır və bu şüarla da biz seçkilərə gedirik. Artıq belə bir siyasi blok formalaşıb, “mərhələli plan”a dəstəklə parlament seçkilərinə gedir. Siz də bilirsiniz ki, biz rəsmi olaraq “mərhələli plan”ı dəstəkləyirik. Vaxtilə Heydər Əliyevin dövründə də, Ter-Petrosyan hakimiyyətdə olanda da onlar hər ikisi mərhələli plana razılıq vermişdilər. Başqa bir istiqamətdə ümumiyyətlə “sıfır” variantına, 80-ci illərin əvvəllərinə qayıtmaq ideyasıdır ki, bu, ermənilər tərəfindən bir yanlış addım olub, torpaqlar qaytarılsın və erməni icması da Azərbaycanın tərkibində muxtariyyət statusu alsın. Bax, erməni cəmiyyətində belə bir parçalanma mövcuddur və biz bunu görürük. Ona görə də cəbhə bölgəsində müxtəlif təxribatlar törədirlər, bunlar Ermənistan hakimiyyəti tərəfindən təşkil olunur. Ancaq Ermənistanın içərisində başqa istiqamətdə də müəyyən parçalanmalar mövcuddur. O cümlədən siz dediyiniz kimi, Ermənistan cəmiyyətində Sülh Platformasına qoşulanlar da gün-gündən artır.

- Eldar bəy, Azərbaycan cəmiyyətində də bəzən Sülh Platforması ilə bağlı etirazlar ifadə olunur, bunu barışıq, təslimçilik kimi qələmə verənlər var. Siz yəqin ki, bu platformanın məram-məqsədindən məlumatlısınız. Narahatlığa əsaslar varmı?

- Təəssüf ki, Azərbaycanda bir çoxları Sülh Platforması ilə geniş tanış deyil. Müxtəlif bəyanatları eşidirlər ki, o platformaya filankəs qoşuldu, çünki sülhün, diplomatik yolla həllin tərəfdarıdır. Cəbhə bölgəsində olan insanlarda etiraz edir ki, döyüşlər gedir, biz şəhid veririk, hansı sülhdən söhbət gedə bilər. Ancaq bir çoxları bilmir ki, o sənəddə nələr əksini tapıb. O sənəddə konkret qeyd olunub ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət statusu alır, qaçqınlar doğma yurd-yuvalarına qayıdır. Yəni bu sənəddə Azərbaycanın istədiyi bütün məqsədlər, bizə lazım olan bəndlər mövcuddur.

- Şəxsən siz Sülh Platformasına qoşulacaqsınızmı?

“Erməni cəmiyyətində məhz aprel döyüşündən sonra ikinci müharibədən canlarını qurtarmaq, sülh yolu ilə Azərbaycan və Türkiyə ilə barışmaq yolu tutan adamlar çoxalıb”

- Bu yaxınlarda bizim Qarabağ Şurasının növbəti iclasında ölkənin tanınmış ekspertlərinin iştirakı ilə müzakirə olunurdu.

Ümumi rəy o oldu ki, bu sənədə dəstək vermək və beynəlxalq qurumlarla danışıqlarda bu sənəddən istifadə etmək lazımdır. Qarabağ Şurası da bununla bağlı qərar qəbul etdi. Daha vacib olan odur ki, Ermənistan tərəfdən insanlar bəyanat verib bu sənədə qoşulurlar. Bu, onu göstərir ki, erməni cəmiyyətində məhz aprel döyüşündən sonra ikinci müharibədən canlarını qurtarmaq, sülh yolu ilə Azərbaycan və Türkiyə ilə barışmaq yolu tutan adamlar çoxalıb. Bir tərəfdən Ermənistan hakimiyyəti öz məkrli niyyətlərini həyata keçirir, faktiki olaraq bizi müharibəyə sövq edir. Ancaq eyni zamanda Ermənistan cəmiyyəti də həm güclərin balansını daha dəqiq başa düşür, eyni zamanda erməni cəmiyyətində vaxtilə buraxılan səhvləri etiraf edib Azərbaycanla, Türkiyə ilə barışığa getmək meylləri güclənib.

- Beynəlxalq aləmin, aparıcı paytaxtların Sülh Platformasına reaksiyası da adekvat deyil. Sanki onlar da Bakının bu addımını gözləmirmişlər və Azərbaycanın sülhə yönəlik konkret təşəbbüslərini sükutla qarşılayırlar. Niyə?

- Təbii ki, erməni təbliğat maşını bu təşəbbüsün əleyhinə bütün dünyada işləyir. Ancaq Qarabağ kimi ciddi problemlə üz-üzə qalan xalq olaraq gərək biz də nəzərə alaq ki, bunun yalnız hərbi, yaxud yalnız sülh yolu yoxdur. Bütün hallarda bunun həlində güc amili, həmçinin müəyyən bir diplomatik addımlar, təbliğat da öz rolunu oynamalıdır. Gücün olmayanda təbliğat aparmağın da mənası yoxdur, diplomatik səylər də nəticə verməyəcək. Yalnız gücdən istifadə edəcəksənsə, o gücdən istifadə edəndə bunun təbliğatını düzgün qurmayacaqsansa, bunun ətrafında diplomatik addımlar atmayacaqsansa, o da dünyada düzgün başa düşülməyəcək. Ona görə də biz hər iki istiqamətdə ciddi işləməliyik. Həm ordunun daha da güclənməsi və işğalçıya layiqli cavabın verilməsi, torpaqlarımızın azad olunmasına tam hazır olmalıyıq, eyni zamanda dünya ictimaiyyəti, beynəlxalq təşkilatlarla həm diplomatiya sahəsində, həm vətəndaş cəmiyyəti səviyyəsində işlərimizi qurmalıyıq.
Bu, yeni təşəbbüs olduğuna görə təbii ki, onun mahiyyətini dünya ictimaiyyətinə addımbaaddım çatdırmaq üçün vaxt lazımdır. Yəqin ki, bu işlərin aparılmasında bizim Qarabağ problemi üzrə tanınmış mütəxəssislər, ekspertlər də öz səylərini əsirgəməyəcəklər.

- Eldar bəy, Qarabağ münaqişəsi başlayandan Azərbaycanın dəfələrlə sülhə yönəlik addımları olub, ancaq işğalçı tərəf sülh jestinə silahla qarşılıq verib, hətta 1991-ci ildə danışıqlara gedən dövlət xadimlərimizi məhv ediblər. Budəfəki sülh təşəbbüsü nəticə verməsə, nə baş verəcək? Hesab etmək olarmı ki, Azərbaycan işğala son vermək üçün Ermənistana sonuncu dəfə şans verib?

- Mən hesab edirəm ki, müharibə ehtimalı günü-gündən artır. Aprel döyüşlərindən sonra sizin qəzetinizdə bu mövzunu müzakirə edəndə mən qeyd etmişdim ki, diplomatik canlanma olacaq, ancaq müharibə ehtimalı yenə də təxminən 70-in 30-a nisbətində üstünlük təşkil edir. İndi bu nisbət daha çox dəyişib. Artıq müharibə ehtimalı 90 faizə yaxındır. Dedim kimi, Ermənistan hakimiyyəti artıq öz qərarını verib ki, onlar sülh sazişinə imza atmaq istəmirlər. Torpaqlar Azərbaycana qayıdacaqsa, bunun da hərbi yolla baş verməsini az ziyanlı sayırlar, nəinki danışıqlar yolu ilə olmasını. Ona görə də müharibə ehtimalı daha da artır.
Ancaq nəzərə alsaq ki, Ermənistan cəmiyyətində müəyyən parçalanmalar var, bəzi siyasi partiyalar tərəfindən Azərbaycan və Türkiyə ilə barışığa açıq çağırışlar edilir, bu ideya ətrafında seçki blokları yaradılır, vətəndaş cəmiyyətindən Sülh Platformasına qoşulanlar artır. Bütün bunları nəzərə alaraq, biz həm Ermənistan cəmiyyəti, həm də beynəlxalq təşkilatlarla təbliğat və diplomatik işimizi gücləndirməliyik. Dediyim kimi, bu qələbədə həmişə güc amilinin də, həmçinin diplomatik səylərin də, təbliğat işlərinin də öz rolu və payı olur. Ona görə də bu vacib istiqamətlərdə biz öz işlərimizi aparmalıyıq.


Elşad PAŞASOY



10.03.201709:50 1749


0 0



Şərhlər (Facebook)